“…Ermənistan isə işğal olunmuş torpaqlarda bütün mədəni irsimizi məhv edib” – PREZİDENT -FOTO – YENİLƏNİB (2)

Mayın 5-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi açılışı oldu.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak edirlər.

Əvvəlcə birgə foto çəkdirildi.

Sonra dövlət başçısı mərasimdə nitq söylədi.

Forumda 800-dən çox xarici nümayəndə iştirak edir. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, tanınmış alimlər, səfirlər, ictimai xadimlər daxildir. Artıq qlobal mədəniyyətlərarası dialoq platformasına çevrilən Forumda ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində təmsil olunur.

Forum çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, 40-dək sessiya və tədbir keçiriləcək.

***

“Bu gün Bakıda keçirilən bu Forumda beynəlxalq ictimaiyyətin əksəriyyəti təmsil olunur. Biz sübut etməliyik ki, multikulturalizm yaşayır. Bu, dünyanın təhlükəsizliyi üçün yeganə yoldur”.

Bu fikri  rəsmi açılış mərasimində  İ. Əliyev bildirib.

Azərbaycanın multikulturalizm sahəsində artıq beynəlxalq mərkəzə çevrildiyini deyən dövlət başçısı vurğulayıb ki, biz hər zaman xalqlar və dinlər arasında anlaşmanın səviyyəsini artırmağa çalışırıq.

Prezident deyib ki, Azərbaycanın qədim tarixi, mədəniyyəti var. Ötən il müstəqilliyimizin bərpa olunmasının 25-ci ildönümünü qeyd etdik. Azərbaycan tarixində heç vaxt bu qədər güclü olmayıb. Azərbaycan dinamik inkişaf edən ölkədir, eyni zamanda, köklərinə bağlıdır.

Prezident xatırladıb ki, 2008-ci ildə “Bakı prosesi”nə start verilib. 2008-ci ildə Avropa Şurası ölkələri nazirlərinin toplantısını keçirən zaman müsəlman ölkələri nazirlərini dəvət etdik, mədəniyyətlərarası dialoqu müzakirə etdik. 2009-cu ildə müsəlman ölkələri nazirlərinin toplantısına isə Avropa ölkələrinin nazirlərini dəvət etdik. Azərbaycan mədəniyyətlərarası dialoqda bu rolu oynamaqla fəxr edir.

***

“Azərbaycanın üzləşdiyi yeganə problem Ermənistanın torpaqlarımızı işğal etməsidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparılıb, məscidlərimiz dağıdılıb. Biz Bakının mərkəzində erməni kilsəsini bərpa etmişik, Ermənistan isə işğal olunmuş torpaqlarda bütün mədəni irsimizi məhv edib. ATƏT-in faktaraşdırıcı missiyaları da bunu təsdiq edib”.

Bu da İ. Əliyev açılış mərasimində söyləyib.

Dövlət başçısı vurğulayıb ki, Ermənistan torpaqların işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirmir:

“Bəzən BMT qətnamələri saatlar ərzində icra olunur, Azərbaycana münasibətdə isə bu qətnamələrin illərdir yerinə yetirilməməsi ikili standartların göstəricisidir. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi, hüquqi hissəsidir”.

Read Previous

Əliyev Ruhaniyə başsağlığı verdi

Read Next

Elman Rüstəmovla birgə Mərkəzi Bank rəhbərliyinin maaşı 21 min manat azalıb…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir