Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının, digər qurumların qəbul etdikləri qətnamələr, müxtəlif sənədlər var. Amma beynəlxalq təsisatların qəbul etdikləri qərarların icrasına nail olmaması, bu sahədə fəaliyyətsizliyi də bir gerçəkdir”.
Etikxeber.az-ın məlumatına görə, bunu millət vəkili Eldəniz Səlimov deyib.
Millət vəkilininin dediyinə görə, nəticədə beynəlxalq hüququn təməl prinsiplərini manipulyasiya etmək tendensiyası artır, aqressiv separatizm, müstəqil ölkələrin suverenliyinə qəsd və digər meyillər güclənir.
O, bildirib ki, Ermənistan xalqların öz müqəddəratını təyinetmə hüququnu bəhanə edərək Azərbaycana qarşı müharibəyə başlayıb, ərazimizin 20 faizini işğal edib, 1 milyon insan yurd-yuvasından didərgin düşüb.
E. Səlimovun sözlərinə görə, beynəlxalq birlik 20 ildən çoxdur ki, bunu sadəcə, laqeydlik və etinasızlıqla seyr edir:
“Ərazi bütövlüyü prinsipi beynəlxalq hüququn təməli, dünyada sülhün və sabitliyin təmin edilməsində başlıca prioritetdir. Təəssüf ki, müasir dünyada ikili standartlar bu prinsipin aşınmasına gətirir. Beynəlxalq təşkilatların seyrçi mövqeyi isə Ermənistanın bu cəzasızlıq mühitində aqressiv davranmasını təşviq edir.
Digər yandan, sülh prosesinə vasitəçilik edən ATƏT Minsk qrupunun həmsədri olan ölkələrdə erməni lobbisinin güclü olması bu dövlətlərin Dağlıq Qarabağ münaqişəsinə münasibətinə də təsirini göstərir. Münaqişədə təcavüzkarla təcavüzə məruz qalanın bərabər tutulması, işğal faktına adekvat qiymət verilməməsi, hər iki tərəfdən eyni dərəcədə kompromis gözlənilməsi beynəlxalq vasitəçilərin məsələyə qeyri-obyektiv baxışının göstəricisidir. Bu, Minsk qrupunun ədalətli vasitəçiliyinə olan inamı heçə endirir.
Bu yaxınlarda Prezident ABŞ dövlət katibinin Qarabağ münaqişəsində hər iki tərəfin kompromisə hazır olmaması barədə sözlərinə çox tutarlı cavab verdi. Prezident bildirdi ki, bu cür danışmaq ən azı insafsızlıqdır. Belə bəyanatların əsl mahiyyəti ondan ibarətdir ki, vasitəçilik missiyasını öz üzərinə götürmüş dövlətlər Ermənistana təzyiq etmək, işğal faktını aradan qaldırmaq istəmirlər.
Azərbaycan rəhbərliyi münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib və bu istiqamətdə siyasi iradə və ardıcıl mövqe nümayiş etdirir. Amma Ermənistanın qeyri-konstruktivliyi və vasitəçilərin buna göz yumması bizi vadar edir ki, torpaqlarımızı işğaldan azad etmək üçün haqqımız olan başqa vasitələrə əl ataq. Bu ilin aprelində işğalçı tərəfin cəbhə törətdiyi təxribata cavab olaraq hərbi qüvvələrimizin bir neçə istiqamətdə irəliləyərək düşmənə sarsıdıcı zərbə endirməsi və strateji yüksəkləri ələ keçirməsi hər kəsə göstərdi ki, bu vasitə nə dərəcədə təsirli ola bilər.
Bir vaxtlar Ermənistan kənardan aldığı dəstək sayəsində özünü Azərbaycandan üstün hiss edə bilərdi, amma bu, artıq keçmişdə qalıb. Azərbaycanın ordu hissələrinin qısamüddətli əks-hücumu Ermənistan ordusu və onların yaratdığı istehkamların keçilməz olduğu barədə mifləri dağıtdı”.
Deputat bildirib ki, bu, həmçinin Azərbaycanda ordu quruculuğu və hərbi-sənaye kompleksinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin nə qədər düzgün olduğunu göstərdi:
“Prezidentimizin də qeyd etdiyi kimi, biz hərbi potensialımızı gücləndirərək məsələni hərb yolu ilə də həll edə bilərik. Bunu hər kəs bilməlidir.
Bu, dövlətin imkanlarına, ordusunun qüdrətinə və xalqının dəstəyinə arxalanan güclü liderin mövqeyidir. Ermənistan da, onun havadarları da bu reallıqla bir gün hesablaşmalı olacaqlar.
Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Bununla belə, münaqişənin kompromis həll yolu var və erməni tərəf bu barədə düşünməlidir. Ermənistan başqasının torpağını işğal edib və bu işğalçılığın cavabını bir gün alacaqlarını bilirlər…”
Etikxeber.az