Düşmənin hərbi kolonları məhv edildi, gecə ərzində düşmənə artilleriya zərbələri-ENDİRİLDİ – TƏRTƏR YENİDƏN ARTİLLERİYA ATƏŞİNƏ MƏRUZ QALMAQDADIR – MÜDAFİƏ NAZİRLİYİ DÜŞMƏNİ TƏKZİB ETDİ – VİDEO – YENİLƏNİB – (9)

Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir: 

–   200-dək tank və digər zirehli texnika;

  –   228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

  –   30 ədəd hava hücumundan müdafiə vasitələri;

  –   6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

  –   5 silah-sursat anbarı;

  –   110-dan artıq avtomobil texnikası;

  –   1 ədəd “S-300” zenit-raket kompleksi.

***

Düşmənin müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən məhv edilib.

Bu haqda da MN məlumat yayıb.

07:16

***

Ermənistan silahlı qüvvələrinin işğal altında olan torpaqlarımızda tutduqları mövqelərinə gecə ərzində bölmələrimiz tərəfindən sarsıdıcı artilleriya zərbələri endirilib.

Bu barədə də MN-dən məlumat verilib.

09:02

***

Oktyabrın 1-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini yenidən artilleriya atəşinə tutur.

MN bu haqda məlumat yayıb.

10:15

***

Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.

MN-dən verilən məlumata görə, məlum olub ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir.

Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə  çatdırmaqdan imtina edirlər.

***

MN-nin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı: “Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması məlumatı yalandır”

“Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması və İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır.

Bildiririk ki, Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir”.

12:15

***

Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub.

MN-dən  verilən məlumata görə, oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.

Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək.

***

Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir

“Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb. Bir daha bildiririk ki, Ermənistandan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir. Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib”.

Bu haqda da MN-məlumat yayıb.

***

Vaqif Dərgahlı: “Azərbaycan HHQ-nin döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb”

MN rəsmisi deyib ki, Ermənistan tərəfinin guya bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə, 2 helikopter və 6 PUA-nın vurulması ilə bağlı məlumatı dezinformasiyadır:

“Bildiririk ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb. HHQ-nin bütün döyüş aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir. Görünən odur ki, Ermənistan müdafiə nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla təsəlli tapırlar”.

16:05

***

Azərbaycan Ordusunun bölmələri düşmənin daha hava hücumundan müdafiə vasitələri və yaylım atəşli reaktiv sistemlərini məhv edib.

Bu barədə MN-nin yaydığı son məlumatda qeyd olunub.

16:37

***

Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən raket atəşinə tutulub

“”Oktyabrın 1-də saat 17.28-də Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən atəşə tutulub. Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb”.

Bu barədə də MN məlumat yayıb.

Etikxeber.az

Read Previous

Milli Məclisin payız sessiyasının ikinci plenar iclası sabah keçiriləcək-14 MƏSƏLƏ MÜZAKİRƏ EDİLƏCƏK… – YENİLƏNİB

Read Next

Düşmən bu dəfə Horadizi-ATƏŞƏ TUTDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir