Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dünyada cövlan edən koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə tədbirlərindən biri də “Evdə qal” kampaniyasıdır.
Hazırda dünya əhalisinin böyük qismi bu virusa yoluxmamaq üçün şəxsi evində özünütəcrid şəraitində yaşamağa məcburdur.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, COVİD-19 pandemiyası Azərbaycandan da yan keçmədi və biz azərbaycanlılar da, bütün bəşər övladı kimi, bu çətin günlərdə öz evimizdə qalmaq reallığı ilə üzləşdik.
Düzdür, özünə və ailəsinə azuqə qazanmaqdan ötrü hər gün işləməyə öyrəşən insanlar üçün evdə qalmaq heç də asan məsələ deyildir, kiminin səbri çatmır, kiminin əsəbləri dözmür və s.
Maddi durumu zəif olan və günəmuzd işləyənlər üçün isə bu, xüsusi çətinlik yaradır. Lakin milli maraqlar, cəmiyyətin və xalqın təhlükəsizliyi məsələsi diqtə edir ki, hər birimiz vətəndaş məsuliyyəti göstərib vəziyyətlə barışmalı və bu reallığın bəxş etdiyi bir çox imkandan səmərəli şəkildə faydalanmalıyıq.
Fikrimcə, “Evdə qal” kampaniyasının müsbət cəhətlərindən biri də insanın özünə, mənəvi dünyasına, başqa sözlə ifadə etsək, özünü tanımasına diqqət yetirməsi üçün kifayət qədər vaxtının olmasıdır.
Çünki gündəlik qayğılar, iş və ailə həyatına dair problemlər başımızı o qədər qatıb ki, desəm, özümüz yaddan çıxmışıq, özümüz-özümüzə məcburən biganə və yad olmuşuq, yanılmaram.
Odur ki, “Evdə qal” kampaniyası, əslində, bizim üçün münasib fürsətdir ki, papağımızı qarşımıza qoyub yaxşı-yaxşı fikirləşək və yadlaşan özümüzü tanımağa çalışaq.
Özünü tanımaq, hər şeydən əvvəl, özündə olanları bilmək və onları doğru dəyərləndirməkdir, yəni insan nə istədiyini dəqiq bilməli və istədiyinin fərqində olmalıdır. Özünütanıma üçün bu ikisinin vəhdəti olduqca mühüm amildir, biri olmadan bu proses baş tutmaz.
Bəşər övladı özünün şəxsi keyfiyyətlərini, çatışan və çatışmayan tərəflərini bilməlidir ki, atdığı addımların, davranış və hərəkətlərinin nəticəsini öncədən görə bilsin, qınaq obyektinə çevrilməsin.
Özünü doğru dərk etməyənlər isə harada necə davranılacağını, yaxşı və pis hadisələrlə qarşılaşarkən necə reaksiya veriləcəyini müəyyənləşdirə bilməzlər. Gəlin bu fikri COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdəki real vəziyyətlə əlaqələndirək.
Öncə qeyd edim ki, koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə respublikamızda çevik və zəruri qabaqlayıcı addımlar atıldı. Ölkə Prezidenti İlham Əliyev cənablarının göstərişləri və sərəncamları ilə hökumətimiz bu istiqamətdə olduqca fəal işlər görməyə başladı və proses davam etməkdədir.
Həmçinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva pandemiya ilə əlaqədar xalqımıza müraciət etdi, insanlarımızı dövlət tərəfindən görülən tədbirlərin vacibliyini birmənalı olaraq dərk etməyə və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməyə səslədi.
Görülən tədbirlərdən biri isə ölkədə xüsusi karantin rejiminin tətbiqidir və bu tətbiqə görə vətəndaşlarımız koronavirus infeksiyasına yoluxmamaq üçün öz evlərində sosial izolyasiya şəraitində yaşayırlar. Sevindirici hal bundan ibarətdir ki, insanlarımızın böyük əksəriyyəti xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə əməl edirlər. Onlar yaxşı dərk edirlər ki, bu qaydalara riayət etmək, ilk növbədə, onların öz xeyrinədir. Hazırkı durumda vətəndaş istəyir ki, mövcud infeksiyaya yoluxmasın, sağlam qalsın.
Eyni zamanda, vətəndaş istəyini başa düşür və zərurət yaranmadıqca evini tərk etmir. Lakin bəzi şəxslər şəbirsizlik nümayiş etdirərək evdə qalmaqdan imtina etməyə, küçə və ya bayıra çıxmağa cəhdlər edir, bununla həm xüsusi karantin rejiminin qaydalarını pozur, həm özünü və ailəsini, həm də cəmiyyəti dünyanı cənginə alan koronavirus infeksiyasına yoluxma riski qarşısında qoyurlar.
Səbəb bəllidir, nə qədər qəribə səslənsə də, onlar hələ də özünü tanıya və kəşf edə bilməyiblər. Müxtəlif bəhanələrlə özünə haqq qazandıraraq evlərini tərk edənlər öz istəklərini bilsələr də, bu istəklərinin hansı fəsadlara yol aça biləcəyini dərk edə bilmirlər.
Məsələyə islami nöqteyi-nəzərdən yanaşdıqda məlum olur ki, insanda varlıqların ən gözəli olmağa, yəni “əhsəni-təqvim”ə yüksəlmə imkanı ilə yanaşı, ən səfil və ən aşağı səviyyə olan “əsfələ-safilin”ə yuvarlanma meyli dəvardır. Adəm oğlu mənəvi-əxlaqi baxımdan bu yüksəliş imkanına rəğmən Qurani-Kərimin “Tin” surəsinin 4-cü ayəsində: “Biz insanı ən gözəl biçimdə yaratdıq!” – deyə tərif edildiyi halda, “Məaric” surəsinin 19-cu ayəsində isə ən aşağı səviyyəyə yuvarlanma meylinə görə:
“Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır!” – şəklində məzəmmət edilir. Deməli, bu ağır günlərdə heç nəyə məhəl qoymadan və ya zərurət olmadan evlərini tərk edənlər və bununla da ətrafındakılara zərər vermək imkanını reallaşdıranlar, Quranın dili ilə desək, “çox həris yaradılmış”lardır.
Qeyd edim ki, özünütanıma mövzusu İslam dininin ən mühüm və köklü məsələlərindəndir. Müqəddəs dinimiz insanın özünü tanımasına, öz mövqeyini doğru-düzgün dərk etməsinə hər zaman xüsusi diqqət yetirib. Bu məsələ Quranla yanaşı, hədislərdə də öz əksini tapıb. Əbəs yerə deyil ki, Həzrət Muhəmməd peyğəmbər (s) hədislərinin birində belə buyurub:
“Hər kim özünü tanısa, Allahını tanımış olar”. Buradan belə qənaət hasil olur ki, insan oğlu özünü tanımaqla, özünə diqqət yetirmək və ya hesabat verməklə formal olaraq tanıdığı, əslində isə unutduğu Yaradanını – Qadir Allahı tanımağa başlayır. Özünü tanımağa başlayan insan dərk edir ki, dünyanın ağası olmaq iddiası ilə, elmi-texniki tərəqqinin verdiyi imkanlarla İlahi qanunauyğunluğa əks getməklə böyük səhvə yol verib.
Özünü tanımağa başlayan insan dərk edir ki, nə qədər çox bilsə də, bildikləri müəyyən həddə qədərdir və heç də hər zaman yetərli deyildir, necə ki, bu gün insan zəkası COVİD-19 pandemiyası qarşısında acizdir. Nəhayət, özünü tanımağa başlayan insan dərk edir ki, Ali elm yalnız Allaha məxsusdur.
Allah isə dünya və Axirətə hökmran olan, heç bir işi təsadüfə buraxmayan, qaranlıqlardan nura çıxaran vəQurani-Kərimin “Zariyat” surəsinin 56-cı ayəsində: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım” – deyə buyuran yeganə İlahdır.
Bu mənada, Qafqaz Müsəlmanları İdarəsinin Sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin “Real Tv”yə müsahibəsində səsləndirdiyi “Evdə qal, Allahla qal” fikri məhz Qurandan və Peyğəmbər (s) kəlamından qaynaqlanır. Gəlin, biz də özümüzü və Allahı tanımaq naminə səbrlə evdə qalaq. Allah köməyimiz olsun!

Əhliman Rüstəmov
QMİ-nin Fətva və moizə şöbəsinin müdir müavini,
İlahiyyat üzrə araşdırmaçı-yazar





