Fərdi uçot sistemində əlavə olaraq 5500 nəfərə yaxın əcnəbi qeydiyyata alındı – Nazirlik

Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 5 493 nəfər, o cümlədən oktyabr ayı ərzində 245 nəfər əcnəbi işçiyə fərdi şəxsi hesab açılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a verilən məlumata görə, beləliklə, 01 noyabr 2016-cı il tarixə sistemdə fərdi şəxsi hesabı olan xarici ölkə vətəndaşlarının sayı cari ilin əvvəli ilə müqayisədə 19,7% artaraq 33 355 nəfərə çatıb. Onların 88,3%-i kişilər, digərləri qadınlardır.

Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilər  120 ölkəni təmsil edirlər ki, onların arasında Türkiyə (15 482 nəfər), Gürcüstan (3 235 nəfər) və Rusiya (1 922 nəfər) vətəndaşları çoxluq təşkil edirlər. Eyni zamanda, sistemdə Özbəkistandan (1758 nəfər), Hindistandan (1416 nəfər), İrandan (1 043 nəfər), Çindən (921 nəfər), Banqladeşdən (859 nəfər),  Pakistandan (701 nəfər), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığından (665 nəfər), Ukraynadan (549 nəfər), Türkmənistandan (322 nəfər), Filippindən (301 nəfər), ABŞ-dan (285 nəfər), Almaniyadan (266 nəfər), Qazaxıstandan (254 nəfər), İtaliyadan (214 nəfər)  və s. ölkələrdən olan əcnəbilər qeydiyyatdadır.

Fərdi uçot sistemi ölkəmizdə işləyən, respublikamızın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirləri əldə edən əcnəbilərə də şamil olunmaqla, onların şəxsi hesablarında pensiya kapitalı toplamalarına şərait yaradıb. Bu isə Azərbaycan vətəndaşları kimi, ölkədə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin də gələcək pensiya təminatları üçün müvafiq hüquq əsasın yaradılmasına  imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların ümumi sayı isə 01 noyabr 2016-cı il tarixə 3 336 912 nəfər təşkil edir.

Etikxeber.az

Read Previous

Quluzadə də gedir…

Read Next

Güləşçilərimiz Qitələrərarası Kubok – Alrosa Kuboku uğrunda yarışacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir