Ermənilər beynəlxalq hüquq normalarına zidd müxtəlif təxribat və qırğınlar törədib – DEPUTAT – FOTO

Fevralın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunan “Qara yubiley – Xocalı faciəsinin 25 yaşı” mövzusunda elmi sessiya keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı ermənilər tərəfindən dinc, günahsız əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bu dəhşətli hadisə millətimiz üçün həm böyük insan tələfatı, həm də tarixi mədəniyyət abidələrinin məhv edilməsi ilə nəticələnib. Mənfur qonşularımız tarixboyu və ölkəmiz müstəqillik qazandıqdan sonra da Azərbaycan dövlətinə, xalqımıza qarşı öz məkrli siyasətlərindən əl çəkməyiblər.

Muzeyin direktoru xalqımıza qarşı planlı şəkildə gerçəkləşdirilmiş terror, deportasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi Xocalı soyqırımını təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırıb.

Vurğulanıb ki, mərhum Heydər Əliyev tərəfindən Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib, bu faciənin ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı aktı olduğu bütün dünyaya bəyan edilib.

R.Hüseynov ermənilərin zaman–zaman xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və deportasiya siyasətindən də danışıb. Bildirib ki, tarixboyu ermənilər xalqımıza qarşı düşmənçilik mövqeyi tutub, ayrı-ayrı dövrlərdə Azərbaycanın inamlı addımlarla irəliləməsindən narahat olaraq beynəlxalq hüquq normalarına zidd müxtəlif təxribat və qırğınlar törədiblər.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının uğurla həyata keçirilməsi nəticəsində artıq bir sıra dövlətlər Xocalıda törədilən qırğını soyqırımı kimi qəbul edib.

Tədbirdə professor Xatirə Bəşirlinin “Xocalı soyqırımının tanıdılması Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetlərindən biri kimi”, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəylinin “Türkdilli mənbələrdə Xocalının səsi”, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayevanın “Xocalı faciəsinin ədəbiyyat və mədəniyyətdə əksi” mövzusunda məruzələri dinlənilib.

Etikxeber.az

Read Previous

Naxçıvanın Konstitusiyası dəyişdirildi…

Read Next

Fevralın 26-da paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir