“Ermənistan sülhə məcbur edilməlidir, bəhanələrə artıq yer yoxdur” – MİLLƏT VƏKİLİ

ELDƏNİZ SƏLİMOV:  Azərbaycanın güclü ordusu, İlham Əliyev kimi qüdrətli Ali Baş Komandanı var. Gec-tez Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı, Qarabağımızı geri qaytaracaq, üçrəngli bayrağımız Azərbaycanımızın bütün guşələrində dalğalanacaq. Buna ermənilər də, Ermənistan da, erməni lobbisi də, ermənipərəst dairələr də tam əmin olunsunlar!

31 ildən artıqdır davam edən, haqsızcasına, zorla cəlb olunduğumuz Qarabağ probleminin, Ermənistan-Azərbaycan münaqişəsinin artıq birdəfəlik şəkildə müsbət və ədalətli həlli lazımdır. Azərbaycan xalqının səbr kasası artıq daşmaq üzrədir. İnsanlar illərdir dədə-baba torpaqlarına qayıdacağı, Qarabağı qovuşacağı günün həsrəti ilə yaşamaqdadırlar. Ötən illərdə nə qədər insanımız, məcburi köçkünümüz Qarabağa, öz torparlarına qovumadan dünyasını dəyişiblər, bu fani dünyadan torpaq, vətən nisgili ilə köçüblər.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

O, qeyd edib ki, düzdür, qaçqın və məcburi köçkünlərimizin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial-iqtisadi problemlərinin həlli üçün ötən illər ərzində-həm Ümummlilli lider Heydər Əliyevin zamanında, həm də ölkə przeidenti cənab İlham Əliyevin 16 illik hakimiyyəti dönəmində çox böyük, misilsiz işlər görülüb.

“Bir an olsun belə, qaçqın və məcburi köçkünlərin problemləri, onları narahat edən, düşündürən məsələlər diqqət kənarda qalmayıb. Onlar hər cür qayğı və diqqətlə əhatələniblər. Ancaq  bütün bunlarla belə, onların əsas hüquqları-öz dədə-baba torpaqlarına, Qarabağımıza və ona bitişik işğal altında olan yurd yerlərimizə dönüş hüququ təmin edilməyib. Azərbaycan dövlətinin, Azərbaycanın xalqının sülhsevərliyinə, dövlət başçısı İlham Əliyevin münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində böyük səbr, təmkin, müdriklik, uzaqgörənlik göstərməsinə rəğmən, təcavüzkar və işğalçı Ermənistanın işğalçılıq siyasətinə son qoyulmayıb.  Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı 4 qətnamə qəbul edən BMT Təhlükəsizlik Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatlarının qərarlarına ötən müddət ərzində Ermənistan tərəfindən məhəl qoyulmayıb.

Daha doğrusu, həmin qətnamə və qərarları icra etmək, yerinə yetirmək üçün dünya birliyi, elə BMT-nin özü, xüsusilə də, ATƏT və onun Minsk qrupu, həmsədrlər və həmsədr dövlətlər tərəfindən Ermənistana heç bir təsirli təzyiqlər göstərilməyib, təzyiq mexanizmləri işə salınmayıb, sanksiyalar tətbiq olunmayıb. Münaqişənin həllinə,Qarabağ probleminə hələ də ikili standartlar mövqeyindən yanaşma halları davam etməkdə, bəzən isə hətta, işğalçı ilə işğala məruz qalanı eyniləşdirmə, işğalçını stumullaşdırma cəhdləri sərgilənməkdədir. Əgər Eermənistana güclü təzyiqlər göstərilsəydi, sanksiyalar tətbiq olunsaydı, münaqişənin sülh və ədalətli həlli yolunda böyük məsafə qət edilmiş olardı, həm də Ermənistanın bitib-tükənməyən bilməyən təxribatçılıq əməlləri durdurulardı.

ILHAM-HARBI-1

ILHAM_HARBI-2

M.A-APREL

ELDENIZ-3

Amma təəssüflər və əfsuslar olsun ki, bunları görmürük, əksinə, cəzasız qalması üzündən hər gün demək olar ki, Ermənistanın, Paşinyan hakimiyyətinin  növbəti təxribatçı addımlarının, sülh danışıqlarının pozulmasına, münaqişənin ədalətli həllinə qarşı yönəlmiş təxribatçılıq əməllərinin şahidi oluruq. Elə bir neçə gün öncə Azərbaycan zabitinin, özü də həmsədrlərin növbəti dəfə bölgəyə səfər etdiyi gün düşmən ordusu tərəfindən öldürülməsi, daha bir Azərbaycan övladının şəhid edilməsi Ermənistanın, Paşinyan hakimiyyətinin niyyətlərini, münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını ortaya qoymuş oldu. Azərbaycan Xarici İşlər Nazirliyinin, həmçinin, xarici işlər naziri Elmar Məmmədyarovun bəyan etdiyi kimi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan tərəfinin törətdiyi növbəti təxribat, Azərbaycan hərbi qulluqçusunun Ermənistan silahlı qüvvələrinin açdığı snayper atəşi nəticəsində şəhid  düşməsi, bu qanlı əməllər danışıqlar prosesinə ciddi zərbə vurub. Hesab edirəm ki, artıq beynləxalq birlik, xüsusilə, Minsk qrupu və həmsədrlər sözləri, bəyanatları, quru vədləri, ikili yanaşmaları bir kənara qoymalı, sülh danışıqlarının pozulmasına qarşı yönəlmiş addımların qarşısını almalı, Ermənistanı sülhə məcbur etməlidirlər.

Bizə artıq söz, vəd, bəyanatlar lazım deyil, bizə konkret fəaliyyət, iş, ədalətin, sülhün bərqərar olunması, işğal faktına son qoyulması lazımdır. Azərbaycan bütün bu təxribatlara, haqsızlıqlara, ikili yanaşmalara rəğmən, yenə də səbrlə münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Ancaq əgər bunlar nəticə verməzsə, ölkə prezidentinin də dəfələrlə bəyan etdiyi kimi,  Azərbaycan dövləti və ordusu münaqişənin digər vasitələrlə həlli hüququnu özündə saxlayır. 2016-cı ilin Aprel əməliyyatları, 2018-ci ilin Cünnüt əməliyyatı da bir daha Azərbaycanın, Azərbaycan ordusunun nələr qadir olduğunu və ola biləcəyini ortaya qoydu. Azərbaycanın güclü ordusu, İlham Əliyev kimi qüdrətli Ali Baş Komandanı var. Gec-tez Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı, Qarabağımızı geri qaytaracaq, üçrəngli bayrağımız Azərbaycanımızın bütün guşələrində dalğalanacaq. Buna ermənilər də, Ermənistan da, erməni lobbisi də, ermənipərəst dairələr də tam əmin olunsunlar”.

Etikxeber.az

Read Previous

Prezident Azərbaycan xalqını təbrik etdi

Read Next

“Vaxtında icra olunsaydı…” – ELDAR İBRAHİMOVDAN İRAD – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir