“Ermənistanın yeganə çıxış yolu işğal siyasətini dayandırmaqdır” – SAHİBƏ QAFAROVA

Yaponiyanın paytaxtı Tokioda Qadın Siyasi Liderlərin növbəti Sammiti keçirilib.

Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarovanın da iştirak etdiyi toplantıda qadınların ictimai-siyasi həyatda rolu, onların dünyada baş verən proseslərə təsir imkanları, sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasında fəallığının artırılması, qadın siyasi xadimlərin əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub.

Tədbir Yaponiya Nümayəndələr Palatası və Qadın Siyasi Liderləri Təşkilatı tərəfindən keçirilib.

Konfrans çərçivəsində qadın sahibkarlığının inkişafı, qadınların iqtisadi sahədə fəaliyyətinin genişləndirilməsi mövzusunda keçirilən panel çıxışlarının müzakirələrində Sahibə Qafarova deyib ki, Azərbaycan qadınları ictimai-siyasi həyatda olduğu kimi, sahibkarlığın inkişafına da öz töhfələrini verir. Deputat bildirib ki, Azərbaycan Hökuməti ölkəmizdə qadın sahibkarlığının inkişaf etdirilməsinə daim dəstək göstərir. Uşaq bağçalarının, istehsal müəssisələrinin və digər biznes təşkilatlarının sayı artırılır, qadınlara fəaliyyətlərini genişləndirmək üçün güzəştli şərtlərlə kreditlər verilir. Eyni zamanda, qadınların fəaliyyətinin təşviq edilməsi üçün genişmiqyaslı tədbirlər keçirilir, konfranslar təşkil olunur.

Bildirilib ki, bir neçə gün əvvəl ölkəmizdə hökumət təmsilçilərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib.

Sonra müxtəlif ölkələri təmsil edən nümayəndələr öz ölkələri barədə təqdimat ediblər.

tokio-sammit

Sahibə Qafarova çıxış edərək ölkəmizdə qadın hüquqlarının qorunması, gender məsələlərinin uğurlu həlli istiqamətində görülən tədbirlər barədə geniş məlumat verib. 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən kişilərə və qadınlara bərabər seçki hüququnun verildiyini vurğulayan Sahibə Qafarova deyib ki, 100 il əvvəl mövcud olan bu kimi müsbət ənənələr bu gün inkişaf etdirilərək uğurla davam etdirilir. Onun sözlərinə görə, bu gün Azərbaycanın qadınları icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrində, biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər vəzifələrdə təmsil olunurlar.

“2030-cu il Dayanıqlı İnkişaf Məqsədləri” haqqında da danışan S.Qafarova, həmçinin münaqişələrdən, onun yaratdığı miqrant probleminin nəticələrindən bəhs edib. Deputat qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində minlərlə azərbaycanlı, eləcə də qadınlar və uşaqlarımız öldürülüb, bir milyondan çox vətəndaşımız öz doğma torpaqlarından və evlərindən didərgin salınıb, onlar qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olublar. “Azərbaycan dövləti qaçqın və köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində çox genişmiqyaslı tədbirlər həyata keçirib. Ancaq buna baxmayaraq, bu insanlar qaçqın, köçkün həyatı yaşayırlar. Təəssüf ki, bu, onların evlərinə qayıtmaq və ləyaqətlə yaşamaq hüququ təmin olunana qədər davam edəcək”– deyən deputat qaçqın və məcburi köçkün qadınların yaşadıqları problemlərdən söz açıb.

Sahibə Qafarova vurğulayıb ki, mövcud problemlərdən biri reabilitasiya və inteqrasiya məsələləridir. Belə ki, qadın qaçqın və məcburi köçkünlərin münaqişə dövründə yaşadıqları zorakılıqların yaratdığı ciddi psixoloji travmalar sonrakı dövrdə onların həyatlarında mənfi fəsadlara yol açır. Bu, onların cəmiyyətə inteqrasiyasında da böyük çətinliklər yaradır.

Millət vəkili  qeyd edib ki, bu kimi problemlərin həlli, ilk növbədə, münaqişələrin və işğal faktının aradan qaldırılmasıdır. Azərbaycan bu məsələdə beynəlxalq ictimaiyyətin səylərini təqdir edir, bununla belə problemlərə ədalətli, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində yanaşmanın vacibliyini vurğulayır.

Qeyd edək ki, Azərbaycan nümayəndəsindən əvvəl Ermənistan təmsilçisi çıxış edib. O, ölkəsinin işğalçılıq siyasətini ört basdır etmək üçün faktları təhrif edib, Ermənistanla bağlı uydurma fikirlər səsləndirib.

Sahibə Qafarova isə çıxışında erməni siyasətçinin iddialarına da cavab verərək bu ölkənin bütün beynəlxalq hüququn prinsiplərini pozaraq işğalçılıq siyasətini davam etdirdiyini, işğal faktının aradan qaldırılması ilə bağlı beynəlxalq çağırışlara, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının dərhal və qeyd–şərtsiz azad olunmasına dair 4 qətnaməsi və digər təşkilatlar tərəfindən qəbul olunan sənədlərə məhəl qoymadığını xatırladaraq bildirib ki, Ermənistan regional təhlükəsizliyə ciddi təhdid yaradan monoetnik bir ölkədir.

“İşğalçı ölkədə insan haqları kobud şəkildə pozulur, o cümlədən qadınların hüquqlarının qorunmasına heç bir təminat yoxdur. Ermənistanda mövcud olan ciddi sosial böhran və iqtisadi geriləmə qadınların da həyat şərtlərini ağırlaşdırır. Bütün regional layihələrdən kənarda qalan, heç bir iqtisadi perspektivi olmayan Ermənistanın yeganə çıxış yolu işğal siyasətini dayandırmaqdır” – deyə, Sahibə Qafarova vurğulayıb.

Etikxeber.az

Read Previous

Prezident Yazıçılar Birliyinə 3 milyon ayırdı – SƏRƏNCAM

Read Next

“Sülhə gedən yol müharibədən keçirsə, ona hazır olmalıyıq” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir