“Durumumuz, yoldaşımın səhhəti nəzərə alınaraq, Şəhid ailəsi kimi mənzillə təmin olunmağımızı istəyirik”-ŞƏHİD SÜBHAH ABDURƏHMANLININ ANASI MEHRİBAN ABDURƏHMANOVA ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRİ SAHİL BABAYEVƏ MÜRACİƏT ÜNVANLADI

Bakının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Sübhan Mahir oğlu Abdurəhmanlının anası Mehriban Abdurəhmanova Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudova müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli, nazir!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Mehriban Səftər qızı Abdurəhmanova İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Sübhan Mahir oğlu Abdurəhmanlının anasıyam. Sübhan mənim üç övladımdan biri olub. Övladım peşəkar hərbçi olub, Gizir rütbəsini Qürurla, Şəfərlə daşıyıb, heç zaman ona xələl gətirməyib.

Digər Vətən sevdalıları kimi, Sübhanım da İkinci Qarabağ Savaşının ilk saniyəsindən döyüşlərə, müharibəyə atılıb, ən qaynar bölgələrdə vuruşub, kəşfiyyatçı kimi qəhrəmanlıqlar göstərib, düşmənə qan udduran oğullardan olub. Müharibənin 6-cı günündə, oktyabrın 2-də isə Füzuli istiqamətində ağır döyüşlərdən birində öz dostunu-döyüş yoldaşını neytral ərazidən çıxararkən snayperlə vurulub, canından çox sevdiyi Vətəni, Qarabağı yolunda qəhrəmancasına həlak olub, Şəhidlik Məqamına ucalıb, Şəhidlik Zirvəsinə yüksəlib.

Nəşini isə 4 gün neytral ərazidə qaldıqdan sonra götürmək mümkün olub və övladım, gözümün nuru olan Sübhanım oktyabrın 7-də İkinci Fəxri Xiyabanda – əfsanəvi Mübariz İbrahımovun cərgəsində torpağa tapşırılıb.Ölümündən sonra Qəhrəmanlığına, İgidliyinə görə,  Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən 3 medalla- “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin alınmasına görə” medalları ilə təltif olunub.

Bir ana, bir valideyn kimi övladımla Fəxr edir, Qürur duyuram. Fəxr edir, Qürur duyuram ki, Sübhan kimi İgid və Qəhrəmanının anasıyam!

Müraciətdə sonra deyilir:

“Cənab, Sahil Babayev!

Müraciət etməklə, bir məsələni diqqətinizə çatdırmaq və həmin məsələnin həllinə dəstək olmağınızı Sizdən xahiş edirəm. Biz hazırda Bakının Xətai rayonunun “NZS” qəsəbəsində yaşayırıq. Nə mən işləyirəm, nə də həyat yoldaşım işləyir. Həyat yoldaşım həm də təqaüdçüdür və səhhətində də xeyli ciddi problemlər var. Yaşadığımız ev də köhnə evdir. Bir Şəhid ailəsi kimi də bu ilin yanvar ayından ev, mənzil növbəsinə dayanmışıq. Bu, həm Şəhidimizin, həm də Şəhid ailəsi kimi bizim Haqqımızdır. Müzəffər Ali Baş Komandanımız, ölkə Prezidenti cənab İlham Əliyev də bütün çıxışlarında hər bir Şəhid ailəsinin evlə, mənzillə təmin olunmasının vacibliyini dilə gətirib və bu istiqamətdə də görülən işlər göz qabağındadır.

Yüzlərlə, minlərlə Şəhid ailəsi evlə, mənzilə təmin olunub və olunmaqdadır. Artıq bildiyimizə görə, bir çox İkinci Vətən Müharibəsi Şəhidinin ailə üzvləri də Bakı şəhərində və digər bölgələrdə Haqları olan evlə, mənzillə təmin olunublar. Buna görə bir Şəhid anası olaraq çox sevinirəm. Eyni zamanda çox istərdim, çox istərdik ki, bizim də durumumuz, xüsusilə, yoldaşımın səhhəti nəzərə alnaraq, evlə, mənzillə təmin olunmağımız məsələmiz mümkün qədər tezləşdirilərdi. Bu, həm Şəhidimizin ruhunu sevindirər, həm də Şəhid ailəsi kimi bizə bir mənəvi və maddi dəstək olardı. Ona görə inanıram ki, müraciətim tərəfinizdən nəzərə alınacaq, müraciətimə xüsusi həssaslıqla yanaşılacaq və onun müsbət həlli istiqamətində addımlar atacaqsınız.

Öncədən də Sizə minnətdarlığımı ifadə edirəm”.

Etikxeber.az

Read Previous

“4 medallı Cəmilimiz bizim tək oğlumuz idi…İstərdik ki, övladımız, Şəhidimiz ölkəmizin ən yüksək ordenlərindən biri ilə təltif olunsun, üzünü görmədiyi diplomu bizə təhvil verilsin”-ŞƏHİD CƏMİL MƏMMƏDLİNİN ANASI AYGÜN MƏMMƏDOVADAN ÖLKƏ PREZİDENTİ İLHAM ƏLİYEVƏ MÜRACİƏT

Read Next

“Cavabımız çox ağır və amansız olacaq”-SABİQ MİLLƏT VƏKİLİ İRANI SƏRT TƏNQİD VƏ İTTİHAM ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir