“Ali Baş Komandanımızın Azərbaycan xalqına son müraciətində də deyildiyi kimi, müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”-ELDAR İBRAHİMOVUN YAZISI – (ÖZƏL)

“Ötən ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışım zamanı mən sizin diqqətinizi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinə və Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına və hərəkətlərinə yönəltdim. Bu gün qurur hissi ilə deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu…”.

Bu fikirlər Qalib və Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur.

Ölkə Prezidenti bu fikirləri BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində videoformatda çıxışı  zamanı dilə gətirdi.

Çıxışı zamanı həm ölkəmizi, həm də dünyanı maraqlandıran və narahat edən məsələlərə geniş toxunan dövlət başçımız xüsusilə, koronavirus pandemiyası və İkinci Vətən Müharibəsinə daha çox yer ayırdı.

Bildirdi ki, COVID-19 pandemiyası bütün dünya üçün ciddi çətinliklər doğurmaqda davam edir.

Azərbaycan hökuməti ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirir.

Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndləmə kampaniyasına başlayıb. Hər 100 nəfərə istifadə edilmiş vaksin dozalarının həcmi 80 faizdən artıqdır.

COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2.7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib.

Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb və ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb.

Həmçinin, pandemiya ilə mübarizə sahəsində Azərbaycanın müfəssəl səyləri beynəlxalq səviyyədə qəbul edilib.

Heç təsadüfi deyil ki, 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb.

Çox sevindirici və əlamətdar haldır ki, Azərbaycan bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirib.

Biz, həmçinin ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı etmişik.

Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərmişik.

Bununla yanaşı, Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarıdır və odur ki, ölkəmiz, dövlət başçımız Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan bir sıra qlobal təşəbbüslər irəli sürüb.

Belə ki, 2020-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil edib.

 Zirvə toplantısı zamanı dövlət başçımız Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsini təklif edib. Həmin təşəbbüs BMT-yə üzv olan 150-dən artıq dövlət tərəfindən dəstəklənib və 2020-ci il 3-4 dekabr tarixlərində xüsusi sessiya baş tutub.

Ən əsası, Azərbaycan, dövlət başçımız  dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını ifadə edib.

“Biz davam edən “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığımızı bir daha vurğulayırıq. Belə hərəkətlər inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumasını əngəlləyir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır”-deyən dövlət başçımız onu da bildirdi ki, bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib.

Qeyd olundu ki, cari sessiya çərçivəsində Azərbaycan BMT Baş Assambleyasında eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır.

Çünki hesab edirik ki, COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var.

Bu mənada da  biz pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlayacaq BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edirik.

Bu, çox vacib, önəmli təklifdir və inanırıq ki, bu təklifin nəzərə alınması, reallaşdırılması nəticəsində pandemiya ilə mübarizəyə daha bir töhfə verilmiş olacaq, daha bir töhfə vermis olacağıq.

Çıxışında İkinci Vətən Müharibəsinə, Ermənistanın təcavüzkarlıq siyasətinə də toxunan dövlət başçımız bird aha dünya birliyinə xatırlatdı ki, ötən ilin  sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı.

 Buna cavab olaraq isə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı.

44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tuturdu. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirildi. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi.

Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya onlara ciddi zərər dəyib.

Hərbçilər və mülki əhali arasında fərq qoyulmasına dair beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə riayət edən Azərbaycan Ermənistan tərəfindən dinc sakinlərin hədəfə alınması kimi qəddar hərbi cinayətlərə oxşar formada cavab vermədi.

Ermənistan, eyni zamanda, xaricdən muzdlu və əcnəbi döyüşçülər cəlb edərək onları Azərbaycana qarşı istifadə edirdi.

44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir.

Və nəhayət, Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.

Biz Qarabağa qayıtdıq,  artıq Qarabağdayıq və bundan sonra əbədi olaraq, Qarabağda qalacağıq!

Kimsə Qarabağı bizdən bir daha ala, qopara bilməyəcək!

İmkan vermərik, imkan verməyəcəyik!

***

Ölkə Prezidenti həmçinin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya tarixi müsahibəsində bəyan etdi ki, hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün ciddi hüquqi tədbirlər görəcəyik.

Artıq işğal illərində vurulmuş ziyanın qiymətləndirilməsi üzrə də iş aparılır, bu iş başa çatmaq üzrədir.

Biz beynəlxalq hüquq şirkətlərini cəlb etmişik, onlar qiymətləndirmə aparır, gələcəkdə beynəlxalq məhkəmələrdə hüquqi iddialar qaldırılmasında bizə kömək edəcəklər. Çünki Ermənistan törətdiyi cinayətlərə – bizim əmlakımızın talan edilməsinə, tarixi abidələrin, vətəndaşların əmlakının məhv edilməsinə, meşələrin qırılmasına, çaylarımızın və göllərimizin çirkləndirilməsinə, işğal altında olan ərazilərimizdə faydalı qazıntılardan qanunsuz istifadə edilməsinə görə cavab verməlidir, bütün bunlar hesablanır. Yəni, biz bu işi məqsədyönlü şəkildə aparırıq.

Bununla yanaşı, faydalı qazıntıları qanunsuz hasil edən xarici şirkətlər barəsində hüquqi prosedurlar hazırlanıb. İndi bu proses artıq reallaşma mərhələsindədir. Beləliklə, biz təbii ki, cinayətkarların məsuliyyətə cəlb olunması üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik.

Biz eyni zamanda,  azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik. Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı stansiya tikilib. Bütün istiqamətlərdə yollar çəkilir. Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq. Zəngilanda, Qubadlıda Ermənistan sərhədinə qədər yollar, Göygöldən Kəlbəcərə tunel yolu çəkilir.

Müsahibəsində “Bu yaxınlarda orada olmuşam, yoxlama aparılıb. Üstəgəl Füzulidən Ağdama, Füzulidən Hadruta, Cəbrayıla gedən yollar. Yəni, bu şəhərlər arasında əlaqə yaradılacaq. Bu il biz təkcə azad olunmuş ərazilərin bərpası proqramına 1,3 milyard dollar vəsait ayırmışıq. Bu məbləğin təqribən 400 milyon dolları hələlik bölünməyib, çünki biz bütün qaydalara – tender, planlaşdırma, layihələndirmə prosedurlarına riayət edirik”-deyən Müzəffər Ali Baş Komandan bir daha diqqətə çatdırdı ki,  Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib. Bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni yaşayış kompleksinin təməli qoyulub və ir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və şuşalıları oraya qaytarmaq mümkün olacaq.

Lakin daha böyük problem minalanmış sahələr problemidir. Minalanmış sahələrin ermənilər tərəfindən bizə verilmiş az miqdarda xəritələrinin dəqiqliyi təqribən 25 faizdir.

 Minalanmış sahələrin xəritələrinin çox hissəsini isə bizə vermirlər. Ona görə bu çox çətin işdir, onu sürətlə icra etmək mümkün deyil. Nə qədər vəsaitin olsa belə, bunun üçün vaxt lazımdır.

Ancaq bunu da bacaracağıq, bu problemi də aradan qaldıracağıq, necə ki, Ali Baş Komandanın rəhbərliyi ilə bu günə kimi çox namümkün görünənləri həll etmişik, çox uğurlara, Qələbə və Zəfərlərə imza atmışıq.

Bundan sonra da çox Qələbə və Zəfərlərə imza atacağıq.

Bütün Qələbə və Zəfərlər bizimlədir və bizimlə də olacaq!

***

Bu gün həm də İkinci Vətən Müharibəsinin başlamasının bir ili, ölkəmizdə Anım Günüdür!

Qələbə və Zəfər Şəhidlərimizin ruhları qarşısında ehtiramla baş əyir, məkanınız cənnətlik, ruhunuz şad olsun deyirik.

Qazilərimizə, Yaralılarımıza isə bir daha Allahdan şəfa diləyir, tezliklə əvvəlki sağlmalıqlarına dönmələrini arzu edirik.

Qələbə və Zəfərimizə görə, Müzəffər Ali Baş Komandanımız başda olmaqla, onun Rəşadətli Ordusuna, Şəhidlərimizə, Qazilərimizə, Vətən sevdalı övladlarımıza borclu və minnətdarıq!

Onların borcunu heç zaman ödəyə bilməyəcəyik.

Bir ömür boyu onlar borclu və minnətdarıq.

Baş tacımız, Qürurumuz, Fəxrimizdirlər!

Bəli, Ali Baş Komandanımızın Azərbaycan xalqına bugünkü müraciətində də deyildiyi kimi, erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün.

Bəli, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik.

Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!

Qarabağ bizimdir, Qarabağ bizdədir, Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az  

Read Previous

“Turqutla sentyabrın 27-də, səhər saat 09:27-də danışdım…Həmin vaxt oğlum sən demə, ağır yaralanıbmış və…”- BƏRDƏNİN İLK İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ TURQUT ZEYNALOVUN ANASI ZÜBEYDƏ XANIM – FOTOLAR

Read Next

Anım Günü ilə bağlı Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla-YAD OLUNDU -FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir