“Erməni barbarları heç bir qaydaya məhəl qoymurlar…”-MİLLƏT VƏKİLİ

Yüz illərdir erməni millətçiləri çalışır ki, Azərbaycan xalqının tarixi yaddaşını silsinlər. Bunun üçün maddi və mənəvi abidələrimizi dağıtmağa can atırlar. Ermənilər qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silməklə xalqımızın tarixini məhv etmək istəyirlər. Həyata keçirdikləri “mədəniyyət soyqırımı” da Azərbaycan xalqının tarixi yaddaşını oğurlamaq arzusudur. Bu abidələr, təkcə yaddaş obyektləri deyil, həmçinin maddi və mənəvi abidələr tarixi və mədəni yaddaşın canlı laboratoriyasıdır. Ümumiyyətlə, mədəni irsin məhv edilməsi bəşəriyyətə qarşı yönələn qəsddir və Ermənistanın Azərbaycan mədəniyyətinə qarşı törətdiyi vandallıq heç bir insanlığa sığmır.

Müharibənin öz qaydaları var. Bütün beynəlxalq sənədlər mədəni irs obyektlərinin, tarix və arxeologiya abidələrinin müharibə hədəfi kimi istifadə olunmasına qarşıdır. Ancaq erməni barbarları heç bir qaydaya məhəl qoymurlar. Halbuki beynəlxalq humanitar hüquq silahlı münaqişədə tərəfləri mədəniyyət abidələrini qorumağa və onlara hörmət etməyə məcbur olduğunu bildirir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

M.Cəfərovun sözlərinə görə, müharibə qaydalarına əsasən, münaqişə iştirakçılarına mədəni irs obyektlərinə hücum etmək və onlardan hərbi məqsədlər üçün yararlanmaq qadağandır:

“Lakin ermənilər uzun illər işğal altında olan torpaqlarımızda abidələri hərbi obyekt kimi istifadə ediblər. Bundan başqa, münaqişə tərəfləri maddi və mənəvi abidələrin oğurlanmasının və ya talan edilməsinin qarşısını almalıdırlar. Ancaq ermənilər bütün beynəlxalq qanunları heçə sayaraq Azərbaycanın işğal olunmuş torpaqlarında mədəniyyət dəyərlərimizə qarşı vəhşilik edib və İrəvana daşıyıblar. Azərbaycan erməni vandallığı haqqında hazırlanan sanballı elmi araşdırmaları dünya ictimaiyyətinin diqqətinə çatdırıb”.

Deputat bildirib ki, mənfur qonşularımız hazırda yaşadıqları türk-müsəlman torpaqlarında da Azərbaycanın mədəniyyət izlərini yox etməyə çalışırlar:

“Təkcə İrəvan xanlığının mirasının məhv edilməsini qeyd etmək yetər. Ermənistan ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində türk-İslam dünyasına məxsus dəyərli nümunələr aşkarlandığı dünya tədqiqatçıları tərəfindən dəfələrlə qeyd olunub. Avropadan və Rusiyadan gələn bir çox tədqiqatçıların əsərlərində Xan sarayını, onun Güzgülü salonunu, Yay köşkünü, qaladakı və şəhərdəki məscidləri, karvansaraları, hamamları türk-müsəlman abidələri kimi təsvir ediblər.

XX əsrin əvvəllərindən etibarən Ermənistan ərazisində azərbaycanlılara məxsus maddi mədəniyyət nümunələrinin sistematik olaraq dağıdılması prosesi başlanıb. Ermənistan ərazisində azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidə tədricən erməni vandalları tərəfindən dağıdılıb. Lakin mövcud olan mənbələr və ayrı-ayrı müəlliflərin əsərlərindən də görünür ki, erməni vandalları azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin izlərini silməyə, onları öz adlarına çıxmağa cəhd etsələr də, tarixin yaddaşından onları silmək mümkün deyildir.

Erməni vandalları bu sahədə istəklərinə nail ola bilmədilər. Biz öz torpaqlarımızı azad etdik və bütün tarixi abidələrin qədimliyini qoruyaraq bərpa edirik. O torpaqların əsl sahiblərinə aid olduğunu bütün dünya da gördü”.

Deputatın dediyinə görə, bu səbəbdən də indiki Ermənistanda, yəni qədim Azərbaycan torpaqlarında qalan bütün abidələri mənfur qonşularımızda tamamilə məhv etmək istəyi yaranıb:

“Çünki artıq özləri də bütün həqiqətləri yaxşı başa düşürlər. Buna görə də İrəvanda azərbaycanlıların ən kiçik bir izini belə saxlamaq istəmirlər. Müzəffər Ali Baş Komandamızın sərkərdəlik məharəti, güclü siyasi iradəsi, Ordumuzun gücü və xalq-iqtidar birliyi erməni terrorçularının bu niyyətlərini puça çıxarıb”.

Etikxeber.az

Read Previous

31 mart soyqırımından-103 İL ÖTÜR…

Read Next

“Gün gələcək qanlı qatillər-sarkiyanlar, koçaryanlar, ohanyanlar, digər “yanlar” və onların havadarları ədalət mühakiməsi qarşısında sorğulanmalı və cinayətlərinə görə, cavab verməli olacaqlar”-ZİYAD SƏMƏDZADƏ YAZIR – (ÜÇÜNCÜ-SONUNCU YAZIR)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir