Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə təkbətək görüşü keçirilib.
Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
***
Aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişlə geniş tərkibdə görüşü olub.
***
Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər.
***
Bu, (Çexiyanın Baş nazirinin səfəri – red.) iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim çox fəal siyasi dialoqumuz var.
Bu sözləri Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında bildirib.
“Bu gün bir çox məsələlər ətrafında – həm regional, həm ikitərəfli, həm daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır”, – dövlət başçısı əlavə edib.
14:55
***
Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
– Hörmətli cənab Baş nazir.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Sizi səmimiyyətlə salamlayıram.
Mən çox şadam ki, cənab Baş nazir bu gün bizim qonağımızdır. Biz üç ay bundan əvvəl Davosda görüşmüşük. Bu, bizim birinci görüşümüz olmuşdur və görüş çox məhsuldar keçmişdir, bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq. Mən cənab Baş naziri Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, bu gün cənab Baş nazir bu səfəri Azərbaycana həyata keçirir. Bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Mən şadam ki, cənab Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir və bu gün keçiriləcək biznes-forumda həm yeni təmaslar qurulacaq, həm də mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir.
Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq.
Bizim ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır.
Bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparıldı. Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır.
Cənab Baş nazir, bir daha Azərbaycana xoş gəlmisiniz.
x x x
Sonra Çexiyanın Baş naziri bəyanatla çıxış etdi.
Baş nazir Andrey Babişin bəyanatı
-Cənab Prezident.
Burada, iqamətgahınızda məni çox səmimiyyətlə qəbul etdiyinizə görə Sizə çox minnətdaram. Bunu həqiqətən yüksək dəyərləndirirəm və mənim üçün böyük şərəfdir. Şadam ki, Davosdan sonra söhbətimizi davam etdiririk.
Burada bəyan edə bilərəm ki, Azərbaycan Çex Respublikasının strateji tərəfdaşıdır. Buna görə məmnunam ki, münasibətlərimiz də dostluğa söykənir. Aydındır ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ukrayna Prezidenti Zelenski burada oldu, sonra Ciorcia Meloni bura səfər edəcək. Bu, sadəcə, gözəl ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir.
Bu gün keçirdiyimiz görüş çox xüsusi oldu. Əlbəttə, Avropa bu gün enerji haqqında danışır, çünki neftayırma zavodlarına xammal tələb olunur, müxtəlif məhsulların istehsalı üçün təbii qaz lazımdır. Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faizi Azərbaycandan daxil olur.
Cənab Prezident, biz buraya ÇES adlanan yarıdövlət şirkətimizlə gəlmişik və o, buradan qaz təchizatı ilə bağlı müqavilə imzalamaq istəyir. Siz əsasən hasilatı artıracaqsınız. ÇES şirkətinin baş icraçı direktoru buradadır. O, ən iri qazpaylayıcı şirkətlərdən biri olan ÇES ilə qaz təchizatı haqqında Sizinlə uzunmüddətli müqaviləni gələcəkdə imzalasa, təbii ki, çox məmnun olardı. Beləliklə, Azərbaycan neftdən əlavə, bu sahədə de-fakto bizim strateji tərəfdaşımız ola bilər.
Çox şadam ki, Siz Hökumətlərarası Komissiyanın iclasını keçirməyi təklif etmisiniz və düşünürəm ki, Sizin tərəfdən komissiyaya təyinatı artıq öyrənmişik. Bizim tərəfdən isə Baş nazirin birinci müavini Karel Havliçek olacaq və o, danışdığımız bütün məsələləri əhatə edəcək.
Əlbəttə ki, enerji bizim üçün olduqca vacibdir. Həmçinin vacibdir ki, Avropa anlasın: onun bəzi direktivləri, əslində, qeyri-Avropa təchizatçılarına zərər vurur və Avropada yalnız iki qaz təchizatçısının olması bizim üçün yaxşı deyil. Bir sözlə, biz həmin təchizatda maraqlıyıq və düşünürəm ki, uzunmüddətli müqavilələri imzalamağa hazırıq.
Ən mühüm Çex şirkətləri bizimlədir və bütövlükdə nümayəndə heyətimizdə 50 şirkət təmsil olunub. Əlbəttə ki, bizim Bakı Metropoliteni ilə müqavilənin imzalanmasında çox böyük marağımız var. “ŞKODA Daşımalar” ölkəmizin, bəlkə də ən iri iqtisadi “PPF Qrupu”nun bir hissəsidir. Həmin qrup digər şirkətlərlə yanaşı, birgə müəssisə qurmaq, Azərbaycanda istehsalata başlamaq, elm və tədqiqata sərmayə yatırmaq, universitetlərinizlə əməkdaşlıq etmək və təbii ki, Sizin insanlarınızla işləməyə hazırdır. Bilirik ki, qarşımızda Çin var, lakin biz çox bacarıqlıyıq və bunlar tarixən bizim qanımızdadır. Çexoslovakiya dünyada on ən çox sənayeləşmiş ölkələrdən biri olub və mən əminəm ki, biz bir kapital ola bilərdik. “Çekoslova Qrup” burada artıq fəaliyyət göstərir və əlbəttə ki, birgə müəssisə olaraq biz öz məhsullarımızı istehsal edirik.
“Aero Vodoxodı” şirkəti köhnəlmiş “L-39” təyyarələrinə de-fakto xidmət göstərir və təmir edir. Əlbəttə, biz yeni “L-39NG” təyyarəsini Sizə təqdim edirik və onu dəyərləndirsəniz, çox şad olardıq. “Kolt” şirkəti, sözün əsl mənasında, mühüm beynəlxalq şirkətdir və o, bütün dünyaya əla məhsullarını təchiz edir və şadıq ki, sizin polis və digər qüvvələr həmin məhsulları artıq tanıyır.
Bir sözlə, bu haqda biz bu gün biznes-forumda danışacağıq. Əlbəttə, başqa variantlarımız da var. Siz burada yükdaşımalarında fəal olan şirkətinizi qeyd etdiniz və biz onda təbii ki, maraqlıyıq. Bir faktı da qeyd etdik. Karlovı Varıda yeni layihə haqqında danışdıq və istərdik ki, hava limanı və onun uçuş zolağı genişlənsin. Beləliklə, bu, Çex Respublikasının sərmayə yatıracağımız yeni strateji əhəmiyyətə malik hava limanı ola bilərdi. Nəticədə ölkələrimiz arasında turizmə və inkişafa töhfə ola bilərdi. Bir sözlə, bu gün bir çox məsələləri müzakirə etdik.
Bütün bunlardan çox məmnunam. Çox yaxşı hisslər keçirirəm. Söhbətimiz xüsusi oldu və təbii ki, biz, ümumiyyətlə, dünyadakı vəziyyət haqqında danışdıq. Lakin bu gün buraya iqtisadi münasibətlərimizi sürətləndirməyə və intensivləşdirməyə gəlmişik. Həmin layihələrin sayı çoxdur. Biz hazırıq, sürətli və çevik olacağıq.
Ayırdığınız vaxta, ölkənizə səfər etmək imkanına görə çox minnətdaram. Əla qəbula görə təşəkkür edirəm.
Bütün bunları, həqiqətən yüksək dəyərləndirirəm.
***
Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumu keçirilib.
Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri tədbirdə çıxış ediblər.
Əvvəlcə Azərbaycan Prezidenti biznes-forumda çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Günortanız xeyir, xanımlar və cənablar, əziz qonaqlar.
Çox şadıq ki, Baş nazir Babişin rəsmi səfəri zamanı Çexiyanın böyük biznes nümayəndə heyəti onu müşayiət edir. Bu, biznesin birgə aparılmasında qarşılıqlı marağın çox aydın işarəsidir. Adətən, işgüzar dairələr öz qərarını layihənin gəlirliyi ilə bağlayır, lakin eyni zamanda, bir çox məsələlər hüquqi əsaslar və siyasi ölçülərdən asılı olur.
Beləliklə düşünürəm ki, bu gün Çexiya və Azərbaycan liderləri özlərinin işgüzar dairələrinə çox aydın mesaj göndərirlər: ikitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır. Fikrimcə, bu gün yüksək səviyyədə qurulan siyasi təmaslar çox güclü siyasi bünövrəni təşkil edir.
Bu gün artıq qeyd olunduğu kimi, biz Baş nazir Babişlə üç ay əvvəl Davosda bir araya gəldik, indi isə burada, Qəbələdə görüşürük. Bir sözlə, bu, həqiqətən göstərir ki, hər iki tərəf müxtəlif sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsində çox maraqlıdır. Bu gün siyasi gündəliyin, o cümlədən regional və qlobal siyasi gündəliyin bir çox mühüm məsələləri ilə yanaşı, biz, həmçinin biznes imkanları, qarşılıqlı sərmayələr haqqında xeyli danışdıq. Biz konkret layihələrə toxunduq və birmənalı olaraq biznes-forumda bütün həmin məsələlər nəzərdən keçirilir.
Əlbəttə, hüquqi çərçivəyə əlavə, hər hansı sərmayədar üçün potensial sərmayələr sahəsində iqtisadi vəziyyət də vacibdir. Auditoriyanı məlumatlandıra bilərəm ki, Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir. Çox illər ərzində, artıq doqquz ildir ki, valyutamız sabitdir. Əslində, məzənnə dəyişməz olaraq qalır. 2017-ci ildən etibarən bir dollar 1,7 manat təşkil edir. Düşünürəm ki, bu, hər hansı yerli və xarici potensial sərmayədar üçün mühüm göstəricidir. Son iyirmi il ərzində Azərbaycana sərmayə kimi 350 milyard ABŞ dolları yatırılmışdır və onun demək olar ki, yarısı xarici tərəfdaşlardan daxil olmuşdur. Bir sözlə, müsbət sərmayə iqlimi, əlbəttə ki, əsas hədəf idi. Çünki aydındır ki, sərmayələr olmasa, heç bir iqtisadiyyat inkişaf edə bilməz, xüsusilə də beynəlxalq gündəliyin qarışıq vaxtlarında.
Biz borcalmanı azaldaraq maliyyə sistemimizin gücləndirilməsinə nail olduq. Əslində, biz xarici borcu aşağı salmaq üçün bir neçə il əvvəl əsas borcalmaları dayandırdıq. Hazırda biz yenidən borcalmaya başladıq, çünki indi xarici borc ÜDM-in cəmi 6,1 faizini təşkil edir.
İnfrastruktur layihələri. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş sahələrində yenidənqurmaya gəldikdə, görüləsi işlər çoxdur. Beləliklə, biz Dünya Bankı, AYİB, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur və Sərmayə Bankı və digər aparıcı maliyyə təsisatları ilə artıq fəal işə başlamışıq. Məqsəd qarşımızda olan mühüm layihələrin icrasında daha çox dinamika yaratmaqdır. Beynəlxalq təcrübəyə gəldikdə, biz, həmçinin qeyd edə bilərik ki, “Moody’s” Reytinq Agentliyi Azərbaycanın kredit reytinqini müsbət proqnozlu sərmayə reytinqi səviyyəsinə qaldırıb. Düşünürəm ki, bütün bunlar Azərbaycana pul vəsaitlərinin qoyulması üçün münasib məkan olması barədə investorlara yaxşı işarədir. Birmənalı olaraq, siyasi sabitlik, sosial sabitlik, təhlükəsizlik, yəni ölkədə işgüzar fəaliyyətlə məşğul olmaq qərarını qəbul edən sərmayədara ilk növbədə lazım olan hər meyar var.
İkitərəfli əməkdaşlığın perspektivlərinə gəldikdə, əvvəlcə bildirmək istərdim ki, biz Avropa İttifaqından ilk kənar ölkəyə – Azərbaycana səfər etdiyinə görə Baş nazir Babişə çox minnətdarıq. Biz bunu dostluq, hörmət əlaməti kimi görürük və bu, həmçinin göstərir ki, həqiqətən hər iki ölkənin bir-birinə ehtiyacı var. Biz Azərbaycandan ardı kəsilməyən neft təchizatı ilə enerji sahəsində artıq yaxşı tərəfdaşlıq qurmuşuq. Bu gün biz təbii qaz sahəsində əməkdaşlığın başlanılması imkanlarını geniş şəkildə müzakirə etdik. Neft, qaz, neftayırma məhsulları, neft-kimya, gübrələr, elektrik enerji, süni zəka, məlumat mərkəzləri böyük potensial əsasında ikitərəfli qaydada hər iki ölkənin fəal işlədiyi bütün digər sahələri əhatə edəcək strateji əməkdaşlığın qurulması məqsədilə həmin məsələlərə geniş perspektivdən nəzər saldıq.
Nəticə verən sahələrdən biri müdafiə sənayesidir. Çexiya müdafiə sənayesi sahəsində özünün çox müasir və etibarlı məhsulları ilə xeyli tanınır. Biz Çexiyanın şirkətləri ilə artıq bir neçə müqavilə imzalamışıq. Hazırda fəaliyyət dairəsini artırmağı və birgə istehsalata başlamağı planlaşdırırıq. Elə danışdığımız zaman heyətlərimiz bunun üzərində işləyir. Bu, istənilən ölkə üçün, xüsusən də müharibə və münaqişələrin yağışdan sonra göbələk kimi artdığı dövrdə çox mühüm sahədir. Hər bir ölkə öz suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını müdafiə etməyə hazır olmalıdır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, biz böyük artım potensialı olan bu sahədə əməkdaşlıq üçün çox güclü əsas qoyduq.
Həmçinin bu gün cənab Baş nazirlə birgə qəbul etdiyimiz qərarlar arasında Birgə İqtisadi Komissiyanın həmsədrliyinin səviyyəsinin nazirlər səviyyəsinə qaldırılması və Birgə Hökumətlərarası Komissiyasının iclasının təşkili də var idi. Yaxşı olardı ki, bu iclas bu il keçirilsin. Birgə Hökumətlərarası Komissiyanın iclası sonuncu dəfə 3 il bundan əvvəl keçirilmişdir. Beləliklə, bir çox məsələlər üzərində iş gedir. Biz bu məsələlərin gedişi barədə xəbərdar edilməliyik, informasiya mübadiləsi aparılmalıdır, biznes ictimaiyyəti istiqamətləndirilməlidir və onlar üçün daha yaxşı mühit təmin edilməlidir.
Ölkəmiz üçün prioritet sayılan sahələrdə Azərbaycana yatırıla biləcək potensial investisiyalara gəldikdə, birinci sahə əlbəttə ki, sənayenin inkişafıdır və birgə istehsaldır. Biz nəqliyyat infrastrukturunun aparıcı istehsalçıları ilə Azərbaycanda birgə müəssisə yaratmaq məqsədilə Çexiyanın çox məşhur olan nəqliyyat sektorunu geniş müzakirə etdik.
Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk. Planımız 2032-ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 giqavat əldə etməkdir və bu, təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslanır. Bunun üçün çoxlu sahə işləri aparılmalıdır. Əlbəttə ki, bu, sahələrdən biri ola bilər.
Bağlantı. Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq və bu gün ənənəvi təchizat zəncirinin kəsilməsinə, logistika və tranzitlə bağlı problemlərə görə bu dəhlizə heç vaxt olmadığı kimi ehtiyac var. Beləliklə, Azərbaycan Şərqdən Qərbə və əks istiqamətdə, hətta Şimaldan Cənuba və Cənubdan Şimala təhlükəsiz və etibarlı tranziti təmin edir. Biz hər iki dəhlizin kəsişməsində yerləşirik və son illərdə infrastruktura geniş investisiyalar ilə biz bir çox ölkələrə lazım olan bu böyük aktivi artıq yaratmışıq.
Turizm, əlbəttə ki, tərəfdaşlığın önəmli sahəsi ola bilər. Hər iki ölkənin zəngin tarixi, mədəniyyəti, abidələri, təbiəti var. Yeri gəlmişkən, bugünkü forum təkcə Azərbaycanın deyil, daha geniş coğrafiyanın qədim parçası olan bir yerdə keçirilir. Qəbələ əsrlər boyu qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Bu gün deyərdim ki, Azərbaycanın turizm paytaxtıdır. Biz əlbəttə ki, əlaqələr, xalqlararası təmaslar, mövcud olan, lakin planlarımızı nəzərə alaraq artırmalı olduğumuz hava yolu əlaqəsi üzərində çalışmalıyıq.
Biz, həmçinin Azərbaycanın regionda artıq önəmli rol oynadığı hava ilə yükdaşımaları sahəsində potensial əməkdaşlığı müzakirə etdik. Bir çox digər sahələr də var. Əlbəttə ki, qeydlərimizdə bütün məsələləri əhatə etmək mümkün deyil. Lakin mən əminəm ki, biznes dairələri bu gün biznesin qurulması və dostyana mühitin yaradılması üzrə potensiala dair aydın anlayışla bir araya gəliblər. Ümid edirəm ki, Çexiya və Azərbaycandan olan biznes dairələrinin nümayəndələri həm də yaxşı dost olacaqlar. Bu dostluğun təməli bu gün qoyulacaq və o, davam edəcəkdir.
Bir daha, cənab Baş nazir, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz.
x x x
Sonra Çexiyanın Baş naziri biznes-forumda çıxış etdi.
Baş nazir Andrey Babişin çıxışı
-Hörmətli cənab Prezident Əliyev, nazir Cabbarov, hörmətli qonaqlar, xanımlar və cənablar.
Ən dinamik ölkələrdən biri olan Odlar diyarı Azərbaycanla əlaqələrin gücləndirilməsinə və yeni üfüqlərin kəşfinə həsr olunmuş Çexiya-Azərbaycan biznes-forumu üçün burada, Qəbələdə olmaqdan böyük şərəf hissi duyuram.
Azərbaycan əlbəttə ki, bizim üçün, Çex Respublikası üçün strateji tərəfdaşdır. Buna görə də Avropa İttifaqına üzv olmayan ölkələr arasında ilk səfərimi məhz buraya edirəm. Biz cənab Prezidentlə Davosda görüşmüşdük, bu səfəri razılaşdırmışdıq və burada olmağımdan şadam və şərəf hissi keçirirəm. Eyni zamanda, Sizi Praqada qəbul etmək üçün dəvəti də çatdırıram.
Ölkələrimiz arasında Birgə İqtisadi Komissiyanın təşkil edilməsi ilə bağlı ideya var və bizim tərəfdən bu komissiyaya birinci vitse-premyer cənab Havliçik rəhbərlik edəcəkdir. Hesab edirəm ki, bu komissiya işinə mümkün qədər tez – bu il başlamalıdır ki, biz bütün bu layihələrdə irəli gedə bilək.
Enerjiyə gəldikdə, biz Avropa İttifaqında enerjidən danışırıq. Çex Respublikası bütün liderlərə, komissiyaya və Avropa İttifaqı Şurasına dörd məktub göndərib. Bizim problemimiz var. Bizim problemimiz yaşıl razılaşma ilə bağlıdır və bu məsələ bugünkü durumundan fərqli olaraq tamamlanmaq üzrədir. Bununla da “ETS1”, “ETS2” ilə Avropa sənayesi məhv edilir, Avropanın və Avropa vətəndaşlarının həyatlarına zərbə vurulur. İndi isə Hörmüz boğazı ilə bağlı problem yaşayırıq. İndi Avropada xam neft və qaz məsələsi üzə çıxır. Biz buraya enerji ilə bağlı danışıqlar aparmaq üçün də gəlmişik, çünki Azərbaycan Çex Respublikasına xam neftin ən böyük təchizatçısıdır, 42 faiz təchiz olunur. Siz bir nömrəli təchizatçımızsınız.
Biz buraya qazın ən böyük paylayıcısı olan ÇES şirkəti ilə gəlmişik və əlbəttə ki, uzunmüddətli əməkdaşlığı, uzunmüddətli müqaviləni, ikitərəfli investisiyaları müzakirə etməyə çox şad olardıq. Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və əlbəttə ki, bizim bu məsələyə çox böyük marağımız var. Hər ikimiz etibarlı tərəfdaş olduğumuzu bilirik və bizim əməkdaşlığımız qarşılıqlı hörmətə və etibara əsaslanır. 2025-ci ildən indiyədək ticarət dövriyyəsi 1,75 milyard avro təşkil etmişdir və bu, əsasən xam neftin təchizinə görə olmuşdur. Lakin gələcəkdə şaxələndirmə üçün böyük potensial mövcuddur. Məhz buna görə, cənab Prezident, çox önəmli 50 Çex şirkətinin nümayəndələri ilə buraya təşrif buyurmuşam və Sizi bu gün burada bizimlə bir yerdə olan bu konkret şirkətlərlə tanış etmək istəyirəm. Biz enerji üzrə həllərin tam spektrini təklif edən kurasiyamızda olan bir qrup ixtisaslaşmış şirkətləri bir araya gətirmişik. Bu gün burada təmsil olunmuş şirkətlər arasında ÇES, “Inco Engineering”, “Provico”, “TTC Marconi”, “ZPA Pečky”, “ZVVZ Engineering” və “ŽDAS” var.
İcazə verin, həmçinin müdafiə sektorunda fəaliyyət göstərən bir qrup şirkəti Sizə təqdim edim və Siz artıq onlarla tanışsınız. Çex Respublikası 1939-cü ildə dünyada hərbi avadanlıq və silahların ən böyük istehsalçısı idi. Burada Çexiya və Slovakiya qrupu da təmsil olunur, birgə müəssisələr, investisiyalar, – “L-39NG Aero Vodochody”, “CSG Aerospace”, “Česká Zbrojovka”, “Colt”, “Excalibur International”, “Explosia”, “VOP CZ”, “Omnipol” və “Livance SRO Meteopress”, – biz bu layihələri müzakirə etmişik. Bütün bu şirkətlər Sizin xüsusi ehtiyaclarınıza uyğun hərtərəfli çeşiddə məhsul və inteqrasiya olunmuş həlləri təklif edirlər. Nümayəndə heyətimiz müasir nəqliyyat mühəndisliyində ən yaxşı həlləri təcəssüm etdirir. Bu şirkətlər qatarlar və dəmir yolu texnologiyasından tutmuş, qabaqcıl nəqliyyatı idarəetmə sistemi və “ağıllı” infrastruktura qədər hər şeyi təmin edirlər. Onlar bizə daha da sürətli, təhlükəsiz və dayanıqlı nəqliyyat şəbəkəsini qurmağa kömək etmək üçün buradadırlar. Əlbəttə ki, “ŠKODA Transportation” və Çexiyada çox önəmli və iqtisadi qrup olan “PPF”in üzvü olan “ŠKODA” şirkətlər qrupunun Bakı metrosunda keçirilən tenderdə uğur qazanması bizi çox şad edərdi. Həmçinin “AŽD Praha”, “CZ Loco”, “Daco” və “Tatra Export” şirkətləri də burada təmsil olunur. Burada olan bütün bu şirkətlər çox konkret layihələr təqdim ediblər və mən əminəm ki, bizimlə işbirliyi qursanız, bundan çox məmnun qalarsınız.
Həmçinin geologiya və mədən sənayesi sektorunu təmsil edən ixtisaslaşmış “Česká geologická služba və Frýdlantské strojírny”, “TR”, “SRO” şirkətlərini də təqdim etmək mənim üçün şərəfdir. Bu şirkətlər suyun idarəedilməsi və dayanıqlılıq məsələlərində ixtisaslaşmış şirkətlərdir. Burada “MEGA”, “Chemoprojekt” və maliyyə sektorunda fəaliyyət göstərən “Czech Export Bank”, “Exportní garanční a pojišťovací společnost”, analitik texnologiyalar və laborator şəbəkə xidmətləri üzrə fəaliyyət göstərən “JTH Holding” şirkətləri də var.
Bu gün müzakirələrimizin təbii ki, sənaye və iqtisadi artıma fokuslanmasına baxmayaraq, biz tərəfdaşlığın texnologiya və ticarətdən daha dərin olduğunu hesab edərək, onun, eyni zamanda, mədəniyyəti, təhsili və sosial məsuliyyəti əhatə etdiyini düşünürük. Bu kontekstdə musiqi alətləri üzrə ixtisaslaşmış və ümumdünya miqyasında tanınmış şirkət olan “Petrov”u salamlamaq istəyirəm. Bundan əlavə çox vacib məsələni də Sizin diqqətinizə çatdırmaqdan fərəh hissi keçirirəm. Burada təmsil olunan şirkət və təşkilatlardan bəziləri sosial tərəqqiyə, xüsusilə qadınların cəmiyyətdə və peşəkar sahədə roluna dərindən bağlıdırlar. Bunu nəzərə alaraq, mən Qadın Sahibkarlarının və Menecerlərinin Çexoslovak Moraviya Assosiasiyası olan “FCEM”i salamlamağa çox şadam. Bu şirkətlər müvafiq sənayelərin zirvəsini təmsil edərək onilliklər ərzində davam edən Avropa ənənələrini bu gün qlobal bazarları müəyyənləşdirən müasir innovasiyalarla birləşdiriblər. Beləliklə, şirkətlərin siyahısı budur, çox böyük maraq var idi və biz yəqin ki, siyahıya 100 şirkəti əlavə edə bilərdik. Lakin, cənab Prezident, biz düşündük ki, müəyyən seçimlər etməliyik. Beləliklə, bu siyahı Çex şirkətlərinin gözəl ölkənizə və sizinlə iş qurmağa olan marağını əks etdirir.
İndi isə şirkətləri öz təklifləri ilə çıxış etməyə dəvət edirəm. Hesab edirəm ki, bugünkü forum, əlbəttə ki, bizim əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq və bu bizim üçün çox önəmlidir. Çünki biz əminik ki, şirkətlərimiz əla məhsul və xidmətləri təklif edirlər. Biz birgə müəssisə yaratmağa, insanlarınızı işə götürməyə, tədqiqat və araşdırmaya investisiya yatırmağa, universitetlərlə əməkdaşlıq etməyə hazırıq və ölkəmizdə böyük potensial mövcuddur.
Çox sağ olun. Mən Sizi Praqada qəbul etməyi səbirsizliklə gözləyirəm və bundan əvvəl ümid edirəm ki, nümayəndələrimiz bu layihələri irəli aparacaq və ticarət dövriyyəmiz xeyli artacaq.
Çox sağ olun, cənab Prezident.

***
Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumu keçirilib.
Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri tədbirdə çıxış ediblər.
Etikxeber.az





