Evin-ailənin tək, subay və ali təhsilli oğlu-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ NİCAT ŞÜKÜRLÜNÜN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Bakı şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nicat Ayaz oğlu Şükürlünün Anım Günüdür.

Bu gün Onun Əbədiyyətə uğurlanmasından üç il ötür.

Etikxeber.az-ın xəbərinə görə, əslən Kürdəmirli olan Nicat Şükürlü 1991-ci ilin 23 oktyabr tarixində Bakıda, Səbail rayonunun Bayıl qəsəbəsində dünyaya gəlib.

Ailənin iki övladından biri, tək bacının tək qardaşı olub.

O, həm də subay idi

Nicat 1998-ci ildə Bakı şəhərinin Bayıl qəsəbəsində yerləşən 49 nömrəli tam orta məktəbin birinci sinfinə gedib və 2009-cu ildə həmin məktəbi müvəffəqiyyətlə başa vurub.

Orta məktəbi bitirdikdən bir müddət sonra Azərbaycan Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanıb.

Hərbi xidməti başa vurduqdan bir müddət sonra, yəni,  2014-cü ildə Bakı Slavyan Universitetinin (BSU) Əlavə təhsil və qiyabi şöbəsinin Beynəlxalq münasibətlər ixtisasına qəbul olunub və 2019-cu ildə bu ixtisası bitirib.

2020-ci ilin oktyabr ayının 2-də könüllü olaraq ordu sıralarına yazılıb, İkinci Vətən Müharibəsinə, döyüşlərə atılıb.

Füzuli, Xocavənd  Hadrut istiqamətində döyüşlərdə iştirak edib və oktyabrın 11-ində Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik Zirvəsinə yüksəlib.

 Nəşi bir gün sonra, ayın 12-sində Səbail rayonunun Badamdar qəsəbəsindəki qəbiristanlıqda, Şəhidlər məzarlığında dəfn olunub.

Ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 3 medalla – “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”  “Xocavəndin azad olunmasına görə” medalları və ötən ilin noyabrında 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Oxuduğu 49 saylı məktəbdə Şəhidimizin büstü ucaldılıb.

Bu yerdə qeyd edək ki, Nicat Şükürlü Bayıl qəsəbəsinin digər Şəhidlərindən olan Cəmil Məmmədli ilə eyni küçədə, Buxta küçəsində yaşayıblar.

Bir neçə ay öncə isə həmin küçəyə Nicat Şükürlünün adı verilib.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Nicat Şükürlünün Badamdar qəbiristanlığındakı məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, Bakının Səbail rayonundan olan Şəhid anaları, məktəblilər və digər şəxslər iştirak edəcəklər.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, sonra Şəhidin ailəsinin yaşadığı evdə adına ehsan veriləcək.

Məkanı cənnətlik, qəbri nurla dolsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid Mehdi Fərzullazadənin xatirəsinə həsr olunmuş “Qarabağda Xilaskarlıq və Zəfər Missiyası” adlı kitabın-TƏQDİMAT MƏRASİMİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Bu yollarda sıxlıq və tıxac var-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir