Ermənilər və Ermənistan üçün-SONUNCU ŞANS! – ELDAR İBRAHİMOV YAZDI

“Biz Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edirdik. Nəhayət biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Onların hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına, nəhayət razılıq verib.

Fikrimcə, bunlar son hadisələrin mühüm təzahürüdür və onlar, həmçinin göstərir ki, hazırda, İkinci Qarabağ müharibəsindən ilyarım keçdikdən sonra Ermənistan rəhbərliyi və ümid edirəm ki, onun əhalisi sülhün zəruriliyini anlayır. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq”.

Bu fikirlər ölkə Prezidenti, Qalib Sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyevə məxsusdur.

Dövlət başçısı bu fikirləri bugünlərdə ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxşı zamanı dilə gətirib.

Qeyd edək ki, “Beynəlxalq Şuşa Forumu” adı altında keçirilən mötəbər və nüfuzlu tədbirdə 23 ölkədən 40 iştirakçı qatılmışdı.

Onu da qeyd edək ki, beynəlxalq konfrans artıq ikinci dəfədir təşkil olunmuş və özünü yaxşı mənada, müsbət anlamda təsdiqləmişdir.

Bu, artıq bir ənənədir. Sonuncu dəfə biz ötən ilin aprelində burada görüşdük və münaqişədən sonrakı vəziyyətə aid bir çox məsələləri müzakirə etdik. Əlbəttə ki, planlarımızı, niyyətlərimizi daha yaxşı anlamaq və görülmüş işləri nəzərdən keçirmək məqsədilə bizim üçün və fikrimcə, beynəlxalq ictimaiyyət üçün bu ənənəvi görüşlərin təşkili çox vacibdir”-deyən dövlət başçısı bildirib ki, bəlkə də bu görüşlərin və konfransların başqa forması olsun.

Bu, başqa şəhərlərdə də, məsələn, Ağdamda, Zəngilanda və azad etdiyimiz digər şəhərlərdə keçirilə bilər.

Və beləliklə, biz qarşılıqlı fəaliyyətimizi daha səmərəli edə bilərik. Çünki bizim üçün beynəlxalq ictimaiyyət tərəfindən nəyin baş verdiyinin, işğal illəri barədə tam həqiqətin, sülhün qurulmasında planlarımızın və niyyətlərimizin bilinməsi vacibdir. Bu səbəbdən, fikrimcə, iştirakçılarımız və bu gün bizimlə ola bilməyən ekspert dairələrinin üzvləri arasında daimi əlaqə xətti olmalıdır. 

Konfrans zamanı nüfuzllu ekspertlərin suallarını cavablandıran dövlət başçısı nəinki Azərbaycanda və bölgəmizdə, ümumiyyətlə, dünyamızda baş verən hadisələrə bir daha özünün rasional, realist və uzaqgörən yanaşmasını, parlaq zəkasını ortaya qoydu.

Olduqca sərrast cavabları və tutarlı arqumentləri ilə bir özünün LİDER obrazını hər kəsə nümayiş etdirdi.

“…Biz tam olaraq müstəqil olduq, müstəqil siyasət aparmaq imkanını əldə etdik və Qarabağı geri qaytardıq. Ermənistan isə, həqiqətən müstəqil ölkə olmaq şansını əldən verdi. Çox da təfərrüata varmaq istəməzdim, oranın siyasi konfiqurasiyası hər kəsə məlumdur. Bununla yanaşı, onlar özlərinə məxsus olmayan torpaqları itirdilər. Yəni, onlar bunu dərk etməli və özləri üçün yeni hədəf müəyyən etməlidirlər”-deyərək, Ali Baş Komandan bəyan edib ki, həmin hədəf sülh, əməkdaşlığın bəhrəsi, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina edilməsi olacaq.

Çünki heç kim üçün sirr deyil ki, Türkiyə kimi iqtisadi gücə və dünyada barmaqla sayıla biləcək aparıcı orduya sahib olan ölkəyə qarşı ərazi iddiasının olması tamamilə qeyri-rasionaldır.

Bəli, biz Türkiyə-Ermənistan prosesini dəstəkləyirik və hesab edirik ki, bu, Ermənistan hökuməti və siyasətçiləri üçün fürsətdir.

Gələcəkləri necə olacaq və özlərini regionda necə görürlər, bu haqda yaxşı düşünməlidirlər.

Onlar bütün illüziyaları bir kənara qoymalı, ordunu yenidən qurmaq, 5 milyon nəfər əhaliyə sahib olmaq və güc toplayaraq torpaqları geri qaytarmaq kimi fikirlərdən vaz keçməlidirlər. Əks halda, bu, onların dövlətçiliyinin rəsmi süqutu olacaqdır.

Odur ki, biz müsbət meyilləri dəstəkləməyə hazırıq və bunu edirik. Bizim ümidlərimiz var, ancaq biz erməniləri sınamalıyıq, çünki bu günədək onlarla sülh ətrafında danışıqlar aparmamışıq.

Artıq bunun vaxtı çatıb.

Ali Baş Komandanın da dediyi kimi, sərhəd məsələsi ilə bağlı danışıqlar tezliklə başlayacaq.

Sülh müqaviləsi ilə bağlı danışıqlara gəldikdə, biz başlamağa hazırıq və Ermənistan hökuməti tərəfindən tarixlərin verilməsini gözləyirik.

Bəli, bir daha sözümü dedik, mövqeyimizi ortaya qoyduq, bir daha seçimimizi etdik.

İndi seçim onların, qarşı tərəfindir və hansı seçim edəcəklərsə, o cür də qarşılığını görəcəklər.

Ölkə Prezidentinin vurğuladığı kimi, bizim planlaşdırdıqlarımızı həyata keçirməyə hər şeyimiz var – sadiqlik, iradə, resurslar, səfərbərlik, cəmiyyətimizin birliyi və stabillik.

Biz bunları qonşularımızla paylaşmaq istəyirik.

Xüsusilə, Ermənistan bizim etdiklərimizi dərindən təhlil etməli və bu şansı əldən verməməlidirlər.

Çünki bu, sonuncu şans olacaq, onlar bu qatara minməlidirlər.

Əksini özləri düşünsülər.

Biz Qarabağı yenidən qururuq, yenidən dirçəldirik, yenidən cənnət məkanına çeviririk və çevirəcəyik.

Kimsə və kimlərsə bu yolda bizə əngəl və maneə ola bilməz və ola bilməyəcək.

Kimsə və kimlərsə yenidən əngəl olmağa çalışacaqlarsa, onları da əzib keçəcəyik.

Yaxın zamanlarda Zəngilanın Ağalı kəndinə məcburi köçkünlərin qayıdışı başlayacaq, ardınca Füzulinin Dövlətyarlı kəndində eyni prosesə start veriləcək və növbəti mərhələdə bunların davamı gələcək.

“İstədiyimiz isə odur ki, keçmiş məcburi köçkünlər tezliklə öz dədə-baba torpaqlarına qayıtsınlar, orada rahat yaşasınlar və maksimum çox adam oraya qayıtsın, orada yaşasın”-deyərək, bir daha dövlət başçısı bugünlərdə “Böyük qayıdış”ın anonsunu verib.

Biz Qarabağa gəlmişik, biz Qarabağdayıq və biz Qarabağda qalacağıq!

Qarabağ bizim olub, bizim idi, bizim oldu, bizim də olacaq!

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam Komissiyasının sədri

Etikxeber.az

Read Previous

Daha bir ölkə Rusiya qazına görə rublla ödənişdən-İMTİNA ETDİ

Read Next

“Hazırda hər bir ölkə üçün, ola bilsin ki, bir neçə il əvvəl olduğundan daha vacib olan ərzaq təhlükəsizliyidir…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir