Eyni soyadlı, eyni istiqamətdə, eyni günlərdə həlak olan Şəhidlərimiz-RÜSTƏM MƏMMƏDOV VƏ SƏBUHİ MƏMMƏDOV… – FOTOLAR

Daha iki Qəhrəmanımız, daha iki İgidimiz, daha iki İkinci Vətən Müharibəsi Şəhidimiz…

Eyni soyadlı Vətən sevdalıları-Rüstəm İbrahim oğlu Məmmədov və Səbuhi Şakir oğlu Məmmədov…

Hər ikisi də hərbçi, hər ikisi də Mingəçevirli, hər ikisi də Ağdərə-Suqovuşan Şəhidi…

Rüstəm subay, Səbuhi isə ailəli, üç övlad, iki oğlan və bir qız atası olub…

Rüstəm 1998-ci ilin avqust ayının 10-da, Səbuhi isə 1982-ci ilin oktyabr ayının 21-də dünyaya gəlib…

Rüstəm 20 günün MAXE-si, Səbuhi Məmmədov isə 9 ilin hərbçisi olub…

Rüstəm orta məktəbi qurtardıqdan sonra Sumqayıtda hərbi xidmət keçib, əsgərlikdən sonra isə müxtəlif yerlərdə çalışıb…

İkinci Vətən Müharibəsi başlamazdan 20 gün öncə həyatını yenidən Ordu ilə, hərblə bağlayıb, MAXE kimi, qulluğa başlayıb, sentyabrın 27-dən də döyüşlərə atılıb…Və qanlı döyüşlərin 3-cü günündə, sentyabrın 29-da Suqovuşan-Ağdərə istiqamətində döyüşlərdə Şəhid olub..

Amma uzun müddət onun nəşini götürmək mümkün olmayıb…

Bacısı Könülün ilk- qız övladı dünyaya gələn gün-noyabrın 7-də Rüstəmin Şəhidliyi təsdiqlənib, ailəsinə, anasına-Aynur xanıma xəbər verilib…Ancaq bu acı xəbər bacısından gizlədilib…

Noyabrın 22-də isə Şəhidimizin nəşi Mingəçevirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Oğlu əsgərlikdə olarkən cavan həyat yoldaşını itirən Aynur xanım sonra həyatının ikinci-ən böyük zərbəsini alıb, övladını itirib…

Sözlə ifadəsi belə çətindir…

Şəhid anasının dediklərindən:

“Oğlum çox sevinirdi ki, dayı olacaq, deyirdi ki, dayı olacağam eyy…Sevinci hədsiz-hüdudsuz idi, yerə-göyə sığmırdı…Amma bacısının övladını görmək oğluma nəsib olmadı…Nəvəm olan gün xəbər verildi ki, oğlumun Şəhidliyi artıq təsdiqlənib (Gözləri dolur)…Nə deyim, həyatdır…Oğlum əsgərlikdə olarkən həyat yoldaşımı vaxtsız itirdim, onun acısı soyumamış, bitməmiş, İkinci Vətən Müharibəsində də oğlumu itirdim…Dözmək çətin olsa da, dözürəm…”.

Şəhidimiz ölümündən sonra Ali Baş Komandan tərəfindən iki medalla-“Vətən uğrunda”“Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Nur içində yatsın, məkanı cənnətlik olsun, Şəhidimizin!

Eyni ayda-oktyabrda dünyaya gələn və oktyabrda da Şəhid olan İGİDİMİZ…

9 ilin hərbçisi, 3 övlad atası Səbuhi Məmmədov isə həm Aprel döyüşlərinin, həm də İkinci Vətən Müharibəsinin iştirakçısı olub…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib…Və Suqovuşan-Ağdərə istiqamətində ağır döyüşlər zamanı, sentyabrın 30-da qəhrəmancasına həlak olub, Şəhidlik zirvəısinə ucalıb…

Oktyabrda anadan olan Şəhidimiz elə həmin ayda, oktyabrın 1-də də torpağa tapşırılıb…

Şəhidimiz Mingəçevir Şəhidlər Xiyabanında uyuyur…

Ölümündən sonra iki medalla – “Vətən uğrunda” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Şəhidimizin anası da oğul, övlad dərdinə dözə bilməyib…

Şəhidimizin qırxından az sonra dünyasını dəyişib…

Qəhrəmanımızın 3 övladı-iki oğlu və bir qızı – Aytac, Ədilşah və Ömər Vətənə əmanət qalıb…

Bu gün həyat, ömür-gün yoldaşı Leyla xanım-Leyla Rzayeva övladlarının həm anası, həm də atasıdır…

Çiyinlərində çox ağır və çox məsuliyyətli bir yük daşıyır Şəhid xanımı…

Allah bu yükü daşımaq üçün Şəhid xanımına səbr, dözüm, güc-qüvvət versin!

Allah Şəhidimizə rəhmət etsin, ruhu balalarının köməyi olsun, övladları Şəhidimizin torpağı sanı yaşasınlar!

Şəhidlər ölməz, Vətən bölünməz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

07.05.2021, Mingəçevir

Etikxeber.az

Read Previous

Bir qrup mədəniyyət və incəsənət xadiminə Prezidentin fərdi təqaüdü və mükafatları-TƏYİN OLUNUB – SƏRƏNCAM(LAR) – YENİLƏNİB

Read Next

Millətlər Birliyinin baş nazirləri niyə bir araya-GƏLƏ BİLMƏDİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir