Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qəhrəmanlar diyarı olan Naxçıvanın Antiterror Şəhidlərindən biri də Şərurlu, Yengicəli Elçin İbrahimlidir…
Vətən sevdalısı, Vətən fədaisi Elçin İbrahimli…
İgid, Qəhrəman Elçin İbrahimli…
Ali-hərbi təhsilli, peşəkar hərbçi olan Baş leytenant Elçin İbrahimli istər İkinci Vətən Müharibəsində, istərsə də ondan sonrakı əməliyyatlarda, o cümlədən sonuncu-2023-cü ilin 23 saatlıq Antiterror əməliyyatında iştirak edib…
İkinci Vətən Müharibəsində ölümlərdən dönən Elçinin ömür-hərb yolu 2023-cü ilin sentyabrın 19-da başlayan Antiterror əməliyyatında yarımçıq qalıb.
Anası Aynur xanımın dediklərindən:
“Elçinlə axırıncı dəfə Antiterror əməliyyatından az öncə danışdım…Çox danışmadı, dedi ki, bir azdan əməliyyata başlayırıq…Sonra saat 1-də vatsapıma mesaj yazdı ki, əməliyyata başladıq…Həmin vaxt xəstəxanada işdəydim, gördüm ki, ətrafımdakılar dönüb mənə baxırlar…Əvvəlcə heç nə başa düşmədim, sonra narahat olmağa başladım…Əmim oğlu hərbçidir, ona zəng etdim, Elçindən xəbəri olub-olmadığını soruşdum, o da dedi ki, heç nə deyə bilmərəm…Sonra qardaşıma zəng etdim, o da heç nə demədi…Yenidən əmim oğluna zəng etdim, dedi ki, niyə qardaşından soruşmursan…Mən bu dəfə yenidən qardaşıma zəng etdim və Elçini soruşanda ağlamağa başladı…Sən demə, hər ikisi də Elçinin Şəhid olduğunu bilirmiş, sadəcə, mənə deməyə ürək etmirlərmiş (səsi titrəyir, gözləri dolur)…Onu da deyim ki, Elçin Goranboyda-Ballıqayada yerləşən hərbi hissədə işləyirdi və bu səbəbdən yoldaşı ilə Naftalanda kirayədə yaşayırdılar…Atam gəlinimi Sumqayıta gətirməyə getmişdi…Gəlinim də gələrkən yolda vatsap statuslarından Elçinin Şəhid olduğunu öyrənib…”
Qeyd edim ki, bugünlərdə Naxçıvanda-Şərurda səfərdə olarkən Elçin İbrahimlinin də ocağını-ailəsini ziyarət etdim…
Şəhidimizin anası Aynur xanıma, Şəhidin xanımı-Qazi bacısı Ceyran xanıma Allahdan səbr və dözüm dilədim…
“Ruhu şad, məkanı cənnətlik olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…
Təxminən bir saat çəkən ziyarətim zamanı Şəhidimizin anası, xanımı və babası Faxrəddin kişi ilə söhbətləşdim, dərdləşdim…
Az da olsa, onlara təsəlli, toxtaqlıq verməyə çalışdım…
Yenə sözlərin, kəlmələrin bitdiyi, aciz qaldığı anlar idi…
Onu da qeyd edim ki, Elçin 26 sentyabr 1997-ci il tarixində Şərurun Yengicə kəndində anadan olub…
Evin tək oğlu, tək bacının tək qardaşı idi…
Tək bacısı hazırda ailəlidir…
Uşaqlıqdan anasının və ana babasının himayəsində böyüyüb…
Anası Aynur xanım ona da, tək bacısına da həm analıq, həm atalıq edib…
2012-2015-ci illərdə Heydər Əliyv adına Hərbi Liseydə oxuyub, sonra – 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali-hərbi təhsilə yiyələnib..
Leytenant hərbi rütbəsinə layiq görülüb…
Ali-hərbi təhsilini bitirdikdən sonra Goranboy rayonu istiqamətində “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb…
Baş leytenant hərbi rütbəsinə yüksəlib…
Qeyd etdiyim kimi, İkinci Vətən Müharibəsində və Antiterror əməliyyatında iştirak edib…
İkinci Vətən Müharibəsindən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb…
Antiterror əməliyyatı zamanı-2023-cü ilin sentyabrın 19-da isə günorta saatlarında Ağdam-Ağdərə istiqamətində Şəhid olub…
26 yaşının tamanına cəmi 7 gün qalmış Şəhadətə qovuşub…
Vətən yolunda, Vətən uğrunda canını fəda edib…
Nəşi bir gün sonra-sentyabrın 20-də Şərur Şəhidlər Xiyabanında dəfn olunub…
Şəhidliyindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub…
Eyni zamanda qeyd edim ki, Yengicəli “Qisas” əməliyyatı Şəhidi Əli Cavad oğlu Əliyevlə Elçin eyni sinifdə oxuyublar…
Eyni ildə və eyni ayda dünyaya gələn Elçinlə Əli həm sinif yoldaşı, həm də dost olublar…
Sonra ikisi də birlikdə həm Hərbi Liseydə, həm də Ali Hərbi Məktəbdə bit yerdə hərbi təhsilə yiyələniblər…
İkisi də eyni hərbi hissədə-bir yerdə işləyiblər…
Elçin həm də ailəli olub…
Ceyran adlı bir qızla ailə həyatı qurub 2021-ci ilin aprelində…
Ancaq övladları olmayıb…
Qazi bacısı (qardaşı Amin də Elçinin tələbə yoldaşı olub) Ceyran xanım bu gün də Aynur xanımın yanındadır…
Gəlin-qayınana birlikdə-qoşa qanad kimi bu ağır yükü birlikdə çiyinlərində daşıyırlar…
Allah ikisinə də güc-qüvvət, səbr və dözüm versin!
Allah Şəhidimiz Elçinin də məqamını Ali və Uca etsin!
Nur içində uyusun!
***







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





