“Dünyada deputatlıqla bağlı yaş senzi yoxdur, odur ki…” – DEPUTAT

Millət vəkillərinin yaş məsələsinin gündəmə gətirilməsi çox gülməli məsələdir. Bunu müzakirə və ittiham obyektinə çevirənlər bir dönüb özlərinə baxsınlar, baxsınlar və görsünlər ki, nə qədər gülməli duruma düşürlər. Çünki dünyanın heç bir yerində deputatlıqla bağlı seçilmək məhdudiyyəti və yaş senzi yoxdur.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

“Bu insanlar heç olmasa, “müzakirə” açarkən və “ittiham” edərkən heç olmasa, bir qanunları açıb vərəqləsinlər, bir dünyanın gedişatından, nələrin baş verdiyindən xəbərdar olsunlar. Bilmədikləri məsələlərdən danışmasınlar. Danışdıqca, daha da rəzil və gülməli duruma düşürlər”-deyən millət vəkilinin sözlərinə görə,  bu gün Azərbaycan parlamentdə həm cavanlar, həm orta nəslin, həm də yaşlı nəslin nümayəndələri təmsil olunurlar.

“Hər biri də öz üzərlərinə düşən vəzifələrin, funksiyaların öhdəsindən uğurla və layiqincə gəlirlər. Eyni zamanda, parlamentdə yaşlı nəslin nümayəndələrinin olması özü bir təcrübədir, bir üstünlükdür, bir dəyərdir. Çünki onlardan hər mənada öyrənilməli çox məsələlər var. Onlar illərin təcrübəsinə malidirlər, hörmət-izzət, nüfuz sahibləridirlər, hər mənada örnəkdiklər.

eldeniz qardaş

meclis-oqtay-1

Məsələn, Eldar İbrahimov, Əhliman Əmiraslanov, Ziyad Səmədzadə, Zeynəb Xanlarova, Yaqub Mahmudov, Arif Rəhimzadə, Hadi Rəcəbli, Hüseynbala Mirələmov  və digərləri hər birimiz üçün örnək olacaq və olan insanlar, Azərbaycanımızın fəxri sayılan şəxsiyyətlərdir. Onlar öz keçdikləri həyat yolu, təcrübələri, hörmət-izzətləri ilə parlamentimizin işinə, qanunyaradıcılığı prosesinə öz müsbət töhfələrini veriblər və verməkdədirlər.

eldar-iran

Yeri gəlimişkən, mən özüm parlamentin iki komitəsində təmsil olunuram. Təmsil olunduğum komitələrdən biri də Aqrar siyasət komitəsidir. Bu komitəyə də illərdir çox hörmətli ağsaqqalımız, tanınmış ictimai-siyasi xadim Eldar müəllim rəhbərlik edir. Çox fəal, çox işgüzar, çox aktiv, çox enerjili insandır. Başdan-ayağa müsbət təcrübə, örnək bir insandır. Fəxr edirəm ki, məhz onun sərdlik etdiyi komitənin üzvüyəm. İndi Eldar müəllim və yaxud digərləri nisbətən yaşlıdır deyə, kənarda qalmalıdırlar? Bu, nə düşüncədir? Bu, nə yanaşmadır? Əslində bizim onlara böyük ehtiyacımız var.

Yaxud da, parlamentdə təmsil olunan orta yaşlı nəslin nümayəndələri-cavanlar illər keçdikcə öz təcrübələrini artırır, daha da peşəkarlaşırlar. Bu gün həmin insanlar Azərbaycan reallıqlarının, Azərbaycan həqiqətlərinin təbliğ edilməsində, dünyaya çatdırılmasında, eləcə də, qanunyaradıcılığı prosesində, qanunlarımızın təkmilləşdirilməsində əhəmiyyətli rol oynayırlar.

Yəni, deputalıq məsələsini yaşlı-cavan mərhələsinə, qrupuna bölmək olmaz və bu, düzgün deyil.  Həm də burada qərar verən, hakim seçicidir, seçməndir, vətəndaşdır. O, kimi istəyir seçir və seçəcək, istər yaşlı, istər orta yaşlı, istərsə də cavan, gənc olsun. Onun seçiminə kimsə qarışa bilməz. Odur ki, bu müzakirələri açıb, “bulanıq suda balıq tutmaq” iddiasında olanlar, özlərini boşuna yormasınlar, alınmayacaq, gedib bir işin qulpundan yapışsınlar, bəlkə nəsə əldə edərlər…”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Birinci çağırış Milli Məclisin üzvləri haradadır?

Read Next

“Əsrlər keçəcək, tarixdə bu sənəd qalacaq…” – ƏFLATUN AMAŞOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir