“Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı cinayət işi başlanıb”-KAMRAN ƏLİYEV – RƏSMİLƏR GƏNCƏDƏDİR – YENİLƏNİB – (3)

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı cinayət işi başlanıb.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.

Baş prokuror qeyd edib ki, ölkə qanunvericiliyi, beynəlxalq hüququn bütün normalarına uyğun olaraq bu dəhşətli cinayəti törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsi və onların beynəlxalq tribunal qarşısında cavab verməsi üçün bütün imkanlardan istifadə olunacaq.  

***

“Möhtərəm cənab Prezidentin tapşırığı əsasında bu barbarlığı, bu cinayəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq”.

Bunu isə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə yerli və xarici jurnalistlərə açıqlamasında deyib.

H. Hacıyev bildirib ki, Ermənistan tərəfi müəyyən yalvarışlar edərək, humanitar əsaslarla atəşkəsə çağırışlar edirdi.

“Amma bunun ardınca dərhal Ermənistan Silahlı Qüvvələri çox təhlükəli silahdan – “Toçka-U” sistemindən istifadə edərək Gəncədə insanların sıx toplaşaraq yaşadığı yerləri atəşə tutub. Mülki insanlar arasında ölüm halı var. İndiyə olan məlumata görə, 9-a qədər ölüm halı var və 30-dan artıq insan yaralanıb”-deyə, o, əlavə edib.

13:44

***

“Bütün həmsədrlər ötən gecə Gəncədə baş verənlərlə bağlı məlumatlandırılıb, onlara əlavə məlumatlar da təqdim edilib”-deyən Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Respublikasının tapşırığı əsasında Baş Prokuror və digər şəxslərlə birgə Gəncəyə səfər ediblər:

“Gəncə şəhər Baş Prokurorluğunda da baş vermiş hadisələrlə əlaqədar əlavə mətbuat konfransı keçiriləcək. Bu baş verənləri bir daha genosid aktı kimi qiymətləndiririk”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02.00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub.

Son məlumata görə, raket zərbəsi nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, onlarla insan yaralanıb, dağıntılar altında qalanların olduğu bildirilir.

Xilasetmə işləri davam edir.

13:47

***

“Gəncədə baş verənlər Ermənistan tərəfindən birmənalı şəkildə məqsədli həyata keçirilir”-deyən Prezidentin köməkçisi bildirib ki, baş verənlər Ermənistanın əsl simasını göstərir:

“Bu bir daha göstərir ki, Ermənistan tərəfi ümumiyyətlə, hər hansı formada öz öhdəliklərinə sadiq tərəf ola bilməz. Baş verənlər Ermənistanın qeyri-ciddi tərəf olduğunu növbəti dəfə göstərir. Biz bunu Azərbaycan xalqına qarşı Ermənistanın həyata keçirdiyi növbəti genosid aktı kimi qiymətləndiririk. Biz ermənilərin bu kimi genosid aktlarını çox yaxşı bilirik. Onlar 90-cı illərin əvvəlində də Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı əməlləri törətmişdilər. Amma bu gün onların qarşısında güclü Azərbaycan dövləti, güclü Azərbaycan Ordusu var. Onlara qalmış olsaydı bu kimi cinayət əməllərini bəlkə də daha böyük miqyasda həyata keçirərdilər. Amma Azərbaycanın bu gün rəşadətli Silahlı Qüvvələri onların bütün atəş məntəqələrini darmadağın edir. Elə döyüşdəki uğursuzluqlarının, acizliklərinin nəticəsidir ki, onlar hər zaman olduğu kimi xaincəsinə mülki insanlara qarşı hücumlar həyata keçirirlər. Bu, şərəfsizlikdir, alçaqlıqdır. Azərbaycan Silahlı Qüvvələri onların layiqli cavabını verməyə davam edir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, baş vermiş hadisələrə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür”.

***

“Gecə saat 02 radələrində Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı ilə yenidən Azərbaycan dövlətinə qarşı çox ağır cinayət, terror aktı törədilib”-deyənn Baş prokuror öz növbəsində qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı ilə müharibə ərazisinə aid olmayan, döyüş bölgəsindən 100 km uzaqlıqda olan, yarım milyon əhalisi olan Gəncə şəhəri raket atəşinə tutulub:

“İndiki məlumata görə, 9 mülki şəxs həlak olub, 30-dan çox şəxs yaralanıb, habelə mülki obyektlərə və yaşayış binalarına ziyan dəyib. Hazırda mütəxəssislər tərəfindən dəqiqləşdirmələr aparılır. Baş Prokuror kimi mənim tərəfimdən Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə müharibə cinayətləri və terror aktı ilə bağlı cinayət işi başlanılıb. Hazırda hadisə yerində istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Baş Prokuror kimi sizi əmin edirəm ki, tərəfimizdən olan bütün zəruri olan beynəlxalq və daxili hüquq normalarından istifadə etməklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin dəhşətli, insanlıq əleyhinə, bəşəriyyət əleyhinə törətdikləri cinayətə görə məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir”.

Etikxeber.az

Read Previous

“Paşinyan bizə 7 ultimatum təqdim edəndə, o, azərbaycanlıların hisslərini təhqir edəndə buna görə cəzalandırılmalı idi və biz bunu etdik. Qoy o, Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi…”-İlham Əliyev RBK kanalına-MÜSAHİBƏ VERDİ – YENİLƏNİB – FOTO

Read Next

“Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz…Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”-İLHAM ƏLİYEV – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir