Eldəniz Səlimovdan – XAÇMAZLA BAĞLI ÖNƏMLİ TƏKLİFLƏR

Ötən həftə Milli Məclisin (MM) komitələrinin hərtərəfli və geniş müzakirələrindən keçirilən ölkənin ali maliyyə sənədi-2020-ci ilin büdcə zərfi artıq iki gündür hökumət üzvlərinin iştirakı ilə parlamentin plenar iclas(lar)ında müzakirə olunur. Hesab edirəm ki, dövlət büdcəsi ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tələblərinə uyğun olaraq çox mükəmməl və peşəkar şəkildə hazırlanıb. Büdcə zərfi hər gün, hər saat, hər an inkişaf edən Azərbaycanın reallıqlarına, ölkənin inkişaf templərinə və hədəflərinə tam cavab verir. Belə ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri isə 26 milyard 913 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. 2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barrelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb.

Etikxeber.az xəbər verir ki, bunu 2020-ci ilin büdcə zərfi ilə bağlı fikirlərini açıqlayan millət vəkili Eldəniz Səlimov deyib.

O, qeyd edib ki, eyni zamanda, dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur.

“Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsaitin daxil olması proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14 milyon manat az transfert nəzərdə tutulur. Bununla yanaşı, icmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon manat və ya proqnozla nəzərdə tutulan Ümumi Daxili Məhsulun 2,3 faizinə bərabər olacaq. Həmçinin, proqnozlara görə, əsas iqtisadi göstərici olan Ümumi Daxili Məhsul (ÜDM) 3 faiz, o cümlədən qeyri-neft sektorunda yaradılacaq məhsul 3,8 faiz artacaq.

Bunun nəticəsində ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə yaxınlaşacaq. Hər il olduğu kimi, 2020-ci ilin dövlət büdcəsi də əhalinin sosial rifahının yüksəlməsinə, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin güclənməsinə, iqtisadiyyata investisiya qoyuluşunun daha da artmasına, kənd təsərrüfatının stimullaşdırılmasına, dövlət borcu üzrə öhdəliklərin icrasına möhkəm maliyyə əsasları yaradır. Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturunda diqqəti çəkən mühüm məqamlardan biri cari xərclərin həcminin artmasıdır. Belə ki, 2020-ci ildə cari xərclərin həcmi bu ilə nisbətən ciddi şəkildə, yəni 40 faizə yaxın artacaq. Ölkə üçün strateji sahələr olan təhsil xərcləri 38 faizdən çox, elm xərcləri 42 faiz, müdafiə və təhlükəsizlik xərcləri 21 faiz artırılacaq. Digər strateji sahələrdə də ciddi artımlar nəzərdə tutulur. Büdcə sənədlərindən göründüyü kimi, 2020-ci ilin büdcəsi də sosialyönümlü olacaq. Gələn il sosial müdafiə və sosial təminat xərcləri 31 faiz artırılacaq.

ELDENIZ-1

Nəticədə dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 39 faizə yaxınlaşacaq.2019-cu ildə həyata keçirilmiş iki sosial paketin icrasının gələn il davam etdirilməsi üçün 4 milyard manatadək əlavə vəsait nəzərdə tutulub. Bununla belə, 2020-ci ildən icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq səhiyyə xərcləri 1 milyard 369 milyon manata çatdırılır. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən daimi diqqət gələn il də davam etdiriləcək. Bütün bunlar və büdcə layihəsində əksini tapan digər məqamlar bir daha ali maliyyə sənədinin necə mükəmməlliklə və peşəkarlıqla hazırlandığını, Azərbaycan xalqının və dövlətinin maraqlarına cavab verdiyini əyani şəkildə ortaya qoyur. Bunlar bir daha onu göstərir ki, ildən-ildən artan, böyüyən Azərbaycan büdcəsi ölkəni qarşısına qoyduğu bütün hədəflərinə bir-bir çatdırır və bundan sonra da çatdıracaq”-deyən miilət vəkili təmsilçisi olduğu rayonun-Xaçmaz bölgəsinin həllini gözləyən bəzi məsələlərini də dilə gətirib.

“Əvvəla, Xaçmazda 34 kənddə 1870 abonent qazla təmin olunmalıdır, burada qazlaşdırma aparılmalıdır. Hacıəhmədoba kənd yolu, beş kəndi birləşdirən 14 km uzunluğunda yol çəkilməlidir. 

Həmçinin, Xudat şəhərinin dəmir yolunun aşağı hissəsi adlandırılan ərazidə yerləşən uşaq bağçası 1917-ci ildə böyük xeyyriyyəçimiz Hacı Zeynalabdin Tağıyevin fəhlələr üçün tikdirdiyi taxtadan yataqxanada yerləşir. Əhalinin artımını nəzərə alsaq, orada dördqruplu və 120 uşaqtutumlu yeni uşaq bağçasının tikintisinə ehtiyac var.

Eyni zamanda, Lacat kənd tam orta məktəbi 1970-ci illərin əvvəllərində inşa olunub ki, 840 şagirdtutumludur. Onun da əsaslı tikintisinə, yenidəqurulmasına ehtiyac yaranıb. Bununla belə, Xudat şəhərində 123 küçə və məhəllə movcuddur ki, onların da su va kanalizasiya xətlərinin çəkilməsinə boyük ehtiyac var”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Hökumət üzvlərinin yerinə niyə deputatlar cavab verir?!”- DEPUTATDAN TƏPKİ

Read Next

“Yeni doğulan uşağa görə 500 manat verilsin” – ƏLİ MƏSİMLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir