Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tehranda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqı Konfransının 13-cü sessiyası başa çatıb.
Etikxeber.az xəbər verir ki, sessiyada Ermənistanın Azərbaycana qarşı təcavüzünə, Xocalı soyqırımına dair qətnamələr qəbul edilib.
Toplantıda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvləri Gövhər Baxşəliyeva və Mirkazım Kazımov Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat veriblər. Sessiyanın sonunda qəbul edilən yekun kommunikeyə Azərbaycan nümayəndə heyətinin təklifi ilə üç bənd salınıb. Həmin bəndlərdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və hərbi təcavüzü pislənilir. Ermənistandan işğalçılıq siyasətinə son qoyması, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd məlum qətnaməni yerinə yetirməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunur.
Üzv ölkələrin parlamentariləri 1992-ci ildə ermənilərin törətdikləri Xocalı faciəsini də qətiyyətlə pisləyiblər. Bildirilib ki, bu soyqırımı bütün üzv dövlətlər tərəfindən tanınır. Azərbaycanın öz ərazi bütövlüyü və torpaqlarının müdafiəsi uğrunda apardığı siyasət dəstəklənir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiyindən didərgin düşən azərbaycanlıların doğma yurd-yuvasına qaytarılması tələb edilir.
Miqrasiya və qaçqın problemi, terrorizm, islamofobiya və ksenofobiya ilə mübarizə və digər aktual məsələlərin müzakirə olunduğu toplantıda qurumun mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə daimi və ixtisaslaşmış komitələrinin təqdim etdiyi və sessiyada təsdiqlənən daha bir qətnamədə də ölkəmizlə bağlı bəndlər yer alıb. Sənəddə Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi töhfə xüsusi vurğulanır. 2016-cı ildə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna, eləcə də bu sahədə digər çoxsaylı tədbirlərə ev sahibliyi edən ölkəmiz dünyaya nümunə kimi göstərilir.
Qətnamədə əksini tapan digər bir mühüm məsələ isə müsəlman ölkələrində mədəni, tarixi və müqəddəs İslam abidələrinin mühafizəsi ilə bağlıdır. Sənəddə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki abidələrin, məscidlərin dağıdılması faktları pislənir və təcavüzkar dövlət buna görə məsuliyyət daşımağa çağırılır. Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunmasına dair 1954-cü il Haaqa Konvensiyasının tələblərinin pozulduğu vurğulanır. Sözügedən sənəddə də bütün üzv dövlətlər bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb edirlər.
Etikxeber.az