“Şəhidliyindən 4 ay 19 gün öncə, mayın 8-də qardaşımın nişanı oldu…2020-ci ilin oktyabrın 5-də, ad günündə, 26 yaşının tamam olduğu gündə də toyunu etməyə hazırlaşırdı…Amma…”-ŞƏHİD ƏKBƏR YUNUS OĞLU MƏSİMOVUN BACISI… – FOTOLAR

Oktyabr ayının 5-də Ağdaşın Qaradeyin kəndində İkinci Vətən Müharibəsi Şəhidi, kəşfiyyatçı Əkbər Yunus oğlu Məsimovun adını daşıyan “Şəhid bulağı”nın açılışı olacaq.

Həmin gün həm də Şəhidin mövludu, Cənnətdəki ilk ad günü, 27 yaşı tamam olacaq.

Qeyd edim ki, Əkbər Məsimov 1994-cü ilin oktyabr ayının 5-də Ağdaşın Qaradeyin kəndində sadə bir ailədə anadan olub.

Ailədə üç uşaq, bir bacı, iki qardaş olublar.

O,2001-ci ildə Vidadi Əzizov adına tam orta məktəbin birinci sinfinə gedib və 2012-ci ildə həmin məktəbi bitirib.

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2014-ci ildə hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə qulluq edib.

2016-cı ildə Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb və yenidən həyatını, taleyini Ordu, hərb ilə bağlayıb.

2017-ci ildən Orduda MAXE kimi fəaliyyət göstərməyə başlayıb.

MAXE kimi də dəfələrlə fəxri fərmanlar, tərifnamələrlə mükafatlandırılıb.

2020-ci ilin İyul-Tovuz döyüşlərinin iştirakçılarından olub.

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərdə olub.

Ailəsi ilə də müharibədən 8 gün əvvəl, 19 sentyabr tarixində görüşüb və bu, onun son görüşü olub.

Müharibənin elə günündə, 27 sentyabr tarixində də Kəlbəcər istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq ailəsi uzun müddət ondan xəbər ala bilməyib, Şəhidliyi xəbəri çox sonralar ailəsinə deyilib.

Nəşi də düz 8 ay 7 gündən sonra, bu ilin iyun ayının 4-də tapılıb və bu haqda həmin gün ailəsinə xəbər verilib.

İyunun 7-də isə nəşi Qaradeyin kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Və qeyd etdiyim kimi, oktyabr ayının 5-də Şəhidimizin Cənnətdəki ilk ad günü ilə bağlı adını daşıyan “Şəhid bulağı”nın açılışı olacaq və açılışdan sonra mərasim keçiriləcək.

Açılış və mərasimdə Şəhidin anası, bacısı, yaxınları, Şəhid ailələri və digərləri iştirak edəcəklər.

Eyni zamanda qeyd edim ki, Əkbər həm də nişanlı olub.

Ad günündə, 2020-ci ilin oktyabrın 5-də özünə toy etmək istəyirmiş.

Amma bəyliyi ağ kəfəni olub…

Bacısı Əfsanə xanımın dediklərindən:

“Ötən ilin yazında, müharibədən, Şəhidliyindən 4 ay 19 gün öncə, mayın 8-də qardaşımın nişanı oldu. Qonuşuluqda yaşayan bir qızla nişanlandı. Nişanında da hərbi formasını dəyişmədi, dedi ki, olmaz…2020-ci ilin oktyabrın 5-də, ad günündə, 26 yaşının tamam olduğu gündə də toyunu etməyə hazırlaşırdı…Amma…Toy qismət olmadı qardaşıma…Şəhid oldu, 8 aydan sonra tabutu gəldi evimizə…”

Nur içində yatsın, məkanı cənnətlik, məzarı behiştlik olsun!

Allah anasına, bacısına, əzizlərinə səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əliyev Putini-TƏBRİK ETDİ…

Read Next

Yoluxma və ölüm sayında azalma-740 NƏFƏR VƏ 22 NƏFƏR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir