“Ermənistan nəinki Azərbaycan ərazilərinin işğalını davam etdirir…” – DEPUTAT – FOTO

İsveç parlamentində (Riksdaq) “Şərq Tərəfdaşlığı” proqramının 10-cu ildönümünə həsr olunmuş “Parlament və onun üzvləri, dialoq və plüralizmin demokratiyada rolu” adlı tədbir keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, İsveç Parlamentinin spikeri Andreas Norlenin də qatıldığı tədbirdə çıxış edən deputat, “Avronest” Parlament Assambleyasında (PA) nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova Azərbaycan dövlətinin yürütdüyü xarici siyasətdən, beynəlxalq təşkilatlarla qurulmuş əlaqələrdən söz açıb.

S. Qafarova Avropa İttifaqı ilə tərəfdaşlığın ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib.

Bildirib ki, 1999-cu ildə qüvvəyə minən Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin uğurlu nəticələri olduğu üçün qurumla ölkəmiz siyasi dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa yeni təkan vermək məqsədilə 2017-ci ildən yeni çərçivə sazişi üzrə danışıqlara başlayıb və bu sahədə iş davam etdirilir.

S. Qafarova deyib: “Aİ ilə Azərbaycan arasındakı əlaqələrin inkişafından danışarkən dörd sahəni qeyd etmək istərdim: birincisi, daha güclü iqtisadiyyat, ikincisi, daha yaxın əlaqələrin qurulması, üçüncüsü, güclü idarəetmə və dördüncüsü, güclü cəmiyyət.

“Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən böyük ixrac-idxal bazarıdır. Həm neft, həm də qeyri-neft sektorlarında Azərbaycanın ən böyük xarici investorudur” – deyən deputat Aİ-nin, eyni zamanda, təhsil və regional inkişafa dəstək verməklə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi proqramını dəstəklədiyini bildirib.

Hazırda Aİ-nin qaza olan tələbatının təqribən 5 faizini təmin edən Azərbaycanın qurumun vacib enerji tərəfdaşı olduğunu diqqətə çatdıran S.Qafarova ölkəmizin Xəzərin qaz ehtiyatlarını Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına çatdırdığı vurğulayıb.

Nəqliyyat sahəsində həyata keçirilən layihələrdən də söz açan deputat Azərbaycanın Şimal ilə Cənubu, eləcə də Şərq ilə Qərbi birləşdirən nəqliyyat yollarının qovuşuğunda əlverişli coğrafi məkanda yerləşdiyini, bu potensialdan istifadə edərək, Bakı limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm infrastruktur layihələrinə sərmayə qoyduğunu vurğulayıb. Onun sözlərinə görə, Aİ bu potensialın artırılmasını dəstəkləyir və bu gün Bakı limanında azad ticarət zonasının qurulmasında iştirak edir.

Azərbaycanın Tvinninq proqramı vasitəsilə Aİ ilə fəal əməkdaşlıq etdiyini bildirən S.Qafarova deyib: “Son 10 ildə ölkəmizin 26 nazirliyi və dövlət qurumu 50-yə yaxın Tvinninq layihəsində iştirak edərək, Avropa İttifaqının dövlət qulluqçularının təcrübəsindən bəhrələnib və Aİ standartlarına uyğun olaraq qanunvericiliyin inkişafına və təkmilləşdirilməsinə öz töhfəsini verib”.

Deputat Azərbaycan ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi və readmissiya barədə sazişlər, “Erasmus+” layihəsi çərçivəsində tələbə və müəllim mübadiləsi, habelə gənclərin mobillik, təlim və könüllülük mövzusunda layihələrdə iştirak etdiyini müsbət hal kimi qiymətləndirib.

Azərbaycan ilə Aİ-nin parlament səviyyəsində də əməkdaşlıq etdiyini bildirən S.Qafarova parlamentlərarası əməkdaşlıq üçün digər platforma olan Avronest Parlament Assambleyasının fəaliyyətindən də söz açaraq deyib: “Avronest Parlament Assambleyası 2011-ci il mayın 3-də Brüsseldə Aİ-nin Şərq Tərəfdaşlığının parlament təsisatı olaraq yaradılıb. İldə bir dəfə təşkil olunan görüş Avropa İttifaqı ilə onun Şərq qonşuları (Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna, Ermənistan) arasında siyasi birlik və daha sıx iqtisadi inteqrasiyanı təşviq etməkdir”.

Qazanılan uğurlu nəticələrə baxmayaraq, problemlərin də olduğunu bildirən S.Qafarova, Ermənistan-Azərbaycan  münaqişəsinin bölgədəki sabitliyə və inkişafa maneə törətdiyini qeyd edib: “Reallıq budur ki, , həm sözdə, həm də fəaliyyəti ilə sülh danışıqları prosesinə zərdə vuraraq müxtəlif təxribatlarla problemin tezliklə həllinə maneələr yaradır. 2013-cü ildə Avropa Parlamenti Avropa Qonşuluq Siyasəti ilə bağlı qətnamə qəbul edib. Sənəddə Şərq Tərəfdaşlığı proqramının iştirakçısı olan bir ölkənin proqramın digər iştirakçısının ərazisinin işğal etməsinin layihənin təməl prinsiplərini və məqsədlərini pozduğu xüsusi qeyd olunur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll edilməsinin vacibliyi vurğulanır. Lakin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 84 nömrəli qətnamələrinə hələ də məhəl qoyulmur”.

Beynəlxalq əməkdaşlıq çərçivəsində Aİ-nin bütün Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyini, habelə bu məsələnin bir çox sənədlərdə təsdiqini tapdığını bildirən deputat “Şərq Tərəfdaşlığı” proqramının növbəti onilliyinin gündəliyində güclü təhlükəsizlik məsələsinə yer verilməli olduğunu diqqətə çatdırıb.

Etikxeber.az

Read Previous

Millət vəkili və naxçıvanlı rəssamlar – BEYNƏLXALQ RƏSM FESTİVALINDA – FOTO

Read Next

“Sosialyönümlü xərclər ən böyük həcmə malikdir” – HESABLAMA PALATASININ SƏDRİ – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir