Evin-ailənin tək və subay oğlu, nəşi 4 ay 19 gündən sonra tapılan-İKİ MEDALLI ŞƏHİD RƏCƏB QULAMOV… – FOTOLAR

Bu gün, 12 noyabr tarixində ilk dəfəydi ki, Sumqayıt şəhər Şəhidlər Xiyabanında olurdum…

Sumqayıtlı (Ucarlı) Şəhidimizin-Şuşa fatehi, 7 medallı Səbuhi Həsənquliyevin Anım Günü ilə məzarını ziyarətə getişdim…

Şəhidlər Xiyabanına daxil olarkən, Şəhid məzarlarına yaxınlaşarkən məzarlardan birinin yanında bir ağ saçlı Ana gördüm…

Göz yaşları içində məzarın üstünü silir, məzarın üzərindəki gülləri təzələyirdi…

Bir qədər çəkinə-çəkinə olsa da, həmin Anaya yaxınlaşdım…

Salam verdim, salamlaşdım və dərhal bildim ki, Şəhidimizin-Rəcəb Heydər oğlu Qulamovun anasıdır…

Şəhidimizin anasına başsağlığı verdim, ona Allahdan səbr dilədim, “Şəhidimizin məkanı cənnətlik olsun!”-dedim…

Dərdən, acıdan, kədərdən saçları ağappaq ağarmış Şəhid anasına, Solmaz xanıma təsəlli üçün başqa söz deyə bilmədim, yenə də sözlər, kəlmələr boğazımda düyümləndi…

***

Rəcəb 1996-cı ilin mart ayının 31-də Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində sadə bir ailədə anadan olub…

Evin-ailənin iki övladından biri, tək oğul olub…

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib və xidmətini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb…

Sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, MAXE kimi fəaliyyət göstərib…

Və İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub, Kəlbəcər-Murov istiqamətində döyüşlərdə iştirak edib…

Və müharibənin 5-ci günü, oktyabrın 1-də, ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib…

Amma nə az, nə çox-düz 4 ay 19 gündən sonra nəşini əldə etmək mümkün olmayıb…

Yalnız 2021-ci ilin fevralın 19-da nəşi əldə edilib və həmin gün Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Ölümündən, Şəhidliyindən sonra iki medalla-“Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub…

Rəcəb həm də subay olub…

Ömrü kimi arzuları da yarımçıq qalıb…

Amma ən böyük arzusu gerçək, çin olub…

Özü kimi İgid Vətən sevdalıları onun qanını yerdə qoymayıb, Qarabağı, Kəlbəcəri işğaldan və mənfur ermənilərdən azad ediblər…

***

Ruhun şad olsun, məzarında rahat uyu, Şəhid balamız, Şəhid Rəcəb Qulamov!

Allah ailənə, əzizlərinə səbr versin!

Daim qəlblərdə, qəlbimizdə yaşayacaqsan!

Ruhun qarşısında ehtiramla baş əyirəm!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq: Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Baş Prokurorluq və DİN Şuşada Azərbaycan və Rusiya hərbçilərinə qumbara atılması ilə bağlı birgə-MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir