“Ermənilər, Ermənistan və himayədarları dünən daha iki sarsıdıcı zərbələrini aldılar” – DEPUTAT

Növbəti dəfə erməni həyasızlığı, erməni fintəkarlığı və erməni təxribatı ilə qarşılaşdıq. Onlar üçün heç bir dəyərin, abır-həyanın zərrəsinin belə qalmadığı bir daha öz əməlləri ilə təsdiqlənmiş oldu. Belə ki, UEFA-nın Avropa Liqasında növbəti oyununu keçirən “Qarabağ” klubu dünən Lüksemburqun  “Düdelanj” komandası ilə qarşılaşırdı. Lüksemburqda keçirilən oyun zamanı qürurumuz, fəxrimiz olan “Qarabağ” klubu ikinci topu ev sahiblərinin qapısından keçirəndən dərhal sonra böyük bir təxribat, həyasızlıq yaşandı.

Dron vasitəsilə stadionun üzərində qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağı gətirildi.  Bunun ermənilər və onun himayədarları tərəfindən edildiyinə heç kimdə şübhə qalmadı, bu təxtibatı, fitnəkarlığı, həyasızlığı yalnız onlar edə bilərdi. Bu isə təbii ki, böyük gərginlik, hər birimizdə, eyni zamanda, “Qarabağ” klubunda böyük etiraz, narazılıq yaratdı və  oyunda fasilə elan edildi.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət vəkilinin dediyinə görə, Lüksemburq rəsmilərinin üzrxahlığından sonra isə oyun davam etdirildi və futbolçularımız rəqib komandanın qarşısından daha iki top keçirərək, həm ev sahibləri, həm ermənilər üzərində növbəti mənəvi qələbəsini qazandı:

“Azərbaycan futbolçuları Qarabağ məsələsində Azərbaycanın hərbi-siyasi-diplomatik qələbələrinə bu qələbəsi ilə daha birini əlavə etdi. Bəli, idman siyasət, futbol meydanı siyasət meydanı deyil. İdman, onun şah əsəri sayılan futbol heç bir halda siyasətə alət edilməməli, kirli siyasi oyunazlıqlara bulaşdırılmamalıdır. Amma ermənilər və onların dünyadakı, Qərbdəki himayədarları bir daha iç üzlərini açıb ortaya qoymuş oldular, onlar üçün heç bir dəyərin olmadığını nümayiş etdirdilər. Amma dərhal da layiqli cavablarını aldılar.

Qeyd edim ki, bir müddət öncə də antiAzərbaycan ermənipərəst dairələr tərəfindən futbol təxribatı ilə üzləşmişdik. Avroliqanın final qarşılaşmasının, “Çelsi”-“Arsenal” oyununun Bakıda baş tutmaması üçün ən rəzil, ən murdar variantlara əl atılmışdı. Azərbaycana qarşı növbəti qarayaxama və ləkələmə kampaniyasına start verilmişdi. Amma Azərbaycanın təmkinli, səbrli və uzaqgörən siyasəti sayəsində bu təxribatın da qarşısı alınmış, final qarşılaşmasına Bakıda çox möhtəşəm şəkildə ev sahibliyi edilməklə, ermənipərəst dairələrə, bütövlükdə bütün dünyaya nələrə qadir olduğu və ola biləcəyi nümayiş etdirilmişdi. Yəni, deməkdə məqsədim odur ki, ermənilər və onların himayədarları nə qədər cəhd etsələr də, öz istəklərinə nail ola bilmirlər və bundan sonra da nail ola bilməyəcklər, daha da rəzil günə düşəcəklə, rüsvay olacaqlar. Necə ki, dünən bir daha bu duruma düşdülər. Azərbaycan bütün cəbhələrdə ermənilərə və onların himayədarlarına qalib gəlir və qalib gəlməkdə davam edəcək.

qarabaq-oyun

soçi-2

tahir_rzayev_C00134

Xatırladım ki, dünən Ermənistan özünün daha bir layiqli cavabını, ən böyük siyasi-diplomatik zərbələrindən birini aldı və hesab edirəm ki, onlar hələ uzun illər bu zərbənin təsirindən ayıla, özlərinə gələ bilməyəcəklər. Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı Azərbaycan prezidenti cənab İlham Əliyev ermənilərə və Ermənistana əsl meydana oxudu. Çıxışında Ermənistan-Azərbaycan münaqişəsindən danışan prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq, “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”-deyə, bəyan etdi.

Hesab edirəm ki, bu, ermənilər, Ermənistan, onun gizli-açıq himayədarları üzərində çalınmış növbəti böyük siyasi-mənəvi-diplomatik qələbədir. Bu, həm də bir daha onun təsdiqi oldu ki, Azərbaycan dövləti, Azərbaycan xalqı, dövlət başçısı Qarabağ məsələsində birmənalı və dəyişməyən mövqeyə malidir. Azərbaycan Qarabağ məsələsində bu günə kimi güzəştə getmədiyi kimi, bundan sonra da güzəştə getməyəcək. Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır və Azərbaycanın da tarixi-ayrılmaz tərkib hissəsi kimi qalacaq. Həmçinin, bu tarixi bəyanat, mesaj onun nümayişdir ki, bu bəyanatın hərb, savaş meydanında da davamı gələcək, Azərbaycan bütün vasitələrlə öz torpaqlarını işğaldan azad edəcək, erməni tapdağından qurtaracaq. Uğurlu Aprel döyüşlərində, Cünnüt və Qazax əməliyyatlarında olduğu kimi, növbəti əməliyyatlarında da daha möhtəşəm qələbəsini qazanacaq. Kimsənin buna əsla və əsla şübhəsi olmasın”.

T. Rzayev bu yerdə eyni zamanda bugünlərdə Yerevanda keçirilən Avrasiya Ali İqtisadi Şurasının iclasına toxunaraq, İran prezidenti Həsən Ruhaninin son addımına, çıxışında səsləndirdiyi fikirlərə kəskin təpksini bildirib:

“İran prezidenti yığıncaqdan əvvəl Ermənistanın baş naziri Paşinyanla görüşündə belə bir fikir səsləndirdi ki, İran İslam Respublikası Yerevana qaz tədarükünü artırmağa söz verir və bunun üçün heç bir problem olmaz, qaz verilməsinə hazırdır. Əlbəttə ki, bu Azərbaycanın maraqlarına ziddir. Çünki İran prezidenti bilməmiş deyil ki, Azərbaycanın 20 faizdən artıq torpaqları erməni işğalçıları tərəfindən zəbt olunub, uzun müddətdədir işğaldadır. Həmin o ərazilərdən bir milyondan artıq insanlar didərgin salınıb. Həmin o ərazilərdə olan müqəddəs ocaqlarımız, məscidlərimiz, ziyarətgahlarımız dağıdılıb, məhv edilib və belə bir vaxtda Həsən Ruhaninin təcavüzkar ölkəyə kömək etməsi, əl uzatması, təbii ki, onun Azərbaycanla münasibətlərinə bir kölgə salır və Ruhaninin Azərbaycan torpaqları, ərazi bütövlüyü haqqında söylədiyi fikirlərə heç də uyğun gəlmir.

Əslində biz gözləyirik ki, İran prezidenti beynəlxalq hüquq normalarına əsaslanaraq belə tədbirlərdə Ermənistana müəyyən qaydada təsir göstərə, onun Azərbaycan torpaqlarının işğaldan azad olunmasına vadar edə  və bununla əlaqədar müəyyən təkliflər, təşəbbüslər göstərə bilər. Ancaq çox təəssüflər olsun ki, İran prezidenti bu mövqedən çıxış etmir və əvvəllər olduğu kimi, yenə də təcavüzkar ölkəyə kömək etmək fikrindədir. Bu, bir Azərbaycan vətəndaşı kimi bizim hər birimizi narahat edir və ona görə müəyyən qayda da Azərbaycan xalqı belə məsələlərdə qonşu dövlətin rəhbərinə öz etirazını bildirir, bildirməkdə də davam edəcək. O vaxta qədər ki, qonşu ölkə bu yanlışından, səhv, xətalı siyasətindən əl çəkmiş olsun”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Azərbaycan UEFA reytinqində Qazaxıstanla fərqi yarım xala endirdi

Read Next

XİN-dən “Düdelanj” – “Qarabağ” oyununda baş vermiş təxribata – REAKSİYA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir