Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Məktəbəqədər təhsil müəssisələrində psixoloji yardım həyata keçiriləcək.
Etikxeber.az-ın məlumatına görə, bu, Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Məktəbəqədər təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
***
Sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil sahəsində hüquqları artırılır.
Bu, müzakirəyə çıxarılan “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil sahəsində ödənişsiz psixoloji yardım almaq hüququ olacaq.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
***
Yaradılması və fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında dəyişiklik edilir.
Bu, müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dövlət peşə, orta ixtisas, ali və əlavə təhsil müəssisələrinin yaradılması və fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin sırasından çıxarılır.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
***
Yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulacaq.
Bu, müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
***
Azərbaycanda elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını həyata keçirəcək qurum müəyyənləşir.
Bu, isə müzakirəyə çıxarılan “Elm haqqında” qanuna təklif edilən təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, elmi müəssisələrin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Elmi müəssisələrin akkreditasiyası qurumu müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnaməyə uyğun olaraq, ictimai əsaslarla fəaliyyət göstərir. Layihəyə əsasən, elmi müəssisələrin (təşkilatların) akkreditasiyası ali attestasiya orqanı tərəfindən həyata keçiriləcək.
Layihədə elmi təşkilatlara yeni hüquq verilməsi də əksini tapıb. Dəyişikliyə əsasən, elmi təşkilatlar dünya elmi məkanında tanınmaq və reytinqini yüksəltmək məqsədilə beynəlxalq akkreditasiyadan keçmək hüququna malik olacaq. Hazırda elmi müəssisələr belə hüquqa malikdir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
***
Eyni zamanda, bələdiyyələrin vəzifələrinin artırılması nəzərdə tutulur.
Bu da müzakirəyə çıxarılan “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanuna təklif edilən dəyişiklikdə (birinci oxunuş) əksini tapıb.
Bələdiyyənin vəzifələri sırasına tullantı sularını təmizləyərək, təkrar dövriyyəyə yönəltmək, bu, mümkün olmadıqda zərərsizləşdirərək istehsal sahələrindən, şəhər və qəsəbələrdən kənara axıdılmasını təşkil etmək vəzifəsi qoyulur.
***
Həmçinin, tullantıların emalı müəssisələri üçün yeni tələblər müəyyənləşdirilir.
Bu barədə isə müzakirəyə çıxarılan “İstehsalat və məişət tullantıları haqqında” qanuna nəzərdə tutulan əlavədə (birinci oxunuş) bildirilir.
Təklif edilən yeni tələblərə əsasən, təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə, bu məqsədlə qurğuların, poliqonların layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.
Həmin emal müəssisələri, qurğular, poliqonlar ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsiri üçün ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin hazırlanması tələb olunmur. Lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə atıla bilən tullantı həddi, buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər ediləcək.
Bu emal müəssisələri, qurğular, poliqonların fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi aparılacaq.
Həmin emal müəsisələri, qurğular, poliqonlara dair ətraf mühitə təsirin qiymətləndirilməsi həyata keçirilərkən onların transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həll olunacaq.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Etikxeber.az





