“Ermənistan ərazisindən Gəncənin kasset tipli raket hücumuna məruz qalması gəncəliləri heç bir şəkildə qorxuda bilməz”-Hikmət Hacıyev – Düşmən bu dəfə Gəncəni atəşə tutdu-PREZİDENTİN KÖMƏKÇİSİ BƏYANAT VERDİ, MÜDAFİƏ NAZİRİ ERMƏNİSTANA XƏBƏRDARLIQ ETDİ, MÜDAFİƏ NAZİRLİYİ İŞĞALÇINI TƏKZİB ETDİ, PAKİSTAN SƏFİRİ ERMƏNİSTANIN HÜCUMUNU PİSLƏDİ… – YENİLƏNİB – (4)

Düşmən Gəncə şəhərini Ermənistan ərazisindən atəşə məruz qoyub.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti məlumat yayıb. 

***

Prezidentin köməkçisi Hikmət Hacıyev Gəncənin atəşə tutulması ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir:

“Ermənistanın siyasi hərbi rəhbərliyinin hərbi və müharibə cinayətləri davam edir.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılmışdır.

Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini ağır artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub.  

Yenə də Ermənistan ərazisindən Azərbaycanın Füzuli və Cəbrayıl rayonları istiqamətində yaşayış məntəqələrinə raket atılmışdır.

Ermənistanın bu hücumları nəticəsində mülki insanlar arasında həlak olan və yaralananlar vardır.

Son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə 10.000-dən artıq müxtəlif növ mərmi və raket atılmışdır. 500-dən çox fərdi yaşayış evi tam dağılıb və ya ciddi ziyan dəyib.

Hərbi əməliyyatların gedişində kombatantlar və mülki şəxslər, hərbi obyektlər və mülki obyektlər aydın şəkildə fərqləndirilməlidir.

Hər hansı hərbi zərurət olmadan Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin kütləvi şəkildə  bombarduman edilməsi təsadüfi xarakter daşımayaraq, məqsədyönlü şəkildə həyata keçirilir.

Yaşayış məntəqələrinin Ermənistan tərəfindən sistematik şəkildə bombarduman edilməsi bu planın əvvəlcədən hazılandığını və Ermənistan silahlı qüvvələrinin döyüş və atəş hazırlığı proqramına daxil edilməsindən xəbər verir.

Ermənistanın bu əməlləri Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüz və hərbi işğal siyasətinin tərkib hissəsidir.

Bu məqsədlə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli bombalardan istifadə olunur.

Azərbaycan tərəfi beynəlxalq humanitar hüquqi və Cenevrə Konvensiyalarını rəhbər tutaraq aidiyyəti beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın hərbi rəhbərliyini yaşayış məntəqələrini və mülki insanları artilleriya və raket atəşinə tutmaqdan çəkinmək barədə bir neçə dəfə xəbərdar etmişdi. Onlar tərəfindən buna əməl edilmədi və növbəti dəfə riyakarlıq nümayiş etdirildi. Bu bir daha açıq şəkildə onu göstərir ki, Ermənistanın məqsədi qəsdən mülki insanları hədəfə almaqdır.

Artilleriya və raket hücumlarının əksəriyyəti Xankəndi şəhəri yaxınlığındakı artilleriya bazalarından həyata keçirilir.

Azərbaycan Respublikası silahlı qüvvələri mülki insanların təhlükəsizliyini təmin etmək üçün hədəflənmiş şəkildə və dəqiq atəşlə həmin atəş məntəqələrini sıradan çıxarır və adekvat tədbirlər görür.

Azərbaycan Respublikası dəfələrlə bəyan etmişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün böyük təhlükə olaraq qalmaqda davam edir. Ermənistanın siyasi-hərbi rəhbərliyi bütün region üçün təhlükədir. 

Regionda davamlı sülhü təmin etmək üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən tam şəkildə çıxarılmalıdır”.

***

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ermənistana xəbərdarlıq edib. 

MN-dən verilən məlumata görə, Müdafiə naziri bildirib ki, Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir. 

***

Erməni tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır.

Bu barədə də MN-dən bildirilib.

Qeyd olunub ki, düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib.

12:58

***

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistan silahlı qüvvələrinin Gəncəni atəşə tutmasını pisləyib.

Bu barədə diplomat “Twitter”də bildirib.

“Dualarımız Gəncə əhalisi ilədir. Beynəlxalq hüquqa görə mülki əhalini bombalamaq müharibə cinayətidir” – deyə, səfir qeyd edib. 

13:02

***

“Gəncədəki insanlarla danışdım. Gəncə sakinləri güclüdür. Ermənistan ərazisindən Gəncənin kasset tipli raket hücumuna məruz qalması gəncəliləri heç bir şəkildə qorxuda bilməz”.

Bunu da H. Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

O, Ermənistanın Gəncəyə raket atmasını məsuliyyətsiz addım adlandırıb.

Etikxeber.az

Read Previous

“Təşəkkürlərin ən böyüyü Ali Baş Komandanımız cənab İlham Əliyevə düşür….O, tarix yazır, Azərbaycan abidəsi qurur ucaldır…Təşəkkürlərin ən böyüyü Azərbaycan Ordusuna düşür…Zəfərlər dalınca zəfərlər yazan Azərbaycan Ordusuna…”-JALƏ ƏLİYEVA

Read Next

“Araik Arutunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan ordusu səni orada da tapdı… Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb…”-PREZİDENTİN KÖMƏKÇİSİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir