Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan torpaqlarının, Qarabağımızın düşmən işğalından azad edilməsi uğrunda Qəhrəmanlıq dastanı yazan, canını bu yolda fəda edən Oğullardan biri də Emin Məmmədovdur…
O Emin Məmmədov ki, evin-ailənin tək oğlu, ümidi, arxa-dayacağı, söykənəcəyi olub…
O Emin Məmmədov ki, Qəhrəmanlıq, İgidlik yolu hələ İkinci Vətən Müharibəsindən xeyli əvvəl, tarixi Aprel döyüşlərindən başlayıb…
O Emin Məmmədov ki, evin-ailənin tək oğlu olmasına baxmayaraq, Vətənini, doğma Qarabağını gözlərinin yaşı hələ də qurumayan valideynlərindən, ana və atasından üstün tutub, Şəhidlik, Şəhadət yolunu seçib…
O Emin Məmmədov ki, cəmi 28 yaşında arzuları, xəyalları yarımçıq qalıb, Vətən yolunda canını fəda edib, Şəhidlik zirvəsinə yüksəlib…
O Emin Məmmədov ki, həm Beyləqanın, həm də Azərbaycanın ilk-27 sentyabr Şəhidlərindən olub…
Bu yerdə qeyd edim ki, Emin Vətən oğlu Məmmədov 15 avqust 1992-ci il tarixində Beyləqan rayonunun Qəhrəmanlı kəndində (qəsəbəsində) dünyaya gəlib…
Evin iki övladından biri, ailənin tək oğlu, tək bacının tək qardaşı olub…
Çox kasıb, sadə və zəhmətkeş bir ailədə dünyaya gəldiyi üçün hələ məktəb yaşlarından ailəsinə maddi-mənəvi dəstək olmağa çalışıb…
Qəhrəmanlı kənd (qəsəbə) T.Məmmədov adına tam orta məktəbində oxuyub…
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra-2010-cu ildə həqiqi hərbi xidmətə yollanıb…
2012-ci ildə Əsgərliyini bitirdikdən bir müddət sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Giziri olub…
2015-ci ildə Türkiyədə baş tutan snayper hazırlığı kursunda 600 nəfərin arasından 13-cü yeri qazanaraq böyük bir uğura imza atan Emin Məmmədov həmçinin, Türkiyənin məşhur “Sualtı Taaruz” kursuna qatılaraq oranı da müvəfəqiyyətlə başa vurub…
2016-cı ilin Aprel döyüşlərində iştirak edib…
Və 2020-ci ilin sentyabr ayının 27-də başlayan İkinci Vətən Müharibəsinə qatılıb…
Füzulinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib…
Döyüşüb, vuruşub və elə müharibənin birinci günündə qəhrəmancasına Şəhadətə ucalıb…
Nəşi bir gün, 28 sentyabr tarixində Qəhrəmanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
28 yaşında Şəhidlik zirvəsinə ucalan Emin həm də subay olub…
Hazırda ailəsinin yaşadığı küçə Onun adını daşıyır.
***
Və bu gün-27 sentyabr 2024-cü il tarixində, səhər saatlarında Qəhrəmanlıda-Şəhidimizin ocağında, ailəsində oldum…
Ocağını, ailəsini, məzarını ziyarət etdim…
Ailəsinə-valideynlərinə, anası Səbinə xanıma və atası Vətən Məmmədova Allahdan səbr və dözüm arzuladım…
“Şəhidimizin ruhu şad olsun!”-dedim…
Ruhu qarşısında baş əydiyimi, bir ömür boyu Eminlərə-Şəhidlərimizə borclu olduğumu, borclu olduğumuzu bildirdim…
Şəhidimizin valideynləri ilə söhbətləşdim, dərdləşdim…
Onlara təsəlli, təskinlik verməyə çalışdım nə qədər çətin və ağır olsa da…
Bilmirəm…təskinlik, təsəlli verə bildimmi?…
Çətiniydi, çox çətin…
Allah bir daha səbr və dözümlərini versin!
Allah bir daha balalarının-tək oğullarının məkanını cənnətlik, məqamını Uca etsin!
Nurlar içində yatsın, Nur üzlümüz!
11:50
***
FOTOLAR:
13:00
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az