Evin-ailənin tək övladı, ali təhsilli, peşəkar hərbçi Həsənağa Abdullazadənin-CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜNDƏ MƏRKƏZİ ZABİTLƏR EVİNDƏ ŞƏHİDƏ HƏSR OLUNMUŞ “YÜZ ON İKİNCİ GÜN” ROMANININ TƏQDİMATI OLACAQ…

Lənkəran şəhərinin ( həm də Bakının) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Həsənağa Şakir oğlu Abdullazadənin doğum günüdür.

Həsənağa Abdullazadənin sabah 31 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü ilə bağlı sabah-9 mart 2024-cü il tarixində Bakı şəhərində-Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Şəhidə həsr olunmuş “Yüz on ikinci gün” romanının təqdimat mərasimi keçiriləcək.

Təqdimat mərasimində romanın müəllifi, Şəhidin valideynləri-Səmilə Şakir Abdullazadələr, müxtəlif bölgələrdən olan Şəhid ailələri, hərbçilər, Qazilər və digər şəxslər iştirak edəcəklər.

Təqdimat mərasimində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Dövlət himni səsləndiriləcək, çıxışlar ediləcək, şeir və mahnılar səsləndiriləcək.

Mərasimdən sonra “Qızılgül” mərasim evində məclis düzənlənəcək, Şəhidin adına ehsan veriləcək, ruhuna bir daha dualar olunacaq, “Quran” oxunacaq.

Etikxeber.az xəbər verir ki, Həsənağa Şakir oğlu Abdullazadə 1993-cü ilin mart ayının 9-da Lənkəran şəhərində dünyaya gəlib.

O, ailənin tək və yeganə övladı olub.

1999-cu ildə Rövşən Bədəlov adına 9 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2007-ci ildə həmin orta məktəbin 8-ci sinfini yüksək qiymətlərlə bitirib.

Elə həmin il öz istəyi ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin 1-ci kursuna daxil olub və 2010-cu ildə həmin məktəbi fərqlənmə ilə bitirib.

2010-cu ilin avqust ayında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və hələ tələbəykən 2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013) “Yubiley medalı” ilə təltif olunub.

2014-cü ilin iyul ayında həmin məktəbi bitirib, Leytenant rütbəsi alıb.

2014-cü ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin zabit təkmilləşdirmə kursuna daxil olub və 2015-ci ildə kursu fərqlənmə ilə bitirib.

Öz arzusu ilə Gədəbəyin ən ucqar zonası olan “Qoca Dağ”a, xidmətinə yollanıb və N saylı hərbi hissənin motoatıcı taqım komandiri vəzifəsinə göndərilib.

2015-2016-cı illərdə Gədəbəydəki N hərbi hissənin ön xəttində taqım komandiri vəzifəsində çalışıb, bir il sonra- 2017-ci ildə isə bölük komandiri vəzifəsinə təyin olunub.

Elə həmin-2017-ci ildə Baş leytinant hərbi rütbəsi verilib və bir il sonra daha bir medalla- 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley medalı” ilə təltif olunub.

Həsənağa bir çox sertifikat və Fəxri Fərmanlara layiq görülüb.

2018-ci ilin oktyabr ayında Göygöl rayonunda yerləşən N saylı hərbi hissəyə bölük komandiri vəzifəsinə göndərilib.

Həsənağa Baş leytenant olmasına baxmayaraq, İkinci Vətən Müharibəsindən bir neçə ay əvvəl Müdafiə Nazirliyinin əmri ilə Göygöl rayonundakı N saylı hərbi hissədə taborun “Qərargah rəisi” vəzifəsinə təyin olunub.

İkinci Vətən Müharibəsi başlayan ilk gündən də döyüşlərdə olub və 2 oktyabr tarixində Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına yüksəlib.

Yalnız 112 gündən sonra Həsənağanın nəşini əldə etmək və ailəsinə təhvil vermək mümkün olub.

Nəşi 2021-ci ilin 14 yanvar tarixində İkinci Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra  bir neçə medal və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Ailəsi-valideynləri həm də övladlarının “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı təltif olunmasını istəyir və tələb edirlər.

Həsənağa Abdullazadə eyni zamanda, ailəli olub, amma övladı dünyaya gəlməyib.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 31 yaşı mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Azərbaycanın daxili işlərinə qarışmamağı Fransa tərəfindən tələb edirik”-XİN

Read Next

Beyləqanlı İkinci Vətən Müharibəsi Şəhidi-ELVİN İSMAYILOVUN DOĞUM GÜNÜDÜR, BU GÜN 35 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir