Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Aprel döyüşlərinin 10-cu ilində Sumqayıtlı Aprel Şəhidi Əbdülməcid Nadirşah oğlu Axundovun Anım Günü məclisi keçirilib.
Məclisdən öncə 1993-cü ilin 15 oktyabr tarixində dünyaya gələn Şəhidin Sumqayıt Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Ziyarət zamanı ailənin iki oğlan övladından biri və evin sonbeşiyi olan Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi olan, 2015-ci ildə diplomunu belə almadan həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanan, Tərtər istiqamətində qulluq edən və 2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalan Əbdülməcid Axundovun ruhuna dualar edilib, “Quran” oxunub.
2016-cı ilin aprelin 8-də Şəhidlik xəbəri ailəsinə bildirilən və cəmi bir gün sonra-9 apreldə nəşi Sumqayıt Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanan Şəhidin İgidliyi və Qəhrəmanlığından bəhs olunub, ailəsinə-anası Ceyran Həsənovaya Allahdan səbr və dözüm arzulanıb.
“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilən və subay olan Şəhidin məzarı önündə məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdən sonra Sumqayıt şəhərində yerləşən “Təkbir” mərasim evində Anım məclisi düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha runuha dualar olunub.
Sumqayıtlı Şəhid atası Hacı Əhməd Əhmədovun aparıcılıq etdiyi məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra qısa çıxışlar edilib.
Şəhidin anası Ceyran xanımın dediklərindən:
“Əbdülməcidin yolunu dəyişməyə çalışdım…Bundan ötrü əlimdən nə gəlirsə, etdim…Mən elə bilmişəm ki, onun yolunu dəyişmişəm…Yanılmışam, o yolunu dəyişmədi, yolundan dönmədi…Əvvəl elə bildik ki, cavanlıq, gənclik düşüncələridir, keçib gedər…Amma belə olmadı…O, öz yoluyla getdi, öz arzusuna, öz məqsədinə də çatdı, nail oldu…O, Şəhid olmaq istəyirdi və Şəhid də oldu…”
Təxminən saat yarım çəkən məclisin sonunda xatirə fotoları çəkdirilib.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, Sumqayıtlı, Lənkəranlı, Yardımlılı Şəhid ailələri, müəllimlər və məktəblillər, Sumqayıt şəhərinin məsul şəxsləri və digərləri iştirak edib.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
***
FOTOLAR:







***









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





