“Ermənistanın taleyi Azərbaycanla bağlıdır, ona görə də səbirli, ağıllı siyasət həyata keçirərək vaxtı, zamanı düzgün seçməliyik”-SƏMƏD SEYİDOV

Təəssüflər olsun ki, Ermənistanın daxilində olan bəzi qüvvələr 44 günlük Vətən müharibəsində məğlub olmalarını nə dərk, nə də qəbul etmək istəyirlər. Biz torpaqlarımızı işğaldan azad edərək qalib gəlmiş dövlətik, qalib xalqıq, özümüzü də qalib xalq kimi aparırıq. Cənab Prezidentin çıxışlarında səsləndirdiyi fikirlər, dünya ictimaiyyətinə müraciəti qalib xalqın və dövlətin liderinin mövqeyidir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Bildirib ki, amma məğlub tərəf öz məğlubiyyətini dərk etmədiyinə, etmək istəmədiyinə görə, belə provokasiyalara əl atır və yəqin ki, bunun çox şahidi olacağıq. Bu, məsələnin görünən, yəni, üst tərəfidir.

Onun sözlərinə görə, Ermənistanda parlament seçkiləri ərəfəsində mövcud olan vəziyyət, sərhəddə törədilən təxribatlar, Azərbaycanı hansısa oyunlara cəlb etmək məsələsinin altında dərin qatlar var.

“Ermənistan tarix boyu böyük dövlətlər üçün bir alət  rolunu oynayıb. Azərbaycanın apardığı siyasət, Vətən müharibəsində qazandığı Qələbə nəticəsində yeni reallıq yaranıb və bu reallıq həmin aləti yoxa çıxardıb. Bu alət özü mövcuddur, ancaq ondan  istifadə edərək hansısa bir nəticə əldə etmək artıq mümkün deyil. Bəzi güclər hər zaman Ermənistandan istifadə edərək bulanıq suda balıq tuturdular. Ermənistandan Azərbaycana, Türkiyəyə qarşı alət kimi istifadə ediblər. Ermənistanın ən böyük faciəsi ondan ibarətdir ki, heç vaxt dövlət olmayıb, həmişə alət kimi istifadə olunub. İndi məğlubiyyətə uğrayaraq demək olar ki, həm dövlət kimi yoxdurlar, həm də alət kimi istifadə oluna bilmirlər.

Ona görə də müxtəlif təxribatların, provokasiyaların, bizi qıcıqlandırmaq cəhdlərinin şahidi ola bilərik. Bir məsələni qeyd edim. Fransa Prezidenti Azərbaycana Respublika Günü ilə bağlı təbrik məktubu göndərdi. Fransa Minsk qrupunun həmsədrlərindən biridir. Diplomatiyada hər saatın, hər günün önəmi var. Böyük dövlətlər Respublika Günü münasibəti ilə Azərbaycanı təbrik etdilər. Digər həmsədrlər olan Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyasından da təbrik gəldi. Amma Fransa bizi Respublika Günündə təbrik etmədi, həmin gündən bir müddət sonra təbrik məktubu göndərdi. Yəni, bu o deməkdir ki, məcburiyyət qarşısında öz statusunu saxlamaq niyyəti ilə edib.

Fransa faktiki olaraq regiondan kənarda qalıb. Regiona qayıtmaq niyyətində olduğu üçün bir tərəfdən Paşinyana hansısa vədlər verir, digər tərəfdən Respublika Günü ilə bağlı gecikmiş təbrik məktubu göndərir. Deməli, reallığı inkar edə bilmir. Bu, gedən prosesi anlamaq üçün çox incə bir detaldır. Regiona təsiri olan qüvvələr artıq dəyişib. Burada təsiri olan əsas dövlətlər Türkiyə, Rusiya və Azərbaycandır. Ermənistanın taleyi Azərbaycanla bağlıdır. Ona görə də səbirli, ağıllı siyasət həyata keçirərək vaxtı, zamanı düzgün seçməliyik. Cənab Prezident tərəfindən bu siyasət uğurla həyata keçirildiyi üçün Azərbaycan qalib dövlətdir”-deyə, S. Seyidov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Ümid edirəm ki, əlində məhkəmə qərarı olan 600-dən çox müharibə əlillinin ciddi narahatçılığına çox qısa zamanda aydınlıq gətirilib, problemləri həll ediləcək”-QƏNİRƏ PAŞAYEVADAN YENİ AÇIQLAMA

Read Next

“Əgər düşmən hər tərəfi minalayıbsa, işğaldan azad olunmuş kəndlərdə, şəhərlərdə oturmaq, dincəlmək üçün bir yer, xəstəxana, ictimai – iaşə obyekti, ev, sığınacaq yoxdursa əhali o yerlərdə gedib nə etməlidir?”-PARLAMENTİN KOMİTƏ SƏDRİNDƏN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir