“Ermənistan və havadarları Azərbaycanın, dövlət başçımızın sərt xəbərdarlıqlarından nəticə çıxarmasa, bunun ağır sonuclarına özləri qatlanmalı, öz fəlakətli sonluqlarını özləri gətirmiş, yaxınlaşdırmış olacaqlar…”-ELDƏNİZ SƏLİMOVUN MÖVQEYİ – (ÖZƏL)

“Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.

Bu fikirlər ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur.

Dövlət başçımız bu fikirləri sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında Qoşulmama Hərəkatının sədri kimi videoformatda çıxışı zamanı dilə gətirdi.

Öncə qeyd edək ki, iclasda ümumilikdə 182 ölkənin dövlət və hökumət başçısı videoformatda çıxış edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı sayca altıncı oldu.

Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür.

Eyni zamanda, qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçildi.

2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürdü.

Ötən bir ilə yaxın müddət ərzində də ölkəmiz, dövlət başçımız Qoşulmama Hərəkatına, BMT-dən sonra dünyanın ikinci nüfuzlu beynəlxalq təşkilatına uğurla rəhbərlik edir, etməkdədir.

Bir neçə ay öncə Qoşulmama Hərəkatının sədri kimi dövlət başçımızın təşəbbüsü ilə bu quruma daxil olan əksər ölkələrinin dövlət və hökumət başçılarının videokonfrans şəklində yüksək səviyyəli Zirvə toplantısı baş tutdu.

Bu Zirvə toplantısı Qoşulmama Hərəkatının tarixinə qızıl hərflərlə yazıldı.

Dövlət başçımızın çıxışı, verdiyi mesajlar, xüsusilə, pandemiya ilə mübarizədə göstərdiyi səylər, əldə etdiyi nailiyyətlər, bu çətin durumda belə qurum üzvləri ilə həmrəylik nümayiş etdirməsi, bir çox ölkələrə, beynəlxalq qurumlara maddi yardım etməsi, əli uzatması ölkəmizin, o cümlədən, Azərbaycan Prezidentinin əməkdaşlığa, tərəfdaşlığa, üzərinə götürdüyü missiyaya necə böyük önəm verməsinin, sözləri ilə əməllərinin vəhdət təşkil etməsinin bir daha bariz nümunəsi oldu.

Heç təsadüfi deyil ki, ölkəmizin səmimi əməkdaşlıq, tərəfdaşlıq mövqeyi, sədrlik etdiyi qurum(lar)a ciddiyyətlə yanaşması nəticəsində BMT Baş Assambleyasının (BA) xüsusi sessiyasının çağırılması ilə bağlı dövlət başçımızın təşəbbüsü 130-dan artıq dövlət tərəfindən dəstəkləndi və bu təşəbbüs sözdən əmələ keçidi ilə nəticələndi.

Dünənki Yüksək Səviyyəli İclasda da dövlət başçımız həm Qoşulmama Hərəkatının sədri, həm Azərbaycan Prezidenti kimi çıxış etdi, dərin məzmunlu nitq söylədi, bir daha Azərbaycanın bütün məsələlərə yanaşmasında birmənalı mövqeyini nümayiş etdirdi.

Ölkə rəhbəri çıxışında xüsusilə, Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, bir daha münaqişənin indiyə kimi həll olunmamasında, sülhə və təhlükəsizliyə təhlükə, təhdid olan təxribatların baş verməsində, törədilməsində məhz işğalçı dövləti günahlandırdı, haqlı və əsaslı şəkildə ittiham etdi.

Bəyan etdi ki, bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürüblər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir, lakin təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir.

İşğalçı dövlət həmçinin, işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Xocalı soyqırımını törədib. Həmçinin, ondan çox ölkə Xocalı soyqırımını tanıyıb. Bununla yanaşı, Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib və sair.

“Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Ermənistan sonuncu təxribat aktını iyul ayında Ermənistan-Azərbaycan sərhədində törətdi. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu. Ermənistanın diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir”-deyən dövlət başçımız 2020-ci il avqustun 23-də həmin dəstənin başçısının Azərbaycan hərbçiləri tərəfindən yaxalandığını bildirdi və əlavə etdi ki, o, dəstə tərəfindən azərbaycanlı hərbçilər və mülki vətəndaşlara qarşı terror aktlarının törədilməsinin planlaşdırıldığı etiraf edilmişdir.

Sonra “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik”-deyən Azərbaycan Prezidenti qeyd etdi ki, təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Odur ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.

Bəli, növbəti birmənalı, qətiyyətli, Azərbaycan xalqı və dövlətinin iradəsini ifadə edən mövqe.

İşğalçı Ermənistan və onun havadarları artıq bunu dərk etməli və ciddi nəticə çıxarmalıdır.

Çıxarmasalar, ağır sonuclarına da özləri qatlanmalı, öz fəlakətli sonluqlarını özləri gətirmiş, yaxınlaşdırmış olacaqlar.

Çünki Qarabağ, torpaq məsələsində güzəşt olmayıb, bundan sonra da olmayacaq.

Azərbaycan xalqı, dövləti və Ordusu öz qətiyyətli və birmənalı sözünü deyib və deyəcək, Qarabağı işğaldan və işğalçılardan azad edəcək.

Bir sözlə, Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycanın da olacaq!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az



Read Previous

Mehriban Əliyeva Bülbülə və Şağanda-AÇILIŞLARDA – FOTOLAR

Read Next

“İraq türkmənləri Qarabağın işğaldan azad olunması üçün hazırdır…Kərkük bizim üçün nədirsə, Qarabağ da odur…”-İRQA TÜRKMƏNLƏRİNİN LİDERİ RİYAZ SARIKAHYA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir