Evin-ailənin tək, subay və ali təhsilli oğlu, 163 saylı tam orta məktəbin yeganə Şəhidi-İSMAYILLILI, HƏM DƏ BAKILI CƏMİL HABİL OĞLU MƏMMƏDLİNİN BU GÜN 25 YAŞI TAMAM OLUR – CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, BARELEYFİNİN AÇILIŞI OLDU… – FOTOLAR – YENİLƏNİB

Bakı şəhərinin Səbail rayonunun, həm də İsmayıllının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cəmil Habil oğlu Məmmədlinin doğum günüdür.

Cəmil Məmmədlinin bu gün 25 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin İsmayıllı Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar olunub, “Quran” oxunub.

Məzarını ziyarətdən sonra Şəhidin adını daşıyan küçədə bareleyfinin açılış mərsimi olunub.

Mərasimdə Şəhidin ruhuna bir daha dualar olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik edilib.

Daha sonra Cənnətdəki dördüncü doğum günü ilə bağlı ata-baba ocağında Şəhidin adına çay-ehsan süfrəsi açılıb.

Şəhidin məzarını ziyarətdə, bareleyfinin açılışında və çay-ehsan süfrəsində ailə üzvləri, doğmaları, İsmayıllıdan olan Şəhid ailələri, İsmayıllı rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digərləri iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Cəmil Məmmədli 1999-cu ilin iyulun 28-də Aygün və Habil Məmmədovların ailəsində dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu və tək bacının tək qardaşı olub.

Ailəsi ilə birlikdə Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yaşayıblar.

Kollec təhsilli bacısı Aybəniz xanım hazırda ailəli və bir övlad-oğlan anasıdır.

Övladı qardaşının-Cəmilin adını daşıyır.

Cəmil 2005-2016-cı illərdə Səbail rayonunda yerləşən 163 saylı tam orta məktəbdə oxuyub.

2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetində (AzTU) ali təhsil alıb.

2020-ci ilin iyulunda ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb və Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsində iştirak edib.

Şərəfli döyüş yolu 18 gün çəkib.

2020-ci ilin oktyabrın 14-dən 15-nə keçən gecə isə Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Nəşi elə həmin gün, 15 oktyabr 2020-ci il tarixində İsmayıllı rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, İkinci Vətən Müharibəsində Cəmil Məmmədlinin daha iki qohumu- ali təhsilli Aqil Mirzəliyev və Teymur Osmanlı da Şəhid olublar.

Şəhidliyindən sonra dörd medal və bir orden-3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Həm Bakının Səbail rayonunun Badamdar qəsəbəsində, həm də İsmayıllı rayonunda Cəmil Məmmədlinin adını daşıyan küçə var.

Oxuduğu 163 saylı məktəbin foyesində büstü qoyulub.

Eyni zamanda, ailəsi 163 saylı məktəbə həmin təhsil ocağının yeganə Şəhidi olan övladlarının-Cəmil Məmmədlinin adının verilməsini istəyir.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin üç övladından biri və subay olan-SURAXANILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ MEHDİ FƏRZULLAZADƏNİN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜNDƏ, 29 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək-XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir