“Ermənistanın Azərbaycanın cəbhədən uzaqda yerləşən şəhərlərinə raketlə zərbə endirməsi onların cəbhədə uğursuzluğu ilə bağlıdır…”-KAMRAN ƏLİYEV – YENİLƏNİB

Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhədən uzaqda yerləşən şəhərlərinə raketlə zərbə endirməsi onların cəbhədə uğursuzluğu ilə bağlıdır.

 Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.

Baş prokuror deyib ki, bunu cəbhədə Azərbaycanın qazandığı uğurlar və şəhərlərimizə zərbə endirildiyi günlərin üst-üstə düşməsi də sübut edir:

“Bu cinayətlərin törədilməsində birbaşa əlaqələr var. Məsələn, oktyabrın 9-da Hadrut azad edilib, 9-da Ağdamın Kəmərli kəndinə, oktyabrın 11-də isə Gəncəyə raket zərbələri endirilib. 15-də Xocavənd və Füzuli rayonlarının kəndləri azad edilib, həmin vaxt Tərtərdə qəbiristanlığa zərbə endirilib, 4 nəfər qətlə yetirilib. Xudafərin körpüsü azad edilən zaman dərhal Tərtər rayonunun Cəmilli kəndini atəşə tutublar. Növbəti uğurlar zamanı Qəbələ və digər yaşayış məntəqələrinə zərbələr endirilib”.

“Biz 4 nəfərin axtarışa verildiyi barədə məlumat verdik. Onlardan biri – Arman Babacanyan Ermənistan parlamentinin üzvüdür”-deyən və düşmənin hər bir şeyə əl atdığını qeyd edən Baş prokuror Ermənistan fərqli olaraq Azərbaycanın çoxmillətli ölkə olduğunu da diqqətə çatdırıb:

“Bakıda və Azərbaycanın digər bölgələrində müxtəlif millətlərin nümayəndələri, müxtəlif dinə mənsub xalqlar yaşayır. Onlar dostluq, səmimilik şəraitində yaşayırlar. Uzun illərdir, əsrlər boyu bizdə multikulturalizm mədəniyyəti formalaşıb. Bəzi ermənilər isə sosial şəbəkələr vasitəsilə çağırışlar edir, millətlər arasında, Azərbaycandakı müxtəlif etnik azlıqlar arasında qarşıdurma yaratmaq, nifaq salmaq kimi iyrənc addımlara da əl atırlar. Bununla bağlı Azərbaycan qanunvericiliyi ilə çox ciddi məsuliyyətlər nəzərdə tutulur. Axtarışa verilən həmin şəxslər, həmçinin, Azərbaycanda millətlər arasında düşmənçilik salmağa yönələn əməllər törətməkdə ittiham olunurlar”.

16:16

***

“Cənab Prezident tərəfindən bu gün “Twitter” hesabında verilmiş məlumatlarda Zəngilan rayonunun Vejnəli kəndinin də işğaldan azad olunduğu var”.

Bunu isə brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O, Vejnəli kəndi ilə bağlı faktın üzərində xüsusilə dayanmaq istədiyini bildirib:

“İşğal olunmuş Zəngilan rayonunun Vejnəli kəndində Azərbaycanın ən böyük qızıl yataqlarından biri yerləşirdi. Ermənistan tərəfindən üçüncü ölkələrin fiziki və hüquqi şəxsləri cəlb edilməklə Vejnəlidə qanunsuz olaraq Azərbaycanın qızıl yataqlarının istismarı aparılırdı. Bu prosesdə üçüncü ölkənin “GeoProMining” şirkəti var idi, həmçinin də İsveçrə vətəndaşı olan Vardan Sirmax adlı şəxs cəlb olunmuşdu. V. Sirmax dünyada brend saatlar hesab olunan “Franc Muller” saatlarının istehsalçısıdır. Vejnəlidə, o cümlədən Kəlbəcərdə çıxarılan qızıllar həmin “Franc Muller” saatlarının işləmələrində istifadə olunurdu”.

H. Haciyev qeyd edib ki, qızıl resursları Ermənistana gətirilir, Ermənistanda müəyyən saflaşdırma mərhələsindən keçdikdən sonra üçüncü ölkələrin bazarlarına çıxarılaraq, orada satışı həyata keçirilirdi:

“Sirmaxla əlaqədar Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən müvafiq cinayət işi açılıb və hüquqi təqib addımları həyata keçirilib. Amma təəssüflə qeyd etməliyik ki, Azərbaycanın hüquqi müstəvidə olan sorğularına lazımi cavablar verilməyib, hüquqi müstəvidə bu məsələ ilə əlaqədar əməkdaşlıq göstərilməyib”.

H. Hacıyevin sözlərinə görə, ölkə prezidentinin bilavasitə tapşırığı əsasında işğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycan vurduğu zərərlərin kompleks qiymətləndirilməsi aparılacaq:

“İndiyədək Azərbaycan bunu aparırdı, amma daha səhih formada yox idi. Çünki fiziki olaraq həmin əraziyə nəzarət edə bilmirdik. Amma işğaldan azad olunduqdan sonra və orada olan əvvəlki inventarlar da, o cümlədən vətəndaşlarımızın mülkiyyət hüququnu, mülkiyyətini təsbit edən inventarlar, sənədlər də daxil olmaqla təbii resurslarımız haqqında materiallar bir araya gətirilməklə kompleks qiymətləndirilərək Ermənistanın bu işğalı nəticəsində Azərbaycan vurduğu zərərlər qiymətləndiriləcək və bir dövlət olaraq Ermənistanın məsuliyyəti daha aydın şəkildə müəyyən olunacaq. Xoş haldır ki, Vejnəli yatağı işğaldan azad edilib. Bu yataq da Azərbaycanın digər tərəfdaşlarla imzaladığı müqavilələr çərçivəsində istismar olunaraq Azərbaycan xalqının mənafeyi naminə istifadə olunacaq. Ümumiyyətlə, münaqişələrdə bu kimi mineral yataqlar və resurslar çox vacib elementlərdən biridir. Afrika qitəsində münaqişələrdə “Kimberli” adlanan proses var. Bu, brilyant və almazların münaqişənin davam etməsinə nə dərəcədə təsir göstərməsidir. Ermənistanın rəhbərliyində təmsil olunmuş, səhra komandirləri adlanan şəxslər də bilavasitə bu çirkab və qeyri-şəffaf biznesdə şəxsi maraqları var idi”.

O, bildirib ki, Paşinyan da daxil olmaqla, hazırda Ermənistanın rəhbərliyində təmsil olunan şəxslərin də bu çirkab və qeyri-şəffaf biznesdə şəxsi maraqları olub:

“Ona görə onlar hər bir vəchlə bu qanunsuz iqtisadi əməllərin davam etdirilməsində maraqlıdırlar. Bundan sonra bu fəaliyyət dayansa da, cinayət olduğu təqdirdə cəza da olmalıdır. Baş prokurorluq və aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən Vardan Sirmax, onun ətrafında olan və bu prosesdə iştirak etmiş fiziki və hüquqi şəxslərə münasibətdə hüquqi təqib addımlarımız davam etdiriləcək. Həmçinin həmin şəxsin vətəndaşlığını daşıdığı ölkələrin məhkəmə-hüququ sistemini araşdırırıq ki, ondan da istifadə edərək qanun çərçivəsində sivil qaydada hüquqi mübarizə tədbirlərimiz davam etdirək”.

Baş prokuror K. Əliyev də Vejnəli kəndinin azad olunmasını çoxdan gözlədiklərini bildirib:

“Bizim istintaq-əməliyyat qrupu ora getməyə tələsir. Bizə məlumat verilib ki, orada qızıl istehsalı ilə bağlı iki fabrik tikilib. O işin başa çatdırılması bizim üçün çox vacib idi. Ümid edirəm ki, yaxın vaxtlarda biz bu işləri həyata keçirəcəyik”.

Etikxeber.az

Read Previous

Yoluxmada növbəti artım-1022 – DAHA 10 ÖLÜM…

Read Next

Bərdə və Tərtəri atəşə tutan Ermənistana məxsus “Smerç” yaylım atəşli reaktiv sistemi-MƏHV EDİLDİ – FOTO-VİDEO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir