Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elşən Zaman oğlu Zeynalovun Anım Günüdür.
Onun Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından üç il keçir.
Anım Günü ilə bağlı bu gün səhər saatlarında Düzqışlaq kənd qəbiristanlığında Elşən Zeynalovun məzarı ziyarət edilib.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.
Sonra Düzqşlaq kəndində, ailəsinin yaşadığı evdə Elşən Zeynalovun Anım mərasimi keçirilib, adina ehsan süfrəsi açılıb.
Etikxeber.az xəbər verir ki, Goranboy rayonunun Düzqışlaq kəndindən olan Elşən Zeynalov 1999-cu ilin 8 martında dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.
O, İkinci Vətən Müharibəsində səfərbərliyə cəlb edilib, müharibənin ilk günlərindən döyüşlərdə olub.
Və Tərtər-Ağdərə-Suqovuşan istiqamətində (axırıncı dəfə ailəsi ilə oktyabrın 12-də danışıb, ondan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb) gedən döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.


Ancaq nəşi xeyli sonra, noyabrın 17-də Düzqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb.
Elşən həm də Düzqışlaqın 3 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Şəhidliyindən sonra medallarla təltif edilib.
Elşən eyni zamanda, subay olub.
Məkanı cənnətlik, məqamı uca olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az