“Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən…” – SPİKER – FOTO

Türkiyə Böyük Millət Məclisinin (TBMM) təşkilatçılığı ilə Antalya şəhərində Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşünün rəsmi açılışı olub.

Oxu.Az xəbər verir ki, “Avrasiyada iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf” devizi altında keçirilən görüşdə Azərbaycanı Milli Məclisin (MM) sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlar Xanlar Fətiyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Tədbirə 39 ölkənin parlament nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri də daxil olmaqla, ümumilikdə 350-dan çox iştirakçı qatılıb.

Görüşün rəsmi açılışında çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Avrasiya ölkələri parlament sədrlərinin artıq ənənə halını alan görüşlərinin məqsəd və vəzifələrindən danışıb. Dünyanın ayrı-ayrı bölgələrindəki mövcud münaqişələrin əməkdaşlığa və inkişafa ən böyük əngəl olduğunu diqqətə çatdıran TBMM-nin sədri bildirib ki, Türkiyə Avrasiya məkanında ölkələrin, xalqların sülh və bərbərlik, inkişaf və rifah şəraitində yaşamasına tərəfdar olmaqla, bu istiqamətdə önəmli addımlar atmaqdadır. Qeyd edilib ki, Yaxın Şərqdə, həmçinin Suriyada sülh və əmin-amanlığın təmini üçün edilən cəhdlər buna nümunədir.Parlament sədri qeyd edib ki, heç kim iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi, qaçqın və məcburi köçkünlər məsələsinə biganə qalmamalıdır. Terrorçuluğun və onun dəstəklənməsinin yaratdığı təhlükələrdən bəhs edən Yıldırım qeyd edib ki, Türkiyə bundan sonra da terrorun bütün forma və metodlarına, o cümlədən PKK, FETÖ və digər terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcək.

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxışında dünyadakı mövcud problemlərin qarşılıqlı anlaşma şəraitində həllinin əhəmiyyətinə toxunub. Qeyd edib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi, həmçinin Suriya probleminin həlli üçün bu ölkənin bəzi bölgələrində atəşkəsin əldə olunması kimi nailiyyətlər maraqlı ölkələr arasında aparılan səmərəli dialoq nəticəsində qazanılıb. Volodin bildirib ki, bütün problemlərin həlli və iqtisadi əməkdaşlıq sülh çağırışları sayəsində çözülə bilər.

O.Əsədov isə bildirib ki, hazırda bütün dünya miqyasında getdikcə daha da kəskinləşən qlobal problemlərin həllində parlamentlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı mühüm rol oynayır:

“İnanıram ki, bugünkü müşavirədə aparılan fikir mübadiləsi bir-biri ilə sıx bağlı olan iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf məsələlərində parlamentlərimizin ortaq mövqelərinin müəyyən edilməsinə kömək göstərəcək”.

MM-in sədri qeyd edib ki, bu gün dünya birliyi özünün artan tələbatı ilə bu tələbatın yerinə yetirilməsi imkanları arasında kəskin ziddiyyətlərlə qarşılaşıb:

“Həmin ziddiyyətlərin həll edilməsi üçün işlənib hazırlanan davamlı inkişaf modeli bəşəriyyətin təhlükəsiz gələcəyi naminə bütün dövlətlərin səylərinin birləşdirilməsi üzərində qurulub. Qlobal xarakter alan dünya iqtisadiyyatı getdikcə daha çox dərəcədə ekoloji tarazlığın qorunub saxlanması konsepsiyasına əsaslanır”.

oqtay-antalya

Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən transmilli layihələrin iqtisadi inteqrasiya üçün yaranmış imkanların lazımınca dəyərləndirilməsi nəticəsində meydana gəldiyini diqqətə çatdıran O.Əsədov bildirib ki, bu layihələr Avrasiya qitəsinin çox geniş bir bölgəsində inkişafın, sülhün, sabitliyin, təhlükəsizliyin, dialoqun və qarşılıqlı anlaşmanın təmin edilməsinə yönəlib.:

“İqtisadi layihələrin hazırlanması və həyata keçirilməsi zamanı ekoloji məsələlərə xüsusi diqqət yetirilir.Azərbaycanın iştirak etdiyi bütün transmilli layihələrdə ətraf mühitin qorunması ən yüksək standartlar əsasında təmin edilir”.

O. Əsədov qeyd edib ki, Avrasiya qitəsində yaşayan xalqların firavan gələcəyi yalnız qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət, humanizm və tolerantlıq əsasında qurula bilər:

“Təəssüflər olsun ki, Avrasiya məkanında alovlanmaqda olan müharibə və münaqişə ocaqları, o cümlədən ölkəmizin zorla cəlb edildiyi Ermənistan– Azərbaycan Dağlıq Qarabağ münaqişəsi geniş bir bölgənin inkişaf imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqda davam edir. Ermənistan silahlı qüvvələri 25 ildən çoxdur ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin 20 faizini, yəni Dağlıq Qarabağ regionunu və onun ətrafındakı 7 rayonu işğal edib. Aparılan etnik təmizləmə nəticəsində Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş torpaqlarından 1 milyon dinc sakin qovulub didərgin salınıb. Azərbaycanlı əhaliyə qarşı bir neçə soyqırımı cinayəti törədilib. Təəssüf ki, münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməyib. Hər kəsə aydın olmalıdır ki, vəziyyətin bu cür qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də Avrasiya qitəsində və bütün dünyada sülh və sabitlik üçün daimi təhlükə mənbəyidir. Əminəm ki, bu məsələdə beynəlxalq birlik, nəhayət, öz qəti sözünü deməli və münaqişə beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları, xüsusən dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır”.

Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşü işini panel iclaslarla davam etdirəcək.

Tədbir çərçivəsində geniş mədəni proqram təşkil olunacaq.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

“Bütün insanları bu ideya ətrafında birləşməyə dəvət etmək lazımdır” – KƏRİMZADƏ – FOTO

Read Next

Prezident ABŞ nümayəndə heyətini qəbul etdi – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir