Fəxrim-Azərbaycanımın FƏXRİ! – ŞƏHİD ANASI YAZDI

Fəxrim…

Fəxrli Fəxrim…

Bir günün, bir anın, bir dəqiqənin içində bir evin, bir ailənin FƏXRİsindən, FƏXRİndən Azərbaycanın Fəxrinə çevrilən Fəxrim!

***

Oğlum Fəxri Elmir Qəribzadə 1993-cü ilin yanvarın 10-da Bərdə rayonunun Güloğlular kəndində dünyaya gəlib…

Bir bacı, bir qardaş olublar…

Ailə vəziyyətimizlə əlaqədar Bakıya köçməli olduğumuz üçün Fəxrim 2001-2011-ci illərdə Bakı şəhərinin Suraxanı rayonunda Əmi Məmmədov adına orta məktəbdə təhsil alıb…

Orta məktəbi başa vurduqdan sonra, 2012-2013-cü illərdə, Quru qoşunlarında həqiqi hərbi xidmətdə, əsgərlikdə olub…

Hərbi xidmətini-əsgərliyini də Fəxri fərmanla başa vurub…

Hərbi xidməti başa vurduqdan sonra yenidən taleyini Ordu ilə, hərblə bağlayıb…

***

Bəli, övladlarmı, Fəxrimi təkbaşına, minbir əzablarla, əziyyətlərlə, çətinliklərlə, nahar stolu, yataq çarpayısı olmayan darısqal-kirayə daxmada  boya-başa çatdırsam da, daim Vətənə məhəbbət, Torpağa, Qarabağına-Qarabağımıza sevgi ruhunda böyütdüm…

Həyatda çox çətinliklər, çox zülmlər görsə də, Fəxrimin heç zaman Vətənə sevgisi, Torpağa məhəbbəti azalmadı, əksinə, bu sevgi, bu məhəbbət  daha da, hər an artdı…

Bəli, Fəxrim özü də Qarabağlı (Qəhrəman Bərdəli) idi, ruhu da Qarabağlı oldu, Qarabağlı idi…

Gördüyüm, gördüyü çətinliklər, üzləşdiyim, üzləşdiyi sınaqlar, həyatın amansızlıqları, acımasızlıqları belə onun-Fəxrimin  VƏTƏNDAŞ və VƏTƏNPƏR kimi yetişməsində, böyüməsində heç zaman əngəl, maneə ola bilmədi…

Həyatdakı, həyatındakı, həyatımızdakı çətinliklərdən böyüdü, boya-başa çatdı, Ər kimi ƏR, Nər kimi NƏR OĞULLARdan oldu Fəxrim…

Bəlkə də həyatı, həyatımız hamar olsaydı, bəlkə də həyatı-həyatımız daş-kəşəklərdən uzaq olsaydı, başqa ruhda böyüyər, başqa simdə köklənərdi, nə deyim, bəlkə də…

Amma verdiyim tərbiyə, aldığı tərbiyə onu Fəxrli övlad etdi, onu Hərblə, Ordu ilə bağladı…

Bəli, həyatını Ordu ilə, Hərblə bağladı…

Əsgərliyini, Vətənə xidmət borcunu KİŞİ kimi yerinə yetirdikdən dərhal sonra yenə də HƏRBİ, ORDUNU seçdi…

Ürəyi daim Vətən, Torpaq, Qarabağ eşqilə döyündü…

Hər zaman Qarabağının, torpaqlarının işğaldan, murdar erməni tapdağından azad olunmasını, qurtulmasını arzu etdi…

Bu arzusu onun müqəddəsinə, amalına, ANDına çevrildi…

44 günlük tarixi İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də hərbçi-MAXE kimi silaha, silahına sarılıb, torpaqlarımızın müdafiəsinə qalxdı, Qarabağımızın işğaldan azad olunması uğrunda döyüşlərə atıldı…

Döyüşdü, vuruşdu, qəhrəmanlıqlar, şücaətlər göstərdi, ad-san qazandı…

Murov, Suqovuşan, Talış uğrunda ağır döyüşlərdə iştirak etdi, Suqovuşan, Talış fatehlərindən oldu…

Son tiksəni belə döyüş yoldaşları, qardaşları ilə bölüşdü…

Fəxrim deyərdi ki, ana, peçenyemizi dörd yerə bölüb yeyirik, bir-birimizdən son tikəmizi belə əsirgəmirik…

Hətta bir gün görəndə ki, döyüş yoldaşları, əsgərlərimiz nəm, yaş torpağın üstündə oturub-uzanıblar, tez ətrafdan taxta parçaları tapıb gətirib, onları bir-bir düzüb və deyib ki,  heç olmasa, bunun üzərində oturun, uzanın…

Yəni, Fəxrim heç zaman özünü düşünməzdi, həmişə başqalarını, hərbçi, döyüşçü yoldaşlarını özündən çox düşünərdi…

Fəxrimi Fəxri edən də, yaxşı mənada fərləndirən də məhz bu idi…Özündən çox başqalarını, silah, hərbçi yoldaşlarını düşünmək…

…Və ağır döyüşlərdən birində, müharibənin başa çatmasına, tarixi Qələbə və Zəfərimizə bir ay qalmış, oktyabrın 10-da Ağdərə istiqamətində döyüşlərdə döyüşə-döyüşə, vuruşa-vuruşa qəhrəmancasına Şəhadətinə qovuşdu, Şəhidlik Məqamına, Şəhidlik Zirvəsinə ucaldı…

Arzusuna çatdı, çünki Şəhidlik arzusu idi, “Şəhid olacağam” deyirdi…ŞƏHİDLİYİnə də ucladı…

Şəhid Fəxri, Fəxrli Şəhid, Şəhidliyin Fəxri oldu…

Nəşi Bərdəyə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırıldı…

Ölümündən sonra İgidliyi, Qəhrəmanlığı dövlətimiz, Müzəffər, Qalib Ali Baş Komandanımız tərəfindən dəyərləndirildi, 3 medalla –  “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” “Böyük zəfər” medalları ilə təltif edildi…

Bu gün Bərdənin Güloğlular məktəbində Fəxrimin adını daşıyan sinif də var…

Bir müddət öncə məktəb rəhbərliyi və kollektivinin təşəbbüsü ilə aşağı, siniflərdən, sinif otaqlarından birinə Fəxrimin adı verilib…

Fəxrim həm də nişanlı idi, xalası (bacım) qızı Gülyanaqla nişanlanmışdı…

2020-ci ilin payızında toyları olacaqdı…

Amma…Kəfəni bəyliyi, bəylik paltarı oldu…

Bu gün də gül üzü solmuş Gülyanağı onun-Fəxrinin, Fəxrimin yolunu gözləyir…

***

Gedişinlə, ölümünlə, ayrılığınla sinəmə çalın-çarpaz dağ səkilsə də, məni də-canından çox sevdiyin, uşaq kimi əzizlədiyin ANAnı da özünlə birgə ucaltdın, ucalardan uca etdin Oğlum…

Bir evin, bir ailənin Oğlundan, Övladından bir xalqın Oğluna, Övladına çevrildin…

Oktyabrın 10-na kimi mənim Oğlum idin, ancaq oktyabrın 10-dan Şəhidliyinlə bütöv bir millətin, xalqın, bütün ailələrin Oğlu oldun…

Oktyabrın 10-dan bir gözümün yaşı qurumasa da, bir gözüm də sənin NURUNla, sənin ÖLÜMSÜZLÜYÜNlə, sənin ZİRVƏNlə gülür, sevinir…

Hər yerdən Sənin ZİRVƏN görünür, hər yerə Sənin NURUN saçılır…

Aylardır cismən yanımda, yanımızda olmasan da, ruhən, mənən  yanımdasan, yanımızdasan, ruhumdasan, ruhumuzdasan, ürəyimin, ürəyimizin, qəlbimin, qəlbimizin başındasan…

Hər gün daha da yaxınlaşırsan, hər gün daha da yaxınlaşırıq…

Çünki can bədəndən ayrılmaz…

Canımın canı, Fəxrli Fəxrim…

Fəxrim, Fəxrimiz, Fəxrlimiz…

Adının Haqqını həm bu dünyada, həm o dünyada-cənnətində verən Fəxrim…

Haqqın da, Dərgahın da, Zirvən də mübarək olsun, ürəyimin FƏXRİ!

Fəxri Qəribzadəm-AZƏRBAYCANIMIN FƏXRİ!

Şəhid Fəxri Qəbribzadənin anası Mehparə QƏRİBOVA

Etikxeber.az

Read Previous

“Birinci cəhd qəbul imtahanını iyul ayında keçirməyi nəzərdə tuturuq…İkinci cəhd olacaq ya olmayacaq, bilmirik, çalışacağıq ki, avqustda keçirək…”-MƏLEYKƏ ABBASZADƏ

Read Next

Faiq Ələkbərlinin Turan-Türk sivilizasiyasının tədqiqinə aid kitabı yenidən-NƏŞR OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir