“Ermənilərin Azərbaycan və Özbəkistanda törətdyi faciələri hər kəs yaxşı bilməlidir” – QƏNİRƏ PAŞAYEVA

Özbəkistanın ən böyük vilayəti Fərqanə vilayətində Margilan şəhərində Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinə dair tədbir və millət vəkili Qənirə Paşayevanın Özbəkistanda çıxmış kitabının təqdimat mərasimi keçirilib.

Etikxeber.az xəbər verir ki, Q. Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Fərqanə vilayəti, Margilan şəhər hakimiyyətinin nümayəndələri, təhsil, mədəniyyət xadimləri, şəhərdə fəaliyyət göstərən ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

Özbəkistan Yazıçılar İttifaqı Fərqanə şöbəsinin rəhbəri Enaxon Suddikova açaraq iki xalq arasında ədəbi-mədəni əlaqələr sahəsində əməkdaşlığın inkişaf etdiyini, bu istiqamətdə görülən işlərdən söhbət açıb.

Natiq Azərbaycan ziyalılarının, yazıçı və şairlərinin Özbəkistana hər bir səfərinin maraqlı olduğunu və əməkdaşlıq üçün yeni imkanlar açdığını söyləyib.

Fərqanə vilayətinə, Margilan şəhərinə səfəri, görüşləri, müəllifi olduğu kitabın Margilanda, Fərqanədə təqdimatının keçirilməsini yüksək qiymətləndirib və iki qardaş ölkə arasında əməkdaşlığın genişlənməsi istiqamətində fəaliyyətinə görə, Q.Paşayevaya rəhbərlik etdiyi qurum adından təşəkkürnamə təqdim edib.

Q. Paşayeva tədbirdə Azərbaycan həqiqətləri, Azərbaycan-Özbəkistan münasibətləri və Qarabağ problemi ilə bağlı geniş məruzə ilə çıxış edib.

Özbəkistanda özünü Azərbaycandakı kimi hiss etdiyini, özbək xalqını çox sevdiyini bildirən Q.Paşayeva Azərbaycan-Özbəkistan qardaş münasibətlərindən danışmış, ədəbi əlaqələrin daha da dərinləşdirilməsi, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi, hər iki ölkənin ali məktəbləri arasında tələbə mübadiləsinin reallaşdırılması məsələlərinə toxunub.

Millət vəkili qeyd edib ki, Margilan şəhəri ilə Azərbaycanın şəhərləri arasında qardaşlaşmış şəhərlər layihəsinin həyata keçirilməsi, regionlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi olduqca zəruri məsələlərdəndir.

O, Özbəkistanda özbək dilində kitabının nəşr olunmasından məmnunluq hissi keçirdiyini deyib və əməyi keçənlərə təşəkkürünü bildirib.

Azərbaycan, onun tarixi, mədəniyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən böyük işlər, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən Q.Paşayeva qardaş Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib.

Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ hekayələri” kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını deyən millət vəkili Q.Paşayeva “məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə olunmasına nail olmaqdır” deyib.

Millət vəkili  eyni zamanda, ermənilərin Özbəkistanda törətdiyi dəhşətli faciələr haqqında da geniş danışıb, “ermənilərin həm Azərbaycanda, həm də Özbəkistanda törətdyi faciələri hər bir insanımız yaxşı bilməlidir və gənc nəsillərimizə tariximizi yaxşı öyrətməliyik” deyib.

Q.Paşayeva qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlərin görüləcəyinə inandığını deyib.

Tədbirdə çıxış edən Fərqanə vilayət hakiminin müavini Feyzulla Kasimov isə ölkələrimizin regionları arasında əlaqələrin yaradılması və inkişafından danışıb və bu əməkdaşlığın daha geniş inkişafı üçün bütün istiqamətlərdə böyük imkanlar olduğunu deyib. 

Etikxeber.az

Read Previous

“Azərbaycan Qarabağ, azərbaycanlı bir nəfərinə kimi qarabağlı olmalıdır” – DEPUTAT YAZIR

Read Next

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirildi – MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir