Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Etikxeber.az xəbər verir ki, dövlətimizin başçısı COP29-un uğurla keçdiyini deyərək vurğuladı ki, baxmayaraq, Paris razılaşmasının 6-cı bəndi üzrə on ildən artıqdır danışıqlar aparılıb, COP29-un ilk günündə bununla əlaqədar ciddi irəliləyiş əldə edilib.
Prezident İlham Əliyev qeyd etdi ki, COP29 maliyyə mövzusuna həsr olunub və burada yeni iqlim maliyyə hədəfinin müəyyənləşdirilməsi gözlənilir. Beynəlxalq ictimaiyyət də bunu gözləyir. Azərbaycan Prezidenti beynəlxalq maliyyə və bank strukturları tərəfindən COP29-da iqlim maliyyəsi ilə bağlı verilən açıqlamaları da bu istiqamətdə ümidverici addım kimi qiymətləndirdi.
Qonaqlar, ilk növbədə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırdılar.
Görüşdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq və ölkəmizin yaşıl keçid strategiyası məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycanın müstəqilliyinin bərpasından sonra ABŞ-ın ölkəmizə dəstəyi xatırlandı, enerji strategiyamızın inkişafında onun dəstəyi qeyd olundu.
Avqust Pflüger Nümayəndələr Palatasının sədri Mayk Consonun adından nümayəndə heyəti ilə görüşə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Ölkəmizə səfərdən məmnun qaldıqlarını deyən qonaq Azərbaycan-ABŞ əməkdaşlığının inkişafına töhfə verməyə hazır olduğunu vurğuladı.
Dövlətimizin başçısı son 30 ildə ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu və qarşılıqlı faydalı əməkdaşlığımızı qeyd etdi.
Prezident İlham Əliyev 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nə toxundu, o zaman ABŞ hökumətinin bu layihəyə dəstəyini xatırladı və bu müqavilənin ABŞ və onun müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunması işinə töhfə verdiyini vurğuladı, həmin dövr ərzində energetika sahəsində əsaslı əməkdaşlığın möhkəmləndiyini dedi.
Dövlətimizin başçısı Azərbaycanın yaşıl enerji strategiyası haqqında danışaraq, ölkəmizin beynəlxalq tərəfdaşlarla birlikdə bərpaolunan enerjinin istehsalı potensialını artırdığını və 2027-ci ilədək Azərbaycanın enerji istehsalının 30 faizinin yaşıl enerjinin payına düşəcəyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan elektrik enerjisi kabeli layihəsinə toxundu, bu xüsusda dövlətimizin region ölkələri – Gürcüstan, Rumıniya və Macarıstanla əməkdaşlığını qeyd etdi. Həmçinin Mərkəzi Asiya ölkələri ilə Xəzər dənizi vasitəsilə yaşıl enerji sahəsində əməkdaşlığı, COP29 zamanı Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin inkişafı və transmissiyası haqqında imzalanmış sənədi vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan region ölkələri ilə birlikdə Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizi formalaşdırır.
Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində böyük həcmdə bərpaolunan külək enerjisi potensialının olduğunu vurğuladı, hidroenerji resurslarının da inkişaf etdirildiyini və bunun da böyük enerji istehsalı həcmlərinə çatacağını vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın yaxın dövr ərzində 4 giqavat gücündə bərpaolunan enerjinin Avropa İttifaqı bazarına ixrac etmək imkanına malik olacağını bildirdi və Avropa İttifaqı bazarının enerji tələbatının artmaqda olduğunu dedi.
Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu qeyd edildi.
Prezident İlham Əliyev ölkəmizin regional sülh gündəliyinə sadiq qaldığını, onu dəstəklədiyini vurğuladı, sülh müqaviləsinin təşəbbüskarının Azərbaycan olduğunu xatırladı.
Ölkəmizin otuz il ərzində Ermənistan tərəfindən işğala və hərbi təcavüzə məruz qaldığını, hazırda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini deyən dövlətimizin başçısı bu münaqişənin Azərbaycan üçün artıq keçmişdə qaldığını bildirdi.
Azərbaycan Prezidenti Ermənistanın militarizasiya və silah yarışı siyasətinin regional sülh və təhlükəsizliyə təhdid olduğunu vurğuladı, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının vacibliyini qeyd etdi. Bildirdi ki, Ermənistan tərəfindən konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır.
Söhbət zamanı regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə ABŞ Konqresi ilə Azərbaycan arasında dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin artırılması məsələləri müzakirə olundu, Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın və tərəfdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə toxunuldu.
Etikxeber.az