Eyni binada yaşamış “Qarabağ” ordenli və iki medallı Şəhidlərimiz, İgidlərimiz, Qəhrəmanlarımız-İKİ ÖVLAD ATASI ASƏF VƏ SUBAY ƏRƏSTUN… – FOTOLAR

Daha iki Şəhidimiz…

Daha iki Nur üzlümüz…

Daha iki İkinci Vətən Müharibəsi iştirakçısı, Qəhrəmanı, İgidi və Şəhidi…

Asəf Əsgərov və Ərəstun Xıdırov

Bərdədə Şəhid ailələrini növbəti dəfə ziyarətim, ziyarətimiz zamanı həm Qəhrəman Bərdəmizin, həm bütövlükdə Azərbaycanımızın İgid oğullarından, Şəhidlərindən biri-“Qarabağ” ordenli və iki medallı, hərbçi-gizir Asəf İlqar oğlu Əsgərovun ailəsinə də baş çəkdik…

Öncə Şəhidimizin ailəsinin yaşadığı yataqxananın-binanın qarşısındakı həm Asəfin, həm də həmin binanın digər Şəhidi-Ərsəstun Xıdırovun xatirəsinə ucaldılmış-tikilmiş Şəhid bulağını ziyarət edir, Şəhidlərimizin ruhlarına dualar oxuyur,  hər ikisinə Allahdan rəhmət diləyirik…

Daha sonra Şəhidimizin həyat yoldaşı Aydan xanım və digər ailə üzvləri ilə görüşürük…

1990-ci ilin fevralın 19-da Bərdənin Boyəhmədli kəndində anadan olan Şəhidimiz orta məktəbi bitirdikdən, əsgərliyə getdikdən sonra həyatını Ordu ilə bağlayıb…Əsgərliyi də daxil olmaqla, 13 ilin peşəkar hərbçisi-əvvəlcə MAXE, sonra isə gizir, tank komandiri olub…

Həm Aprel, həm İyul döyüşlərində iştirak edən Asəf ilk gündən İkinci Vətən Müharibəsinin də savaşçılarından olub…

 Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…Və Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlərin birində, sentyabrın 29-da qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına ucalıb…

Neytral zonada qaldığı üçün bir neçə gün nəşini əldə etmək mümkün olmayıb… 

Yalınız oktyabrın 12-də nəşini götürmək mümkün olub və Şəhidimiz elə həmin doğulub boya-başa çatdığı Boyəhmədlidə də dəfn edilib…

Şəhidimiz ailədə 3 qardaş olublar, özünün isə iki övladı-hazırda 6 yaşı olan Emili və bir yaşı yenicə tamam olmuş Kənanı Vətənə əmanət qalıb…

Atalarının torpağı sanı yaşasınlar, Şəhidimizin ruhu daim köməkləri olsun!

Və Asəfgillə eyni binada yaşamış digər Şəhidimiz – MAXE-çavuş Ərəstun Xıdırov isə 1998-ci ilin martın 18-də Bərdədə anadan olub…

Ərəstun həm subay, həm də ailənin iki övladından biri olub…

İkinci Vətən Müharibəsindən də cəmi  bir ay öncə MAXE kimi, fəaliyyətə başlayıb…

Və İkinci Vətən Müharibəsi zamanı Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə yüksəlib…

Oktyabrın 16-da isə nəşi Bərdəyə gətirilərək, Şəhidlər Xiyabanında dəfn olunub…

Ölümündən sonra iki medalla-“Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib…

Hər iki Şəhidimiz nurlar içində yatsın, məkanları behiştlik və cənnətlik olsun!

Əziz və müqəddəs ruhları daim bizimlədir, bizlərlə də yaşayacaq!

Ruhları qarşısında baş əyirik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

19.05.2021, Bərdə

Etikxeber.az

Read Previous

Sabiq millət vəkili və ekoloqlar-TƏLTİF EDİLDİLƏR – SƏRƏNCAM

Read Next

Şəhid Cəmil Məmmədlinin fəxri diplomu-ŞƏHİDLİYİNDƏN 7 AY SONRA AİLƏSİNƏ TƏQDİM EDİLDİ, ŞƏHİD AİLƏSİ MİLLƏT VƏKİLİNƏ, AzTU-YA MİNNƏTDARLIQ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir