Evin-ailənin tək oğlu, iki övladı Vətənə əmanət qalan-GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI VƏ ANTİTERROR ŞƏHİDİ, NƏŞİ 10 GÜNDƏN SONRA ƏBƏDİYYƏTƏ UĞURLANAN ELŞAD SÜLEYMANOVUN BU GÜN ANIM GÜNÜDÜR…

Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin iki Antiterror Şəhidindən biri olan Elşad Məhəmməd oğlu Süleymanovun Anım Günüdür.

Bu gün Elşad Süleymanovun Əbədiyyətə uğurlanmasından bir il keçir.

Anım günü ilə bağlı bu gün-29 sentyabr 2024-cü il tarixində, səhər saatlarında Şəhidin Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək.

Şəhidin məzarını ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə Anım mərasimi düzənlənəcək, adına ehsan süfrəsi açılacaq.

Elşad Süleymanov 9 yanvar 1994-cü il tarixində Goranboy rayonunun Qızılhacılı qəsəbəsində sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub.

Bacıları hazırda ailəli, hər ikisi də üç övlad anasıdır.

Elşad 2000-2011-ci illərdə Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində oxuyub.

Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurduqdan sonra yenidən evinə-ailəsinə dönüb.

2015-ci ilin avqustunda Qızılhacılılı, evin-ailənin tək qızı Şəhla Süleymanova ilə ailə həyatı qurub.

İki övladı dünyaya gəlib.

Məftun adlı oğlu, Mələk adlı qızı var.

2017-ci ildən isə həyatını Ordu, hərb ilə bağlayıb.

Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsində iştirak edib, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, 2023-cü ilin sentyabrın 19-da isə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 10 gündən sonra-29 sentyabr 2023-cü il tarixində Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğurunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də İkinci Vətən Müharibəsi Şəhidi Elman Mehman oğlu Həsənovun sinif yoldaşı olub.

Məkanı cənnətlik, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid valideynləri Şəki və Oğuzda: “MƏNİM OĞLUM QƏHRƏMANDIR”

Read Next

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi, tək və subay övlad Elməddin Hüseynzadənin Anım Günüdür…-MƏZARI ZİYARƏT OLUNDU, ÇIXIŞLAR EDİLDİ, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB -(1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir