“Ev”imizə kimsəni dəvət etməyə utanırıq, çünki…”-ŞƏHİD ƏZİM HƏSƏNOVUN AİLƏSİ PREZİDENTLƏ BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT ETDİ… – FOTOLAR

Bu gün İkinci Vətən Müharibəsində 40-dan çox Şəhid vermiş-ölkəmizin dördüncü böyük şəhərinə-Mingəçevirimizə yenidən səfər etdim…

Bu dəfə daha bir Şəhidimizin-İkinci Vətən Müharibəsində qəhrəmancasına Şəhid olmuş Əzim Fikrət oğlu Həsənovun ailəsini, valideynlərini, evlərini ziyarət etdim…

Ev də ki, nə ev…Əgər ev demək mümkünsə…Və bu haqda bir az sonra…

Şəhidimizin haqqında düzünü desəm-ötən həftə Mingəçevir şəhər Şəhidlər Xiyabanını ziyarət və “Şəhidlər bulağı”nın açılışı zamanı eşitmiş və orada Şəhidimiz anası Şəhla xanımla tanış olmuş, ayaqüstü söhbətləşmiş və söz vermişdim ki, onları da ziyarət edəcəyəm, Əzim haqqında daha geniş yazacağam…

Və söz verdiyim kimi, bu gün Şəhidimizin “QRES” adlanan yerdə yaşayan ailə üzvlərinə baş çəkdim…

Qeyd edim ki, əslən Qarabağlı, Ağdamlı, Xıdırlılı, məcburi köçkün ailəsindən olan Şəhidimiz 1998-ci ilin iyunun 13-də Balakəndə, Kortala kəndində dünyaya gəlib və bir il sonra ailəsi Balakəndən Mingəçevirə köçüb, müvəqqəti olaraq, “bağ evi” deyilən yaşayıblar…

Sonra-2000-ci ildən isə “QRES”-dəki vaqon “ev”də, gecəqondunda yaşamağa başlayıblar…

Şəhidimiz 2004-2015-ci illərdə “QRES”-dəki 19 saylı məktəbdə oxuyub, məktəbi də əla qiymətlərlə başa vuraraq, Azərbaycan Dillər Universitetinin (ADU) ingilis dili müəllimi fakültəsinə daxil olub…

2019-cu ildə ADU-nun bakalavr pilləsini başa vurduqdan sonra, oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb, Pirəküşküldə qulluq edib…

Hərbi xidmətinin başa çatmasına heç bir ay qalmamış-ötən ilin senyabr ayının 27-dən, İkinci Vətən Müharibəsinin ilk günündən isə cəbhənin Füzuli-Cəbrayıl istiqamətlərində olub, döyüşüb, vuruşub, igidliklər nümayiş etdirib…

Və ağır döyüşlərdən birində, Füzulinin Aşağı Seyidəhmədli kəndi uğrunda qanlı döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Oktyabrın 8-də Şəhadətinə qovuşan İgidimiz düz 22 gün sonra-oktyabr 30-da Mingəçevirdə, Şəhidlər Xiyabanında dəfn edilib, torpağa tapşırılıb…

Şəhidimiz ailədə iki uşaq-bir bacı, bir qardaş olublar…

Bacısı da hazırda Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsində, 3-cü kursda oxuyur…

Şəhidimiz ölümündən sonra iki medalla-“Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…

Amma hərbçi, döyüşçü yoldaşlarının, onu yaxından tanıyanların dediklərinə görə, Şəhidimiz elə qəhrəmanlıqlar göstərib ki, o, əslində Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adını haqq edir…

Şəhidimizin həm də böyük arzuları, hədəfləri olub…

Özü çox çətinliklər, əziyyətlər hesabına böyüyüb boya-başa çatdığı, təhsil aldığı üçün işləyib, çoxlu pul qazanıb Mingəçevirdə xeyriyyəçiliklə məşğul olmağı, imkansız ailələrin istedadlı övladları üçün məktəb, lisey açmağı düşünürmüş…

Amma…Necə deyərlər, sən sayğını say…

Nur içində yatsın, məkanı cənnətlik, arzuları, hədəfləri çin olsun, Şəhidimizin, Şəhid Əzimin!

Baş tacımız, and yerimizdir!

***

Şəhidimizin ailəsinin yaşağığı “ev”ə, ev məsələsinə gəlincə, gerçəkdən də, biabırçlığın, rəzilliyin, rəzalətin son həddi…

Şəhidimizin özünün 20 il, ailəsinin isə artıq 21 ərzində yaşadığı, ömür çürütdüyü “ev”lə, vaqondan ibarət gecəqondu ilə tanış olduqda qanım dondu…

Gördüyüm mənzərədən dəhşətə gəldim…Ki, burada bu illər ərzində neçə yaşayıblar, necə yaşayırlar, necə yaşamaq olar…

Bu, həm insanlığa, həm də Şəhid adına, Şəhid ruhuna hörmətsizlikdir…Başqa adı yoxdur…

Şəhid ailəsi ötən illər ərzində döymədikləri, üz tutmadıqları ünvan qalmayıb, ancaq üz tutduqları ünvanlardan-daşdan səs çıxıb, ancaq onlardan səs çıxmayıb…

Nə ötən illər ərzində, nə də Əzimin Şəhədətindən sonra ailənin ev, mənzil probleminə əncam çəkilib, sadəcə, hər dəfə vədlər verilib və hamısı da quru, boş vədlər olaraq qalıb…

Nə Mingəçvevir İcra Hakimiyyəti, Mingəçevir rəhbərliyi, nə də Ağdam İcra Hakimiyyəti, Ağdam rəhbərliyi ailənin ev, mənzil problemini həll edib…

Şəhidimizin anası Şəhla Həsənovanın deiklərindən:

“Vallah, Oğlumdan sonra gözümüzə nə ev, nə mənzil, nə də iş görünür…Amma evimizə qonaq, xüsusilə, Oğlumun, 22 yaşında canını Vətən yolunda Şəhid etmiş balamın döyüş yoldaşları, sinif və tələb yoldaşları bizə gələndə çox utanırıq, çox xəcalət çəkirik…Axı, onları bu evə necə dəvət edək?! Buna ev demək olarmı? Burada insan yaşayaramı? Və Şəhid ailəsinə də belə bir hörmətsizlik olarmı? Heç nə istəmirik, sadəcə, imkan, icazə versinlər yaşadığımız 4 sotluq ərazini, yeri adımıza sənədləşdirək, özümüzə bir daxma tikək… Ancaq ona da imkan vermirlər…Get-gələ salırlar…Bircə arzum da var ki, oğlumun oxuduğu məktəbə Əzimimin adı verilsin…Başqa arzumuz yoxdur, başqa istəyimiz yoxdur”.

Şəhidimizin atası-Birinci Qarabağ Savaşınıın ilk günlərdən iştirakçısı, Ağdamın, Xıdırlının ilk könüllülərindən olmuş Fikrət Həsənov da yaşadıqları yerin, torpaq sahəsinin sənədləşdirilməsinə icazə verilməsini istəyir:

“Mingəçevir şəhərinin rəhbərliyi, bələdiyyə illərdir, aylardır bizi get-gələ salır, vəd verir, amma heç birini yerinə yetirmirlər…Artıq bezmişik, cana doymuşuq…Bizə hörmət etmirlər, heç olmasa, Şəhidimizin ruhuna hörmət qoysunlar…Mən ölkə Prezidenti cənab İlham Əliyevə, birinci xanım Mehriban xanım Əliyevaya üz tuturam, onlara müraciət edirəm, bizim vəziyyətimizin nəzərə alınmasını onlardan xahiş edirəm…İstəyirəm ki, səsimiz onlara çatsın, çatdırılsın…Biz heç nə istəmirik, bu dünyanı da tutub qalası deyilik…Heç olmasa, yaşadığmız balaca bir yerin adımıza keçirilməsinə icazə verilsin, eyni zamanda, oğlumuzun adı 19 nömrəli məktəbə verilsin…”

Bəli, söz, qərar, konkret addım Mingəçevir və Ağdam İcra Hakimiyyətinin, rəhbərliyinindir…

Bəlkə heç olmasa, bundan sonra yatmış, susmuş vicdanları dinə, oyana və Şəhid ailəsinə gərəkən, haqq etdikləri münasibəti göstərələr…

Boyunlarının borcudur, borclarıdır, vəzifələridir…

Artıq Şəhid ruhunun incidilməsinə, Şəhid ailəsinə hörmətsizlik edilməsinə son qoyulmalı, Şəhidimizin ailəsi normal yaşayış şəraiti, mənzillə təmin olunmalıdırlar!

Olunmalıdırlar, olunmalıdırlar, olunmalıdırlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

12.04. 2021, Mingəçevir

Etikxeber.az

Read Previous

“Oğlum da Vətən üçün yarandı, ürəyi də daim Vətən üçün döyündü, Vətən uğrunda da getdi, Şəhid oldu…”-SAQİBƏT XANKİŞİYEVA – ŞƏHİD FUAD XANKİŞİYEVİN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU – YENİLƏNİB – FOTOLAR

Read Next

MM-in növbəti iclası-FAZİL MUSTAFA “QANUNSUZ EVLƏR”LƏ, QÜDRƏT HƏSƏNQULİYEV “YAŞAT”-LA BAĞLI TƏKLİF SƏSLƏNDİRDİ, ZAHİD ORUC “HƏRBİ QƏNİMƏTLƏR PARKI”NDAN DANIŞDI… – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir