Eks deputatın məhkəməsinə şahidlər məcburi gətiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Etikxeber.az-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elxan Yaqubov ifadə verib.

O, “İntertekstil” şirkətində mexanik köməkçi işlədiyini deyib və ibtidai istintaqa verdiyi ifadəni təsdiq edib. E. Yaqubov şirkətin bütün işçilərinin adına kredit götürüldüyünü bildirib.

Sonra hakim Ə. Quliyev qeyd edib ki, digər şahidlər məhkəmə prosesinə çağırılsa da, gəlməyiblər.

Hakimlər Kollegiyası digər şahidlərin məcburi gətirilməsi haqqında qərar çıxarıb.

Proses aprelin 20-də davam etdiriləcək.

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. “Globus Plaza”nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib.

Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.

Etikxeber.az

Read Previous

“Yaxın Şərqdə vəziyyət daha da kəskinləşə və təhdid yarada bilər…” – POLİTOLOQLAR

Read Next

ƏRDOĞAN: Kürd dövlətinin qurulmasına icazə verməyəcəyik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir