Eyni ayda qətlə yetirilən eks millət vəkilləri və ya…

Tanınmaq, şöhrətlənmək, eyni zamanda, xalqın parlamentdə təmsilçisi, millət vəkili olmaq heç də əsl xoşbəxtlik demək deyil.

Belə ki, bu şöhrətin, tanınmağın axırı bəzən qəfil və gözlənilməz sonucla, faciə ilə nəticələnir.

Müasir Azərbayacan tarixində, Azərbaycan parlamentində də buna rast gəlmək mümkündür.

Sonuncu çağırış (1990-95-ci illər) Ali Sovetdən tutmuş, müstəqil Azərbaycanın Milli Məclisinə qədər bunlar təəssüf ki, yaşanıb.

Bir neçə millət vəkili müxtəlif zamanlarda, müxtəlif şəraitlərdə və müxtəlif səbəblərlə amansızcasına qətlə yetiriliblər.

Qətlə yetirilən ilk millət vəkili AXC-nin Ağdam rayon təşkilatının sədri Eldar Bağırov olub.

O, 1991-ci ildə elə öz doğma  rayonunda qətlə yetirilib.

1991-ci ildə Bakıdan – Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətl edilib.

Qeyd edək ki, İstiqlalçı deputatlardan olan Eldar Bağırov həm də Şəhid Milli Qəhrəman Allahverdi Bağırovun qardaşıdır.

Qətlə yetirilən sabiq millət vəkillərindən biri də böyük şəxsiyyət,  tanınmış şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Ziya Bünyadovdur.

Eldar_Bağırov

Ziya_Bünyadov_iş_zamanı

afiyyeddin

Hər zaman sərt çıxışları və müstəqil mövqeyi ilə seçilən Ziya Bünyadov 1997-ci ilin fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Akademikin “Hizbullah” üzvləri tərəfindən öldürüldüyü və bununla bağlı bir neçə nəfərin azadlıqdan məhrum edildiyi deyilir. 

Həbs edilənlər arasında Abşeronun sabiq icra başçısı Adil Nağıyevin də oğlu var. Amma sabiq icra başçısı oğlunun günahsız olduğunu iddia edir.

Qeyd edək ki, 23 fevral 1997-ci il Şəhriyar adına Mədəniyyət Mərkəzində onunla vidalaşma mərasimi keçirilib.

Eks-prezident-mərhum  Heydər Əliyevin vidalaşma mərasimindən nitqindən:

“Bu qədər dahi, bu qədər ali, bu qədər böyük həyat yolu keçmiş şəxsiyyətə atılan güllə, onun qətlə yetirilməsi bütün Azərbaycana xalqına edilən təcavüzdür, Azərbaycan xalqına atılan güllədir…”. 

Qətlə yetirilən sabiq deputatlar arasında Əli Ansuxski də var.

Qeyd edək ki, o, 1990-cı ildə sonucu- XII çağırış Azərbaycan SSR Ali Sovetinə Balakən rayonu 177 nömrəli Xalatala Seçki Dairəsindən xalq deputatı seçilib.

Xalq deputatı seçilən zaman Ə. Ansuxski Balakən rayon Konserv zavodunun direktoru işləyirdi.

O, bitərəf kimi 1995-ci ildə Milli Məclisə keçirilən ilk çağırış seçkilərdə 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilib.

Lakin yeni parlament tam tərkibdə yalnız bir neçə həftə işləyə bildi.

1996-cı il fevralın 26-da 54 saylı Balakən seçki dairəsindən deputat seçilmiş, milliyətcə avar olan Əli Ansuxski Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı terror nəticəsində odlu silahla qətlə yetirilib.

Onu da qeyd edək ki, Ə.Ansuxski deputatlıqdan öncə biznes fəaliyyəti ilə tanınmışdı və qətlin motivlərinin bununla bağlı olduğu bildirilirdi.

Onun həmçinin Rusiyanın hakim siyasi dairələri, rəhbər şəxsləri ilə, o cümlədən, Ramazan Abdulatipov, Rusiyanın Azərbaycandakı ilk səfirləri, şovinistlikləri ilə yaddaşlarda qalmış  Şoniya və Bloxinlə çox yaxın olduğu söylənilirdi.

Hazırda Balakən rayonunun mərkəzi küçələrindən biri və “Balakans” konserv zavodu onun adını daşıyır.

Həmçinin, qeyd edək ki, Ə. Ansuxski ilə Z. Bünyadov  çox yaxın olublar.

Onlar parlamentdə eyni sırada, yan-yana əyləşiblər və talenin acı qismətinə bax ki, hər ikisi də eyni ayda, fevral ayında – arada bir il fərq olmaqla- fevralın 21-i və 26-da qətlə yetiriliblər.

Qətlə yetirilən millət vəkillərindən biri isə vitse-spiker Afiyəddin Cəlilovdur.

Gənc yaşlarından böyük vəzifələrdə işləyən  Afiyyəddin Cəlliov 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib.

Allah rəhmət etsin!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“Qalatasaray”dan növbəti transfer…

Read Next

Bakı bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək – 14 İLDƏN SONRA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir