“Evimiz, şəraitimiz çox bərbad durumdadır…”-ŞƏHİD SAHİL RƏSULOVUN ANASI SAMİRƏ HÜSEYNOVA ÖLKƏ PREZİDENTİ VƏ BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT ETDİ, ONLARDAN KÖMƏK İSTƏDİ – FOTOLAR

Goranboyun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Sahil Rəsulovun anası Samirə Hüseynova ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Birinci xanım Mehriban xanım Əliyeva müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli, İlham Heydəroğlu!

Çox dəyərli Mehriban xanım!

Yazıb Siz(lər)ə bildirmək istəyirəm ki, mən-Samirə Əmiraslan qızı Hüseynova Azərbaycanın, Goranboyun, Səfikürd kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin tək oğlu, iki bacının tək qardaşı, subay, MAXE Sahil Sərvan oğlu Rəsulovun anasıyam. Övladım İkinci Vətən Müharibəsi zamanı Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb. Nəşi oktyabr ayının 11-ində Səfikürd kənd qəbiristanlığının Şəhidlər məzarlığında dəfn olunub. Ölümündən sonra Müzəffər Ali Baş Komandan kimi Sizin-cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Övlad dərdi, övlad itkisi nə qədər ağırlı və acılı olsa da, bir Ana kimi oğlumla-Sahilimlə Fəxr edir, Qürur duyuram. Fəxr edir, Qürur duyuram ki, belə bir İgidin, Qəhrəmanın, Qələbə və Zəfər Şəhidinin anasıyam. Balam da daxil olmaqla, cəmi Şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Şəhidlər ölməz, Vətən bölünməz!”

Müraciətdə sonra deyilir:

“Cənab, Prezident!

Hörmətli, Birinci xanım!

Siz(lər)ə müraciət etməklə, bir məsələni, problemi diqqətinizə çatdırmaq istəyirəm. Həmin məsələ, həmin problem də bizim yaşayış vəziyyətimiz, daha doğrusu, ev, mənzil məsələmiz, problemimizdir. Biz çox kasıb, zəhmətkeş ailə olmuşuq, ailəyik, öz əlimizin zəhməti, alnımızın təri ilə dolanmışıq, yaşamışıq, dolanııq, yaşayırıq. Heç zaman kənardan evimizə, büdcəmizə nəsə daxil olmayıb. Odur ki, illərdir çox şəraitsiz, bəlkə də ev adına yaraşmayan bir evdə yaşamışıq. Hətta Şəhidimin-balamın bugünlərdə qeyd etdiyimiz Cənnətdəki ilk doğum günü ilə bağlı geniş tədbiri də şəraitsizlik, necə deyərlər, evsizlik ucbatından baba ocağında, qayınatamgildə keçirmişik, keçirmək məcburiyyətində qalmışıq. Qarşıdan da İkinci Vətən Müharibəsinin başlamasının biri ili, eyni zamanda, oktyabrın 11-ində Şəhidimin Şəhadətə qovuşmasının bir ili gəlir. Evimiz isə qeyd etdiyim kimi, çox bərbad gündədir. Olan-qalan pulu da (YAŞAT-ın etdiyi yardımı da) həmin evi yenidən-birtəhər düzəltməyə xərcləmişik, əlimizdə heç bir vəsait qalmayıb.

Evi başa gətirmək üçün artıq vəsaitimiz yoxdur və hər şey yarımçıq qalıb. Ona görə müraciət edərək, Siz(lər)dən çox-çox, dönə-dönə xahiş edirəm ki, evimizi yenidən başa gətirmək üçün bizə maliyyə vəsaiti ayrılması ilə bağlı aidiyyatı qurumlara, o cümlədən “YAŞAT”-a göstəriş və tapşırıqlarınızı verəsiniz. İstəmirəm, istəmirik ki, övladımızın il mərasimini yenə başqa qapıda, başqa həyətdə keçirək. Bu, bizə çox böyük vicdan əzabı deməkdir. Odur ki, müraciətimin nəzərə alınmasını və müsbət həll olunmasını hər ikinizdən xahiş və rica edirəm. Bununla həm Şəhidimizin ruhu rahatlıq tapmış, həm dərdli, yaralı bir Şəhid ailəsi kimi bizim qəlbimizə az da olsa, su səpilmiş, bizə təsəlli verilmiş olar. İnanıram və əminəm ki, müraciətim hər ikiniz tərəfindən nəzərə alınacaq və müsbət həllini tapacaq.

Öncədən də Siz(lər)ə dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Siz(lər)i, gözəl ailənizi, Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Sosial xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək-BU GÜNDƏN

Read Next

Deputatlar, QHT-lər, jurnalistlər Niyaz Niftiyevə görə-MÜRACİƏT ÜNVANLADILAR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir