Evin tək, hərbçi və nişanlı oğlu…3 dəfə toyunun vaxtı dəyişdirilən Şəhid Baş leytenant-FƏRRUX BAXIŞ OĞLU HÜSEYNOV… – FOTOLAR

44 günlük tarixi İkinci Vətən Müharibəsinin hər günü, hər anı Qəhrəmanlıq səlnamələri, İgidlik nümunələri ilə doludur…

Hər anında, hər saniyəsində Azərbaycan Oğullarının, Azərbaycan İgidlərinin, Vətən sevdalılarının qanları ilə, canları ilə yazdıqları qəhrəmanlıq, igidlik səhifələri var…

Bir deyil, beş deyil, on deyil, yüz deyil…, saymaqla, varaqlamaqla, oxumaqla qurtarmaq olmaz, olmur…

Bəli, 44 gündə Azərbaycan Oğulları, Vətən sevdalıları elə Dastan(lar) yazdılar ki, üstündən yüz illiklər, qərinələr keçəcək, amma hər zaman haqqında, haqlarında danışılacaq, yazılacaq…Heç zaman bitməyəcək, qurtarmayacaq.,.

İkinci Vətən Müharibəsində öz qanı, öz canı ilə Qəhrəmanlıq Dastanı yazan Vətən sevdalılarından biri də Kürdəmirli balası, peşəkar hərbçi-zabit, Baş leytenant Fərrux Baxış oğlu Hüseynov olub…

Kürdəmirdə, hərbçi ailəsində, 1995-ci ilin aprelin 29-da dünyaya gələn və evin iki övladından (həm də tək oğlan övladı) biri olan Fərrux atası kimi hərb-hərbçi yolunu seçib…

Belə ki, 2012-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub və 2016-cı ildə ali təhsilini uğurla başa vurub, peşəkar hərbçi kimi Orduda fəaliyyətə başlayıb…

Bütün Vətən sevdalıları kimi, Fərrrux da İkinci Vətən Müharibəsinin ilk anından, ilk saniyəsindən döyüşlərdə, ən ön sıralarda və ən ağır nöqtələrdə olub…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib…

Döyüşlərin birində hətta ağır kontuziya alsa da, xəstəxanadan yarımçıq çıxıb, yenidən birbaşa cəbhə-döyüş bölgəsinə, döyüşçü, hərbçi yoldaşlarının, əsgərlərinin yanına yollanıb…

Qəlbi daim Vətən, Qarabağ eşqi ilə döyünən İgidimizin döyüş yolu da uzun və şərəfli olub…

Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan Xocavəndəcən döyüş yolu keçib, adıçəkilən rayonların erməni murdarlarından, işğaldan azad edilməsində iştirak edib…

Və müharibənin bitməsinə saatlar qalmış-noyabrın 9-da Xocavənd istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə yüksəlib…

Nəşi səhərisi gün, noyabrın 10-da Kürdəmirdə, Şəhidlər Xiyabanında dəfn olunub, Şəhidimiz əbədiyyətə uğurlanıb…

Ölümündən sonra İgidliyi, Qəhrəmanlığı dövlətimiz, Ali Baş Komandan tərəfindən də qiymtləndirilib, 4 medalla-“Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad alınmasına görə” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub…

Haqqıdır, Haqqı olanı da qanı, canı ilə əldə edib və daha artığına layiqdir, Vətən Müharibəsi Qəhrəmanı adını Haqq edir və inşallah, çox keçmədən Haqqını da alar, alacaq! Ruhu sevinəcək, sevindiriləcək!

Şəhidimiz, İgidimiz həm də nişanlı olub…

Hətta 3 dəfə toyunun vaxtı dəyişdirilib, müharibə başlamasaydı, 2020-ci ilin oktyabrında da toyu olacaqmış…

Amma… Bəyliyi ağ kəfəni olub evin tək oğlu Fərruxun-İgidimizin…

Ailəsinin, valideynlərinin övlad toyu görmək arzusu gözlərində qalıb…Və yenə də sözün aciz qaldığı, bitdiyi yer…

Ruhu şad, məkanı cənnətlik olsun, Şəhidimizin!

Nurlar içində huzurla uyusun!

Allah dərdli, kədərli, həm də Məğrur və Qürurlu, Oğulları ilə fəxr edən, qürur duyan valideynlərinə-Səhər xanıma, Baxış kişiyə, Şəhidimizin bacısına və gözləri hələ də yollarda qalan nişanlısına dözüm, güc, qüvvət, səbrlər versin!

Fəxrimiz, Qürurumuz, Baş tacımız, And yerimizdir-bütün Şəhidlərimiz kimi!

Allah rəhmət etsin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

28-29 may 2021-ci il, Kürdəmir

Etikxeber.az

Read Previous

“Ermənistan hərbçilərinin mayın 27-də gecə saat 3-də Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində nə işləri vardı? Onlar bizim ərazini niyə minalayırdılar?”-BAŞ NAZİRDƏN İTTİHAM

Read Next

Kürdəmirin İkinci Vətən Müharibəsi Qəhrəmanlarından biri…4 aydır işsiz olan-3 medallı İgidimiz – NATİQ ARAZ OĞLU BƏŞİROV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir