Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tərtər rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rəşad Hafiz oğlu Mirzəlinin doğum günüdür.
Rəşad Mirzəlinin bu gün-26 may 2026-cı il tarixində 31 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Hacıqərvənd kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar olunub, “Quran” oxunub.
Məzarı başında qısa çıxışlar edilib.
Ailəsinə-anası Afidə xanıma və atası Hafiz Mirzəyevə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki altıncı doğum günü təbrik olunub.
Şəhidin anası və hazırda Talış kənd orta məktəbinin direktoru işləyən Afidə xanımın dediklərindən:
“Desələr ki, canını versən Rəşad yenidən həyata qayıdacaq, gözümü qırpmadan canımı qurban edərdim…Tək balam qayıtsın, təki Rəşadım geri dönsün…Bala, nolar bircə saatlıq da olsa, qayıt gəl, qapıdan içəri gir, ananı qucaqla…Sənə çox ehtiyacım var…Sənsiz mənə çox çətindir, çox çətin…Sənsiz dözə bilmirəm, sənsiz dözmək olmur…”
Məzarını ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə məclis düzənlənib, adına ehsan süfrəsi təşkil olunub, bir daha ruhuna dualar edilib.
Şəhidin anası Afidə xanıma Rəşad Mirzəli haqqında qələmə alınmış kitab təqdim olunub.
Xatirə fotoları çəkdirilib.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki altıncı doğum günü ilə bağlı məclisdə ailə üzvləri, doğmaları, Tərtər, Biləsuvar və Kürdəmirdən olan Şəhid ailələri, Qazilər, din xadimləri, Talış kənd orta məktəbinin müəllim kollektivi və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Rəşad Mirzəli 1995-ci ilin 26 may tarixində Tərtər rayonunun Hacıqərvənd kəndində dünyaya gəlib…
Ailənin iki oğlan övladından biri və evin sonbeşiyi olub…
Polis orqanlarında işləyən və ondan böyük olan tək qardaşı hazırda subaydır…
2001-2012-ci illərdə orta məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən sonra-2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb və hərbi xidmət zamanı Azərbaycan Ordusunun sülhməramlı qüvvələrinin sırasında 6 ay qulluq edib…
Sonra isə digər Əsgər yoldaşları ilə birlikdə könüllü olaraq xidmətini Əfqanıstanda davam etdirib.
Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təşəkkürnamə ilə təltif olunub, həmçinin, Prezident ona gümüş saat hədiyyə edib…
Hərbi qulluq müddətini başa vurduqdan sonra Azərbaycana qayıdan Rəşad Mirzəli Azərbaycan Silahlı Qüvvələrinin sırasında müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) başlayıb…
Müqaviləsi başa çatdıqdan sonra Mingəçevir Turizm Kollecinə daxil olub və təhsilini davam etdirərkən sənədlərini Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Gizir Hazırlığı Kursuna təqdim edib…
Kursu bitirdikdən sonra isə Goranboyda yerləşən “N” saylı hərbi hissədə Gizir kimi fəaliyyətə başlayıb və nümunəvi, intizamlı olduğu üçün onu taqım komandirinin müavini təyin ediblər…
İkinci Vətən Müharibəsinin ilk günlərindən də döyüş meydanına atılıb…
Rəşad və onun döyüş yoldaşları Murov yüksəkliyi, Tərtərin Talış kəndi istiqamətində uğurlu hərbi əməliyyatlar keçirib…
Sonrakı istiqamət Suqovuşan olub və Rəşad Mirzəli oktyabrın 1-də, 25 yaşında Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb…
Ailəsi-atası ilə də sonuncu dəfə Şəhidliyindən bir gün öncə, sentyabrın 30-da danışıb…
Nəşi bir gün sonra, oktyabrın 2-də Hacıqərvənd kənd qəbiristanlığında torpağa tapşırılıb….
Şəhidliyindən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib…
Rəşad həm də subay olub.
O, eyni zamanda, Hacıqərvəndin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində yatsın!
13:14
***
FOTOLAR:




14:00
***








15:05
***




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





