Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Məmmədyarov Herbert Salber və Yerlan İdrisovla görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, gorüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin mövcud vəziyyəti barədə həmsöhbətinə məlumat verib. O əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalır.
Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndirən E. Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının regionda ümumi təhlükəsizlik mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasını təmin edəcəyini bildirib.
Nazir Ermənistanın destruktiv siyasət yürüdərək substantiv danışıqlardan yayındığını, Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirdiyini, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirdiyini və nəticə etibarilə status kvonu saxlamağa çalışdığını diqqətə çatdırıb.
Münaqişənin həlli prosesində Avropa İttifaqının dəstəyi ilə aparılan xalq diplomatiyası tədbirlərinə toxunan Məmmədyarov Azərbaycanın bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çəkib.
Herbert Salber ətraflı məlumata görə təşəkkürünü ifadə etdi və Avropa İttifaqının dəstəyi ilə münaqişənin həllinə töhfə vermək məqsədi daşıyan ictimai layihələr barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, E. Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Qazaxıstan Respublikasının xarici işlər naziri Yerlan İdrisovla görüşüb.
Məlumata görə, görüşdə nazirlər Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətinə toxunbular.
Tərəflər həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.
Etikxeber.az