“Ermənistanın 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib…”-MÜDAFİƏ NAZİRLİYİ – DÜŞMƏN YENƏ GORANBOY, TƏRTƏR, AĞDAM, AĞCABƏDİ VƏ MİNGƏÇEVİRİ ATƏŞƏ TUTUR – YENİLƏNİB – (2)

Oktyabrın 8-i günün ikinci yarısından başlayaraq, 9-u səhərədək və gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər davam edib.

Etikxeber.az Müdafiə Nazirliyinin (MN) saytına istinadən xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alıb. Görülən tədbirlər nəticəsində düşmən qoşunları arasında idarəetmə və qarşılıqlı əlaqə itib, bölmələri arasında nizamsızlıq yaranıb, şəxsi heyətinin intizamı pozulub, döyüş mövqelərinin tərk edilməsi kütləvi hal alıb.

Dünən həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilib.

Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyə edilir. Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edilib və yaralanıb.

Dünən gün ərzində və ötən gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.

Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib.

09:53

***

Düşmən Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutur.

Bu haqda MN-dən bildirilib.

Ermənistan silahlı qüvvələrinə qarşı Ordumuz adekvat tədbirlər görür.

11:00

***

Hazırda düşmən Mingəçevir və Ağcabədi rayonlarının ərazilərini intensiv atəşə tutur.

Bu barədə MN məlumat yayıb.

14:59

***

Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəf Azərbaycan hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edilib.

Bu haqda da MN məlumat verib.

Etikxeber.az

Read Previous

“Biz sülh istəyirik: Əks halda biz 30 ildən bəri məsələnin sülh yolu ilə həllinə ümid bəsləməzdik. Amma…”-JALƏ ƏLİYEVA MEKSİKA SƏFİRİ İLƏ NƏLƏRDƏN DANIŞDI VƏ DİPLOMATA NƏYƏ GÖRƏ TƏŞƏKKÜR ETDİ?

Read Next

Düşmən təxribatı nəticəsində 31 mülki şəxs həlak olub, 164 nəfər-RƏSMİ – BAŞ PROKURORLUQ NÖVBƏTİ MƏLUMAT YAYDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir