“FAŞİZM KEÇMİŞƏ VƏ GƏLƏCƏYƏ ÇEVRİLƏNDƏ…” – Zahid Oruc yazır

 

Rudolf Erix “Şən insanlar üçün yol göstəricisi”ni qələmə alanda məzxərəyə qoyduğu baron Münhauzenin təkcə 18-ci əsr Almaniyasında deyil,bu günün də qəhrəmanına çevriləcəyini ağlına belə gətirməzdi.Əvvəlcə,Kapitoli təpəsi uğrunda gedən savaşı siyasətə heç bir aidiyyatı olmayan biznesmen Donald Tramp qazananda Qərbin bütün beyin mərkəzləri və siyasi təhlil institutları donub yerlərində qalmışdılar.Axı Amerikada inqilab etmək üçün burada “səfirlik” yoxdur.O üzdən, Münhauzenin macəralarını oturuşmuş sistemlərdə törətmək heç kimin ağlına gəlməzdi.İndi isə Marks və Engelsin “adaşı” olan Karl Fridrix fon Münhauzenin bir əsr yarım öncədən dediyi hadisələr baş verir:”edam mərasimləri tədricən bayram tədbirlərinə çevrilir”.Fransa inqilabında olduğu kimi.

Rusiya liberal demokratlarının başçısı Vladimir Jirinovski dünən Rossiya-1 kanalında Bundestaqa son seçkiləri şərh edərkən avropalılara yeganə çıxış yolu kimi alman dilini öyrənməyi məsləhət görür və özü də salondakıları həmin dillə qorxudurdu. Sən demə,Merkel güclü iqtisadiyyat qurmaqla artıq “4-cü reyxi formalaşdırıb”.Nasizmin qorxulu tarix olduğunu düşünənlər demək,yanılırmış.İdeologiyalar heç vaxt ölmürmüş.Onu zamanın yenidən dirilidir və reinkarnasiya edir.Hansı quruluşda istəsən,geridönüş mümkündür. Qalır,getdikcə zəifləyən Amerikanın mövqeləri fonunda Britaniyanın dağıtdığı Birliyi fərqli bir arxitekturada təşkil edib onu güclü hərbi struktura çevirmək. Hərçənd,Marşal planını vaxtilə ikinci dünya müharibəsində qənimət kimi bölünmüş Almaniyanın xilası və qalib Stalininin yeni ərazilər ələ keçirmək istəyinin qarşısını almaq üçün tərtib etmişdilər.Amma o sənəd indi də işə yarayır.Parlament kreslolarının bir çoxunu itirməsinə və koalision ortaqlıq zərurətinə baxmayaraq,”dəmir ledi” federal kansler kimi alman NATO-sunu yarada bilər.Faktiki olaraq,Avropa Birliyinin taleyi daha çox Berlinin seçəcəyi strateji kursdan asılıdır.

“Politiken” nəşrində dünən maraqlı bir məqama diqət çəkiblər.Almaniya və Fransa dövlətlərinə hazırda rəhbərlik edən şəxslərin-Merkel və Makronun övladları yoxdur.Lakin alman liderini “mamoçka” deyə çağıranların sayı da az deyil.Təkcə bu sonsuzluq faktına görə “öz xalqları ilə evlənmiş”(ifadə kraliça Annaya məxsusdur) rəhbərləri ötən əsrin tarixi gedişini dəyişdirmiş dünyəvi liderlərə bənzətmək nə qədər doğrudur,bunu demək çox çətindir. Kim bilir,Lenin və Hitler bəşəriyyəti məhv edən siyasətlərini öz övladları üzərindən həyata keçirməkdə davam edərdilərmi?

Hər halda ideyalar uğrunda mübarizənin bitmədiyini Bundestaq uğrunda yarışda “Almaniya üçün alternativ” partiyasının gözlənilən qələbəsi faşizm və ya kommunizm qurmaq istəyənlərin yeni nəslinin meydana çıxdığını sübut etdi.Doğrudur,sensasiya saydıqları rəngli nəticənin səbəbini sadə bir sosial fenomendə görmək sanki heç kimin ağlına gəlmir-axı radikal millətçilərə səsini verəcəyini açıq demək hər respondentin işi deyil.

Deyək ki,Məqribdən gələn iki milyon köçkün Avropa Birliyinin rəsmi rəqəmlərinə görə 47 milyard avro vəsaitin itirilməsinə səbəb olub.Lakin düşərgələrə yerləşdirilmiş yadellilər ən aşağı əmək haqqı verilən işləri görməklə yerləşdikləri ölkələrin iqtisadiyyatına böyük töhfələrə verirlər axı.Maliyyə naziri Volfqanq Şoyble deyir ki,miqrantlara ayrılan vəsait vətəndaşların boğazından kəsilib tutulmur,çünki iqtisadiyyat mütəhərrikdir və özü yükü çəkib aparır.Lakin,antislam, aniköçkün şüarları ilə belə böyük tərəfdarlar ordusunu qazanmaq mümkün olmazdı.Tutaq ki,müsəlmanlar almanların dini,milli və vətəndaş hüquqlarına əngəl törədirlər,bəs 82 milyonluq bir xalqı mədəni və mənəvi halından çıxarmaq üçün kiçik bir əhali qruplarının ekspansiyası doğrudanmı,təhlükəli bir həddədir?

Ölkəni qara çadralıların və hicabın işğal etdiyini düşünənlərin menyüsünə:Avropanın əsas iqtisadi lokomotivini çəkib aparan alman qadınlarının təqaüd yaşı 67-dir.Tədricən,Yaponiyada olduğu kimi 70-ə yaxınlaşır.Əhalinin üçdə ikisi kirayə evlərdə yaşayır,elə həmin nisbətdə pensiyaçılar işləməyə məcburdular, çünki aylıq 1000 avro civarında olan mənzil haqlarını ödəmək üçün başqa dönərli gəlir mənbələri yoxdur.O üzdən doğum və ölüm arasındakı əmsal xeyli təhlükəli həddə çatmaqdadır. Üstəlik, bir sıra mühüm şirkətlər və istehsalçı korporasiyalar əsas diqqətlərini ucuz Asiya qitəsində qurduqları nəhəng zavodlara yönəldirlər,bu da işsizliyi bir qədər artırır. Nəticədə,Almaniyanın xarici borcu Amerikadan və Britaniyadan sonrakı yeri tutmaqla 6.7 trilyon avroya çatıb.Nəticə “xilaskar Angel”in əleyhinə 67 faiz səs verən bir tablonu meydana çıxarıb.

Bəs,Almaniya üçün alternativ nədir? Hər halda faşizm deyil.Çünki,ingilislərin ardınca Avropa Birliyindən çıxmaq,avrodan imtina etmək və Trampın miqrant qadağasını 7 müsəlman ölkəsindən başlamaqla böyük problemləri həll etmək mümkün olmayacaq.Ola bilsin,gəlirləri nisbətən aşağı olan əhali qrupları kənar axınlardan qorunmaq üçün ayrı yol tapmır. Burada “rus izi”ni axtarmağına da dəyməz.Hər yerdə Kremlin agentlərini görmək mərəzi görün,Amerikanı hansı vəziyyətə gətirib?Kiberhücumla Ağ Evin xozeynini təyin etmiş və 310 milyonluq bir xalqa rəhbər sırımış ruslar haqda nağıl az qala paranoyya səviyyəsinə çatıb.

Hər halda Putin Merkelə onun amerikalı siyasətçi həmkarıtək yanaşmadığını dəfələrlə sübut edib.Klintona münasibət hara, Ukrayna müharibəsini çiyinlərinə götürmüş kanslerin dəfələrlə çağırışına gedərək nifrət etdiyin Poroşenko ilə üzücü danışıqlara yollanmaq hara!Putini tatami üzərinə heç kəs belə rahatlıqla dəvət edə bilmir.

Almaniyadakı son mənzərəni sayı 6 milyona çatan rusdillilərin də ayağına yazmaq olmaz.Hər halda onlar Lenini yaxşı oxuyublar və bolşevik liderinin siyasi görüşlərini pis mənimsəməyiblər.Əgər Marskın vətənində millətçilik və faşizm tüğyan etməyə başlayarsa,çox keçməz “3-cü Romada” da xalq ayağa qalxacaq.Ona görə Jirinovski,Avstriyada York Hayderlə başlayan,Li Penlə davam edən dalğanın növbəti ünvanlara doğru irəliləyəciyini,AvroBirliyinin dağılacağını və yeni dini-milli toqquşmaların qaçılmaz olacağını deyərkən,tam da haqsız görünmür.

Berlində “faşist” dediklərinin başqa paytaxtlarda “demokrat” adlandırılması o qədər də təəccüblü deyil.İrqi üstünlüyünü elan etmək və sərhədlərini xilafətə bağlamaq dünyanı işğal etməkdən daha yaxşıdır. Elə Tramp da bunları eləyir-məgər onun Meksika xalqının qarşısında çəkmək istədiyi divar,Almaniyadakı “alternativ”dən fərqli bir şeydirmi?Əsla, yox.Elə isə yaşasın,fürer!

Badenverderli Münhauzen necə deyirdi?Bəli,edam mərasimləri tədricən bayrama çevrilir!

Zahid Oruc,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Azərbaycan ATƏT regionunda çətinlikləri aradan qaldırmaq yönündə ciddi əməkdaşlıq təcrübəsinə malikdir” – BAHAR MURADOVA – FOTO

Read Next

“Azərsu”nun şefinin oğlunun adı torpaq qalmaqalında – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir