“Elçinin canı qızlarına bağlıydı…Çox ideal ata idi…”-ŞƏHİD ELÇİN MİRZƏYEVİN HƏYAT YOLDAŞI – İYULUN 31-DƏ ŞƏHİDİMİZİN MİNGƏÇEVİRDƏ XATİRƏ LÖVHƏSİNİN AÇILIŞI OLACAQ – FOTOLAR

Daha bir İkinci Vətən Müharibəsi iştirakçısı, daha bir Qəhrəmanımız, daha bir İgidimiz…

Daha bir Vətən sevdalımız, daha bir Nur üzlümüz, daha bir Şəhidimiz…

Əslən Goranboyun Xanqərvənd kəndindən olan, ancaq son illər Mingəçevirdə yaşayan-yaşamış Şəhidimiz Elçin Maqsud oğlu Mirzəyev

Elçin 1985-ci ilin iyulun 31-ində Goranboyun Xanqərvənd kəndində sadə bir ailədə anadan olub…

Ancaq Elçingil sonradan Yevlaxa köçüb, orada yaşayıblar…

1991-ci ildə elə Yevlax rayonunda birinci sinfə gedib, 2002-ci ildə isə orta məktəbi bitirib…

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurduqdan sonra Mingəçevir şəhərindəki Tibb Kolleçində diş texnikliyini oxuyub…

Sonradan ailə quracağı xanımla-Günellə də elə Tibb Kollecində tanış olub…

Günel də həmin Kollecdə oxuyub, ancaq başqa bir ixtisasda…

2007-ci ildə isə bu tanışlıq, münasibətlər rəsmiləşdirilib, Elçinlə Günel xanım ailə qurublar…

Və bu evlilikdən 3 qız övladları dünyaya gəlib…

Elçin bir müddət öz peşəsi, öz sənəti ilə məşğul olsa da, sonra ondan ayrılıb və taleyini Ordu, hərb ilə bağlayıb, son 7 ildə-Şəhidliyinə qədər-MAXE olub…

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub və elə döyüşlərin ikinci günü, sentyabrın 28-ində də Tərtər-Ağdərə istiqamətində qanlı döyüşlərdə yaralanıb…

5 gün Gəncə şəhər Hərbi Hospitalında müalicə aldıqdan sonra yenidən döyüş bölgəsinə, Tərtər-Ağdərə istiqamətinə, döyüşçü, hərbçi yoldaşlarının yanına qayıdıb və yenə də öndə döyüşənlərdən olub…

Oktyabrın 8-ində bir günlüyünə Mingəçevirə, ailəsinin yanına gəlib və 9-u günü yenidən döyüş bölgəsinə qayıdıb…

Axırıncı dəfə isə ayın 10-unda həyat yoldaşı ilə vatsapda yazışıb və bildirib ki, narahat olmayın, hər şey yaxşıdır, irəliyə doğru gedirik…

Amma… Elə həmin, ayın 10-unda, təxminən 12-nin yarısı radələrində qəhrəmancasına həlak olub, Şəhidliyinə qovuşub…

Günel xanımın dediklərindən:

“Ayın 10-u günü səhər tezdən yazışdıq, hər şeyin yolunda olduğunu, irəlilədiklərini bildirdi…Saat 12-nin yarısı olardı, mətbəxə keçərkən əlimdə nə vardısa, hamısı yerə töküldü və ani olaraq, əlim Göyə qalxdı, sanki dua edəcəyəm…Qeyri-ixtiyari olaraq, öz-özümə Elçinə halallıq verdim…Sən demə bu təsadüf deyilmiş, bir işarət imiş, həmin vaxt Elçin Şəhid olubmuş (Gözləri dolur, səsi titrəyir)…Həmin gün sanki özümdə olmadım, eləcə ora-bura gedib-gəlirdim, yerimdə rahatlıq tapa bilmirdim…11-i axşama qədər gözlədim, gördüm Elçindən xəbər çıxmır, adətən hər gün zəngləşir, ya da vatsaplaşırdıq, qardaşına zəng etdim, dedim ki, dünəndən çox narahatam, Elçindən heç bir xəbər yoxdur…Və iki gün sonra, ayın 13-ündə xəbər aldıq ki, Elçin Şəhid olub…Elə həmin gün nəşini Yevlaxa gətirdik və onu Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn etdik…O günlər mənim üçün çox dəhşətli günlər idi…Heç cür özümə gələ, özümü ovuda bilmirdim…”

Günel xanım onu da deyir ki, Elçin qızlarına çox bağlı olub:

“Elçin ideal bir ata idi…Canı qızlarına bağlı idi…Onlardan ayrı dura bilmirdi…Qızların da canı atalarına bağlıydı, yoldaşımı məndən çox istəyirdilər…İndi də atalarının yoxluğunu heç cür qəbul edə bilmirlər…Hətta arada qızlara açıqlananda, deyirdi ki, Günel, qızlarla işin olmasın, onlar mənim canımdır…Yəni, o dərəcədə qızlarına bağlı idi…”

Ölümündən sonra Elçin 3 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub…

Günel xanım həmçinin bildirir ki, həyat yoldaşının xatirəsini əbədiləşdirmək, onu Mingəçevir şəhərinin insanlarına yaxından tanıtmaq üçün yaşadıqları binaya xatirə lövhəsini vurdurmaq və ayın 31-ində, Şəhidimizin Cənnətdəki ilk doğum günündə həmin lövhənin açılışını keçirmək istəyir.

“Biz hardasa 4-5 il olar ki, Mingəçevirdə yaşayırıq…Düzdür, mən özüm də Yevlaxdanam, amma sonradan ailəmizlə Mingəçevirə köçmüşük…Elçinlə ailə qurandan sonra yenidən Yevlaxa köçdük…Və 4-5 il olar ki, Mingəçevirdə oluruq… İstəyirəm ki, digər Şəhidlərimiz kimi, Mingəçevirdə Elçini də tanısınlar…Çünki o da bu şəhərin sakini olub…Odur ki, ayın 31-ində yaşadığımız binada Elçinin xatirə lövhəsinin açılışını keçirmək istəyirəm…Mingəçevir, “QRES” qəsəbəsinin sakinlərini, Şəhid ailələrini də ayın 31-ində, axşam saat 6-da açılış mərasiminə dəvət edirəm…İstəyirəm ki, həmin günü bizi tək qoymasınlar”-deyə, o, əlavə edib.

Allah Şəhidimizin məkanını cənnətlik, ruhunu şad etsin, ailəsinə, həyat yoldaşına, balalarına səbr versin!

Ruhu ailəsinə, balalarına kömək olsun!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhidlərimizin-Cəmil Məmmədli, Rəşid Həmidov və Pərvin Həmidovun ailə üzvləri – ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Read Next

Daha 225 yeni yoluxma-DAHA 4 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir